100 yaşlı Firəngiz nənənin istəyi
Sosial həyat

100 yaşlı Firəngiz nənənin istəyi

Zəngilan

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin bölgələrində siyasi kampaniyanın ədalətli, azad və tam demokratik şəraitdə keçirilməsi üçün həllivacib olan bütün işlər görülür. İşğaldan azad edilən Zəngilan rayonunda 30 ildən sonra ilk dəfə olaraq yeni seçki məntəqələri formalaşıb.

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsində 63 seçki məntəqəsinin 35-i Zəngilan, 28-i isə Qubadlı rayonunun seçiciləri üçün nəzərdə tutulub. Əhalinin doğma yurduna qayıdışı, quruculuq işləri, rayonda yeni iş yerlərinin açılması ilə əlaqədar olaraq seçki məntəqələri yaradılıb. Seçki dairəsində səs verəcək 57 334 seçicinin ən yaşlısı olan Məstan Əsədovanın 114, Telli İsmayılovanın 111, Məmmədalı Mustafayevin, Nobat Vəliyevanın və Firəngiz Aslanovanın isə hər birinin 100 yaşı var.

Firəngiz Aslanova Zəngilan rayonu işğal olunan vaxtdan müvəqqəti olaraq Suraxanı rayonun Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi 127 saylı evdə yaşayır. Prezident seçkiləri ilə bağlı bildiriş alan Firəngiz nənə çox sevindiyini bildirdi. Qeyd etdi ki, ölkəmizin daha böyük inkişafı naminə bu seçkidə də iştirak etmək hər birimizin borcudu. Çünki ərazi bütövlüyünü bərpa edən ölkəmizin daha böyük tərəqqisi hər birimizdən asılıdır. Bunun üçün seçkilərdə aktiv olmalı və daha böyük inkişafımız naminə dəstəklədiyimiz namizədə səs verməliyik. Bunun üçün Firəngiz nənə 16 saylı seçki məntəqəsinin sədri Azər Niftəliyevdən seçki günü səyyar qutunun yaşadığı evə gətirilməsini xahiş edib. Bildirib ki, mən bu seçkidə də mütləq iştirak etmək üçün məntəqəyə gələrək səs vermək istəyirəm, ancaq səhhətimlə əlaqədar olaraq bir az çətinliyim var. Sizdən xahiş edirəm, bu arzumun da reallaşması üçün mənə şərait yaradasınız. Məntəqə sədri bildirib ki, nənənin xahişinə mütləq əməl olunacaq və indidən bunun üçün müvafiq tədbir görülüb.

Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsində 277 saylı uşaq bağçasının inzibati binasında yerləşən seçki məntəqəsinin sədri Azər Niftəliyev qeyd etdi ki, məntəqədə 1294 seçici səs verəcək. Qanunvericiliyə uyğun olaraq seçkilərin şəffaf, azad və ədalətli keçirilməsi üçün ölkəmizdə zəngin qanunvericilik bazası və böyük təcrübə var. Belə ki, beynəlxalq birlik tərəfindən də yüksək qiymətləndirilən Seçki Məcəlləsi, əlverişli demokratik mühit formalaşıb. Bir neçə seçki prosesində iştirak etdiyimə görə deyə bilərəm ki, indiyə qədər keçirilən seçkilər də bunu təsdiqləyir. Bütün seçkiləri izləyən beynəlxalq müşahidəçilər yekun rəylərində təsdiqləyiblər ki, seçkilər ölkənin Seçki Məcəlləsinə uyğun keçirilib. Ən əsası isə seçkilər demokratik əsaslarla təşkil edilib. Çünki ölkəmiz seçkidən seçkiyə təcrübəsini artırır və qanunvericilik bazasını daha da zənginləşdirir. Bunu Seçki Məcəlləsinə bu vaxta qədər 19 dəfə əlavə və dəyişikliyin edilməsi də təsdiqləyir.

Məntəqə seçki komissiyasının üzvləri seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması, ümumiyyətlə, seçki günü prosedurları barədə aydın və müfəssəl məlumatlandırılıblar. Onların hamısı MSK tərəfindən təşkil olunan treninqlərdə iştirak ediblər. Hər bir iştirakçıya Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş" kitabçası, eləcə də səsvermənin nəticələri haqqında protokol nümunəsi və digər zəruri metodiki vəsait, əyani materiallar da verilib.

Bir sözlə, seçkilərin şəffaf keçirilməsi üçün bütün imkanlardan istifadə olunacaq. Bununla da ölkəmiz demokratik seçki keçirməyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirəcək.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".