Zəngilan Hava Limanı regionun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayacaq
Siyasət

Zəngilan Hava Limanı regionun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayacaq

Ümummilli lider Heydər Əliyevin respublikamıza ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrdə mühüm islahatların həyata keçirilməsinə başlandı. Müstəqilliyimizin bərpasından sonra təməli hələ 70-ci illərdə ulu öndər tərəfindən qoyulmuş milli mülki aviasiyamızın yenidən qurulması, müasir standartlar səviyyəsinə yüksəldilməsi vacib məsələlərdən biri olaraq qarşıya qoyuldu. 1996-cı ildə isə ölkəmizin milli aviasiya kompleksi köklü, əsaslı şəkildə dəyişdi, bu sahədə qlobal layihələr, proqramlar reallaşdırıldı. Ulu öndərin dövlət rəhbəri kimi bu sahəyə xüsusi qayğısı sayəsində 1996-2000-ci illərdə Azərbaycan hökuməti tərəfindən milli aviasiyamızın dünya standartlarına uyğunlaşdırılması, hava yollarının təhlükəsizliyinin və rahatlığının təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirildi.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin hava nəqliyyatı daha sürətli inkişaf dövrünə qədəm qoymuşdur. Belə ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən 2004-2008-ci illər Azərbaycan Hava Yolları Dövlət Konserni üçün əsl quruculuq dövrü olmuşdur. 1970-ci ildə tikilmiş Naxçıvan Hava Limanı 2004-cü ildə beynəlxalq hava limanı statusu almış, 2006-cı ildə ölkənin 2-ci şəhəri olan Gəncə hava limanı yenidən qurulmuş, 2009-cu ildə Zaqatala və Lənkəran hava limanları istifadəyə verilmiş, 2012-ci ildə Qəbələ beynəlxalq aeroportunun açılışı olmuşdur.

Geniş dünyagörüşə, yüksək intellektə sahib olan Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, iradəsi sayəsində 30 il işğal altında qalan torpaqlarımız İkinci Qarabağ müharibəsində işğaldan azad olundu. 44 günlük Vətən müharibəsində qalibiyyətdən sonra dövlət başçımızın rəhbərliyi ilə azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlandı. Dağıdılmış şəhər və kəndlərimizin yenidən qurulması, vətəndaşlarımızın doğma yurd yerlərinə dönməsi və bu yerlərdə onların rahat şəraitlə təmin olunması məqsədilə həyata keçirilən irimiqyaslı layihələrin icrası geniş vüsət aldı. Prezident İlham Əliyevin göstərişi ilə reallaşdırılan ən mühüm infrastruktur layihələrindən biri də işğaldan azad olunmuş Füzuli, Zəngilan və Laçın rayonlarında bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq beynəlxalq hava limanlarının tikintisinə başlanması oldu.

Torpaqlarımız işğaldan azad edildikdən sonra, 2021-ci ildə ölkə başçımız İlham Əliyev Füzuli şəhərində sayca 7-ci beynəlxalq hava limanının tikintisi barədə sərəncam imzalamış, gələcək hava limanının təməlqoyma mərasimi həmin il yanvar ayının 14-də baş tutmuşdur. Şəhərin işğalından əvvəl mövcud olan köhnə aeroportun yerində inşa olunmuş beynəlxalq hava limanının tikintisinə ölkə başçısının bölgəyə səfərindən dərhal sonra başlanılmış və qısa müddət ərzində istifadəyə verilmişdir. Tikintisində müasir texnologiyalardan istifadə edilmiş hava limanının layihəsinə aerovağzal binası, 3000x45 metr ölçüdə uçuş- enmə zolağı, peron, yönəldici yol, uçuş-enmə zolağının işıq siqnal sistemləri, transformator yarımstansiyalarının tikintisi və köməkçi binalar daxildir.

Ötən il oktyabr ayının 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi baş tutdu. Füzulidə hava limanının tikilməsi ölkənin bu bölgəsi ilə rahat və operativ əlaqənin saxlanılması, işğaldan azad edilən ərazilərin inkişafı, o cümlədən turizm imkanlarının artması üçün də əlverişli şərait yaradacaq, turistlərin daha sərfəli, qısa yolla birbaşa işğaldan azad edilən ərazilərimizə getməsinə, Şuşa və digər şəhərlərimizi ziyarət edə bilmələrinə imkan verəcək. Füzulidə beynəlxalq hava limanının açılması Azərbaycanın logistik imkanlarını genişləndirəcək ki, bu da bölgənin iqtisadi imkanlarının artırılması baxımından vacib amildir.

İşğaldan azad olunmuş ərazilərdə qısa müddətdə, yüksəkkeyfiyyətli, müasir tələblərə cavab verən ikinci hava limanının inşası Zəngilan rayonunda reallaşdı. 2021-ci il aprel ayının 26-da Zəngilan hava limanının təməlqoyma mərasimində iştirak edən ölkə başçısı bu limanın dövlətimizin gücünün, qüdrətinin və əbədi, əzəli torpaqlarımıza böyük qayıdışın bariz nümunəsi olduğunu qeyd edərək demişdir: "Azad edilmiş torpaqlarda ikinci hava limanının tikintisinə start verilibdir... Zəngilan rayonunun coğrafi yerləşməsi və burada olan imkanlar təbii ki, Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Təsadüfi deyil ki, hava limanı məhz Zəngilanda inşa ediləcək. Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki, Füzuli, Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və Şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək. Buradan dəmir yolu, avtomobil yolu keçəcək, Naxçıvana yol açılacaq. Əlbəttə ki, Zəngilanın gələcək uğurlu sosial-iqtisadi inkişafı üçün bu hava limanının böyük rolu olacaqdır".

Oktyabr ayının 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar. "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov dövlətimizin başçısına və birinci xanıma hava limanı barədə məlumat vermiş və bildirmişdir ki, Füzuli hava limanı ilə iqtisadi göstəriciləri demək olar ki, eyni olan Zəngilan hava limanının uzunluğu 3 min metr, eni 60 metrdir. Bütün növ təyyarələri qəbul etmək gücündə olan hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.

Uçuş-enmə zolağı 60 min kvadratmetrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişinlərə xidmət göstərəcək terminal, hava gəmilərinin idarə edilməsi üçün qüllə, transformator yarımstansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olan Zəngilan hava limanının tam avtomatlaşdırılmış hava hərəkətinə nəzarət və aviasiya rabitəsi sistemləri ilə təchiz olunduğunu deyən AZAL prezidenti Qarabağın nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynayacaq, Füzuli hava limanından sonra istifadəyə verilən bu hava limanının müasir standartlar əsasında inşa olunduğunu bildirərək demişdir: "Uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün ICAO-nun beynəlxalq tələblərinə uyğun olaraq İtaliyanın və Almaniyanın aparıcı istehsalçılarının müasir aeronaviqasiya dəstək sistemləri tətbiq edilib. Qısa müddətdə ILS/DME instrumental eniş sistemləri, VOR/DME marşrutu üzrə hava gəmisi naviqasiya vasitələri, avtomatlaşdırılmış aviasiya və meteoroloji müşahidə sistemləri, ilkin və ikinci dərəcəli radar sistemləri quraşdırılaraq istifadəyə verilib. Bütün sistemlər ICAO və Eurocontrol-un beynəlxalq aviasiya kataloqlarında qeydiyyatdan keçib".

Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi oldu. Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər. İşğaldan azad olunmuş ərazilərdə istifadəyə verilən, Zəngəzur dəhlizinə inteqrasiya olunacaq, eyni zamanda Şərq-Qərb nəqliyyat dəhlizinə birləşəcək beynəlxalq statuslu Zəngilan hava limanı nəinki rayonun, eyni zamanda bütün regionun beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsində əhəmiyyətli rol oynayacaq.

Üçüncü hava limanının Laçın rayonunda açılacağını bildirən Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanı barədə demişdir: "Hələ ki, inşaat işləri başlanmayıb. Hələ biz bir il o dağları kəsə-kəsə gedirik. İnşallah, iki ildən, bəlkə də iki il yarımdan sonra Laçında da hava limanı olacaq. İnşallah, Qardaşım da gələcək, bərabər açacağıq".

Bu gün Azərbaycanın hər yerində abadlıq-quruculuq işləri aparılır. Xalqın birliyindən, iradəsindən, dəstəyindən güc alan ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilər müasir, gözoxşayan yaşayış yerlərinə çevrilir. İkinci Qarabağ müharibəsini qələbə ilə başa vuran Azərbaycan dövləti indi bütün gücünü xalqın rifah halının yaxşılaşmasına, xoş güzəranına sərf edir. Bu məqsədlə ölkəmizdə ilk növbədə vaxtilə yurd yerlərindən didərgin düşmüş vətəndaşlarımızın doğma el-obalarına qayıtmaları istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Azad olunmuş ərazilərdə hərtərəfli inkişafı təmin etmək, yox olan şəhərləri bərpa etmək isə güclü, qüdrətli Azərbaycanın qarşıya qoyduğu ən vacib vəzifədir. Bu gün bu məqsədə çatmaq, düşmənin bağrını yarıb, dostu sevindirən Böyük Qayıdışın reallaşması isə vaxt, zaman tələb edir. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: "İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ikinci hava limanının açılışında iştirak etmək, ikinci hava limanını həqiqətən müasir dünyanın müşahidə etdiyi şəkildə ən müasir hava limanlarından biri olaraq açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyildir".

Bəli, xalq-iqtidar-ordu birliyi sayəsində 30 il ərzində düşmən əsarətində olan ərazilərini azad edən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu yerlər qısa müddətdə inkişaf etmiş, beynəlxalq aləmə inteqrasiya olunmuş mərkəzə çevriləcəkdir.

Mehparə ƏLİYEVA,

"Respublika".