“Qoçaqlı
Region

“Qoçaqlı" tingçilik təsərrüfatı fəaliyyətini genişləndirir

Kənd təsərrüfatı üçün olduqca əlverişli təbii iqlim şəraitinə malik Xaçmaz həm də iri meyvəçilik rayonudur. Hazırda burada meyvə bağlarının ümumi sahəsi 24 min hektardan çoxdur. Min bir nemət yetirən bu torpaqda yetişən meyvələrin öz dadı, öz tamı var. Gilas, xurma, şaftalı, fındıq, alma, armud, ərik, gavalı, heyva, üzüm və sairə.

Xaçmazlı bağbanlar təsərrüfatlarında daha çox gilas meyvəsinə üstünlük verirlər. Xaçmaz gilası deyəndə ilk növbədə Qoçaqlı kəndinin adı ilə tanınan "Qoçaqlı" gilası yada düşür. Bu meyvə həm şirinliyi, həm də iriliyi ilə fərqlənir. Bu yerlərin şöhrəti olan Qoçaqlı gilasının nəinki respublikamızda, hətta xarici ölkələrdə də yüksək alıcılıq qabiliyyəti var. Uzun illər meyvəçiliklə məşğul olan bu kənddə bağçılıq mədəniyyəti yüksəkdir. Qoçaqlı fermerləri hər il bu gözəl nemətin istehsalını artırır, bağların məhsuldarlığını daha da yüksəldirlər. İndi burada bağçılıq intensiv yolla inkişaf edir. Bağların becərmə texnologiyası dəyişib. Suvarmada damcı üsulu tətbiq olunur. Odur ki, məhsul istehsalı ildən-ilə artır. "Qoçaqlı" kəndli fermer təsərrüfatının bu sahədəki işi daha uğurludur. Təsərrüfatın nümunəvi gilas bağları ilə bərabər, həm də geniş tingçilik sahələri vardır.

Təsərrüfatdayıq. Fermer Bədəl Həkimovla elə burada görüşürük. O, təsərrüfatda görülən işlər haqqında bir qədər ətraflı məlumat verərək bildirir ki, hazırda öhdəmizdə 20 hektar torpaq sahəsi vardır. Bunun 10 hektarı cavan gilas bağıdır. Öz inkişaf dövrünü başa vurmuş ağacları çıxararaq yeni bağla əvəz etmişik. Bu il yeni bağlardan nübar məhsul da dərmişik. 15 tondan çox gilas götürmüşük. İntensiv bağlarda əsasən xalq arasında Qoçaqlı sortları adlanan "Xrustal", "İsfahan", "Napoleon", "Krım", "Romanovka" gilas sortlarını əkmişik. Sahələrimizdə Türkiyədən alınmış gilas sortlarını da təcrübədən keçirmişik. Bu gilas sortları həm məhsuldarlığı, həm də ağacların tez bar verməsi ilə fərqlənir. Odur ki, cari ildə 5 hektarda bu gilas sortlarından ibarət tinglik sahəsi salmışıq. Daha 5 hektarda isə taxıl əkmişik.

"Qoçaqlı" fermer təsərrüfatının əsas fəaliyyət istiqamətlərindən biri də tingçilikdir. Tinglik ərazisini gəzirik. Fermer Bədəl Həkimov bildirir ki, bu il 50 min ədəd gilas tingi yetişdirmişik. Tinglərin alıcıları əsasən həm rayonumuzun, həm də bölgənin digər meyvəçilik təsərrüfatlarıdır. Onu da deyim ki, hər il müştərilərə yüksək keyfiyyətli, sağlam ting təklif edirik. Hazırda, gördüyünüz kimi, bağbanlarımız ting çıxarmaqla məşğuldur.

Bağban qeyd etdi ki, son illər bağçılıqda işlərimiz xeyli asanlaşıb. Bağlarda işləri görmək üçün hər cür texnikamız var. Əvvəlki vaxtlardan fərqli olaraq əl əməyindən az istifadə edirik. Lizinq yolu ilə aldığımız "YUTO" markalı universal traktor çox karımıza gəlir. Bu texnika vasitəsilə bütün aqrotexniki tədbirləri, hətta tinglərin çıxarılmasını da həyata keçiririk. Yeri gəlmişkən deyim ki, dövlət dəstəyindən lazımınca yararlanırıq. İntensiv bağlara görə kifayət qədər subsidiya alırıq. Bu qayğı və dəstəyə görə ölkə Prezidentinə fermerlərimiz adından öz dərin minnətdarlığımızı bildiririk.

Fermerin əlaqədar qurumlardan bir xahişi də oldu: subsidiyalar fermer kartına vaxtında köçürülsün. Bu, işlərimizin gərgin vaxtında bizə çox böyük kömək olardı.

Hazırda "Qoçaqlı" fermer təsərrüfatında ting çıxarılmaqla bərabər, həm də gələn ilin bol məhsulunun əsası qoyulur. Bağlarda aqrotexniki tədbirlər həyata keçirilir. Gübrə verilir, cərgə araları şumlanır, budama və digər qış-becərmə işləri görülür.

Ziyafəddin BAYRAMOV.