Türkiyənin kruiz turizmi inkişaf mərhələsində
Dünya xəbərləri

Türkiyənin kruiz turizmi inkişaf mərhələsində

Dünyanın sahilyanı ölkələri kruiz (gəmi turu) turizminin inkişafına böyük önəm verirlər. Okeana, dənizə çıxışı olan dövlətlər üçün bu tip marşrutlar, hazırda turizm sənayesinin əsas gəlir sahələrindəndir. Ona görə də bu gün dünyada dəniz nəqliyyatı inkişaf bumu yaşayır, kruiz donanması böyüyür, sərnişin gəmilərinin dizaynları yaxşılaşdırılır, rahatlığı artır, yeni dəniz və okean marşrutları müəyyənləşdirilir və inkişaf etdirilir . ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, İsveçrə, Skandinaviya ölkələri hazırda dünya turistlərini cəlb edən ən populyar kruiz səyahətləri həyata keçirirlər. Gəmi turizminə maraq göstərən turistlərin sayının durmadan artdığı və səyahətçilərin bundan zövq aldığı aydın məsələdir. Bu növ tətil, əyləncəni, mədəni istirahəti, dincəlməyi, bir çox şəhər və ya ölkəni tanımaq fürsətini birləşdirir. Mavi dənizi və parlaq günəşi yoldaş seçməklə turistlər dünya sahillərini, körfəzləri, adaları, limanları gəzir, gözəllikdən zövq alır, ölkələr, şəhərlər haqqında məlumat əldə edirlər.

Üç tərəfdən dənizlə əhatə olunmuş Türkiyə gözəl körfəzləri ilə kruiz turizmində nadir ölkələrdən biridir. Aralıq dənizi hövzəsində ən əhəmiyyətli dəniz turizmi destinasiyalarından biri olan Türkiyənin, Qara dəniz kimi çox əhəmiyyətli bir dənizi var. Ölkə həm geosiyasi baxımdan, həm də təmiz dənizləri ilə bənzərsiz üstünlüklərə malikdir. Türkiyədə kruiz tipli turlar kifayət qədər populyardır. Gün ərzində bir neçə dəfə yunan adalarına və yaxın bölgələrə səyahətə çıxan gəmilər, öz komfortu, yüksək servisi, personalının nəzakətli davranışı, yüksək zövqlə təşkil etdikləri şou proqramla turistlərə yaddan çıxmayan anlar bəxş edirlər.

Türkiyə limanları da hər gün dünyanın bir çox ölkələrindən gələn kruiz gəmilərinə evsahibliyi edir. 2021-ci ildə Türkiyəyə 78 kruiz gəmisi ilə 45 min 362 sərnişin gəlib. 2022-ci ildə 51 milyon 369 min turisti qəbul edən Türkiyə, 46,2 milyard dollar gəlir əldə edib. 2023-cü il üçün 60 milyon turist və 56 milyard dollar gəlir hədəfi ilə yola çıxan Türkiyə kruiz turizmi ilə buna töhfə vermək istəyir.

Dünyada qısa bir proqram çərçivəsində Avropa, Afrika və Asiya kimi üç qitəni gəzmək mümkün olmasa da, Türkiyə kruiz turizmində parlayan ulduzdur. Aralıq dənizi iqlim üstünlüyü, tarixi və mədəni dəyərləri ilə fərq yaradan Türkiyə bu il də ziyarətçiləri gözləyir. Bu ilin yanvar-iyun ayları arasında bu turizm növü baxımından mühüm mövqedə olan Türkiyənin limanlarına 200-dən çox gəmi gəlib. Kuşadasında 124, İstanbulda 50, Çeşmədə 20, Bodrumda 19, Antalyada səkkiz kruiz gəmisi lövbər salıb. Kuşadası 157 min 940 nəfərlə ən çox qonaq qəbul edən liman olub.

İlin ilk altı ayında Türkiyəyə ən çox turist Rusiyadan gəlib (ötən ilin müvafiq dövrünə nisbətən 110,12 faiz artım), Almaniya 20,75 faiz artımla ikinci, Bolqarıstan isə 11,64 faiz artımla üçüncü olub. Sonrakı yerlərdə Böyük Britaniya və İrandır.

Bu gəmilərdə 135 min 800 sərnişini qəbul edən Türkiyənin hədəfi bu ili 1,5 milyon ziyarətçi ilə bağlamaqdır. Zəngin turistlərin sıx şəkildə seçdiyi bu turizm iqtisadiyyatından Türkiyə də daha çox faydalanmağa başlayıb. Kruiz turistləri orta turistdən daha çox pul xərcləyirlər.

Asiya və Avropanın qovuşma nöqtəsi olan İstanbul "Galataport İstanbul limanı" ilə kruiz turizminin mərkəzi hesab edilir. Karaköydəki bu yenilənmiş tarixi estakada İstanbulu sürətlə genişlənən səyahət seqmenti olan kruiz turizmi üçün vacib bir qlobal məkan olaraq diqqət mərkəzinə çəkir. Keçən il 150-yə yaxın gəmi, 350.000 sərnişin və heyətə evsahibliyi edən Galataport İstanbul hər zövqə xitab edən bir sıra fərqli təcrübələri özündə birləşdirir. Kruiz turizminin yüksəlişini nümayiş etdirən İstanbul, bir çox kruiz xətti və fərqli tutumlu gəmilər tərəfindən ana liman kimi seçilib. Ana liman sayılan Galataport İstanbul, Aralıq dənizi hövzəsindən Qara dənizə qədər geniş bir ərazidə kruiz turizminə böyük təkan, bölgənin və ölkənin turizm və iqtisadiyyatına isə əhəmiyyətli töhfə verir. Dünyada oxşar layihələrə ilham verən Galataport İstanbul, kruiz turistlərinə rahat və qüsursuz səyahət təcrübəsi vəd edən 29.000 kvadratmetrlik yeraltı kruiz terminalına malikdir. Red Dot Design mükafatına layiq görülmüş bu yeraltı kruiz terminalı, özündə müasir və mədəni irsi birləşdirən dizaynı ilə hər kəsi heyran edir. Karaköy məhəlləsində yerləşən Galataport İstanbul, Ayasofya Məscidi, Sultanahmet Məscidi, Topkapı Sarayı və Yerebatan Sarnıcı kimi məşhur tikililərin yerləşdiyi tarixi yarımadaya piyada gedilə biləcək qədər yaxın məsafədədir. Kapalı Çarşı, Mısır Çarşısı, Galata Qülləsi, Taksim və Dolmabahçe də limana yaxın məsafədə yerləşir.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.