DTX rəisi: Hazırda ölkəmiz sənaye inqilabı üzrə regional mərkəzə çevrilməkdədir
Siyasət

DTX rəisi: Hazırda ölkəmiz sənaye inqilabı üzrə regional mərkəzə çevrilməkdədir

Ölkəmizin həyatında mühüm hadisə olan bu tədbir Azərbaycanda ilk dəfə olaraq keçirilir. Ümidvaram ki, kiberhücumların simulyasiya edilməsi ilə yarış formatında keçiriləcək tədbir ölkəmizin qeyd olunan sahədə əldə etdiyi təcrübələri daha da təkmilləşdirməyə, tərəfdaş ölkələrlə kibertəhlükəsizlik sahəsində mövcud münasibətlərin inkişafına, gələcək əməkdaşlıq üçün yeni üfüqləri müəyyən etməyə yardımçı olacaq.

"Respublika" xəbər verir ki, bunu Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində keçirilən “Critical Infrastructure Defence Challenge 2023”in (CIDC-2023) açılışında DTX rəisi general-polkovnik Əli Nağıyev deyib.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə təsdiq etdiyi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın sonrakı illərdə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində hazırda ölkəmiz sənaye inqilabı üzrə regional mərkəzə çevrilməkdədir.

“Ölkəmizin elmi-texniki tərəqqisində mühüm rol oynayan informasiya-kommunikasiya texnologiyalarının dinamik inkişafı bu sahədə təhlükəsizlik risklərinin idarə edilməsini və informasiya infrastrukturlarının kibertəhdidlərə qarşı dayanıqlığının artırılmasını da labüd edir. Bu isə öz növbəsində təhlükəsizliyin təmin olunmasında yeni yanaşmalar tələb edir və informasiya təhlükəsizliyinin etibarlı təminatı baxımından dövlətlərin məsuliyyətini xeyli artırır. Təsadüfi deyil ki, kritik informasiya infrastrukturlarının kibermüdafiə qabiliyyətinin gücləndirilməsi müasir dövrün ciddi əhəmiyyət kəsb edən çağırışlarından və təhlükəsizlik cəhətdən vacib vəzifələrdən hesab olunur”- deyə Əli Nağıyev vurğulayıb.

Bildirilib ki, ölkə başçısının müvafiq Fərmanına uyğun olaraq, hazırda Milli Kibermərkəzin qurulması istiqamətində işlər həyata keçirilir: “Onu da qeyd edim ki, kritik informasiya infrastrukturlarının təhlükəsizliyinin təmin edilməsi, eləcə də kibertəhdidlərə qarşı mübarizə işinin təşkili yönümündə tərəfdaş ölkələrin xüsusi xidmət orqanları və kibertəhdidlərə qarşı mübarizə sahəsində qabaqcıl texnologiya şirkətləri ilə əməkdaşlıq genişləndirilir və bütün bunlar milli kiberməkanın müdafiə qabiliyyətinin artırılmasına, həmçinin qlobal kiberməkanda mövqeyimizin gücləndirilməsinə xidmət edir”.