DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞANIN PAKİSTANIN YENI BAŞ NAZIRI ILƏ TELEFON DANIŞIĞI BAŞ TUTUB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın yeni baş naziri Şahbaz Şərif arasında telefon danışığı baş tutub. Bu barədə “Report” agentliyi Türkiyə mətbuatına istinadən xəbər verib. Məlumata əsasən, Türkiyə dövlət başçısı Şahbaz Şərifi Pakistanın yeni baş naziri seçilməsi münasibətilə təbrik edib.

Eyni zamanda, seçki nəticələrinin dost və qardaş ölkənin xalqı üçün faydalı olmasını arzulayan Ərdoğan Türkiyənin köklü tarix, dostluq və qardaşlıq əlaqələri ilə bağlı olduğu Pakistanda baş verənləri yaxından izlədiklərini, üzləşdiyi bütün çətinliklərə və maneələrə baxmayaraq, Pakistan xalqının demokratiya və qanunun aliliyindən əl çəkmədiyini qeyd edib.

Bununla yanaşı, Rəcəb Tayyib Ərdoğan Türkiyənin indiyə qədər olduğu kimi, bundan sonra da Pakistana hər cür dəstəyi verəcəyini vurğulayıb.

Qeyd edək ki, Şahbaz Şərif aprelin 11-də Pakistanın yeni baş naziri seçilib. O, hökumət başçısı vəzifəsinə yeganə namizəd olub. Ş.Şərifin lehinə 174 deputat səs verib. Şahbaz Şərif baş nazir vəzifəsində İmran Xanı əvəzləyib.

 

NATO: UKRAYNADA MÜHARİBƏNİN İKİNCİ MƏRHƏLƏSİ QAÇILMAZDIR

Ukraynada mövcud vəziyyət müharibənin daha qanlı olacaq ikinci mərhələsinin tezliklə başlayacağına işarə edir. “APA”nın verdiyi xəbərə görə, bu barədə NATO baş katibinin müavini Mirça Coane Rumıniyanın “Digi24” telekanalına müsahibəsində bəyan edib.

“Biz daha çətin, birinci mərhələdən xarakter etibarilə fərqlənən, cənubda Krım və Mariupoldan tutmuş şərqdə Donbasa qədər daha geniş əraziləri əhatə edəcək mərhələyə qədəm qoyuruq”, - deyə  NATO rəsmisi vurğulayıb.

Bununla yanaşı, Mirça Coane qarşıdurmanın uzunmüddətli olmayacağına ümidini ifadə etsə də, belə ehtimalların az olduğunu, dinc sakinlər arasında ciddi itkilərin qaçılmazlığını diqqətə çatdırıb.

 

ÜST: “OMİKRON” ŞTAMMININ XE VARİANTI DAHA YOLUXUCUDUR

“Omikron BA.1-BA.2" ştammının “XE” rekombinatı yayılma sürəti BA.2 (“Stels-omikron”) ilə müqayisədə, təqribən, 10 faiz daha çoxdur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç “Report” agentliyinə bildirib ki, bu qiymətləndirmələr məhdud ilkin məlumatlara əsaslanır.

“XE rekombinatı “omikron” variantının hissəsi kimi izlənilir. İlk dəfə yanvarın 19-da Birləşmiş Krallıqda aşkarlanmış bu rekombinata yüzlərlə yoluxma təsdiq olunub”, - deyə ÜST rəsmisi vurğulayıb.

Tarik Yazareviçin sözlərinə görə, hazırda ÜST tərəfindən “COVID-19”un bütün yeni rekombinat variantları izlənilir.

Eyni zamanda, rekombinant XD-yə (Delta-Omikron) gəlincə, T.Yazareviç onun “nəzarət altında olan variant” kimi izlənildiyini, mövcud məlumatların onun daha yoluxucu olmasına dəlalət etmədiyini və hazırda yayılmasının məhdud olduğunu vurğulayıb.

 

DÜNYA ÜZRƏ ELEKTRİK AVTOMOBİLLƏRİNİN SATIŞI İKİ DƏFƏ ARTIB

Dünyada 2021-ci ildə 4,6 milyon elektromobil satılıb ki, bu da 2020-ci illə müqayisədə təxminən iki dəfə çoxdur. “Trend” agentliyinin məlumatına görə, bu barədə Yaponiyanın “Nikkei” nəşri yazıb.

Verilən xəbərə əsasən, elektrik avtomobillərinin satışı ən çox Avropa ölkələri və Çinin payına düşür.

Təkcə Çində ötən il 2,9 milyondan çox elektromobil satılıb. Bu, 2020-ci illə müqayisədə 2,6 dəfə çoxdur.

Eyni zamanda, 2021-ci ildə dünyada hibrid avtomobillərin satışı 35 faiz artaraq 3,1 milyona çatıb.

 

ZELENSKİ ALMANİYA PREZİDENTİNİ QƏBUL ETMƏKDƏN İMTİNA EDİB

Ukrayna prezidenti Volodimir Zelenski Almaniya prezidenti Frank-Valter Ştaynmayeri Kiyevdə qəbul etməkdən imtina edib. “APA”nın verdiyi xəbərə görə, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə əsasən, Zelenski bu addımını Ştaynmayerin Rusiyanın hakim dairələri ilə sıx əlaqədə olması ilə əsaslandırıb.

Almaniya prezidenti artıq Zelenskinin onu qəbul etməkdən imtina etdiyini təsdiqləyib. O bildirib ki, polşalı həmkarı Andjey Duda ona Avropanın Ukrayna ilə güclü həmrəyliyinin nümayişi üçün Litva, Latviya və Estoniya prezidentləri ilə birlikdə Kiyevə səfər etməyi təklif edib. Lakin rəsmi Kiyev onun Rusiya ilə yaxın əlaqələrinin olmasını əsas gətirərək paytaxta səfərini istəməyib.

Xatırladaq ki, Almaniya prezidenti Frank-Valter Ştaymayer ötən həftə XİN başçısı olduğu dövrdə Rusiyaya qarşı yanlış siyasət yürütdüyünü diqqətə çatdırmışdı.

 

ŞRİ-LANKADA XARİCİ ÖHDƏLİKLƏRLƏ ƏLAQƏDAR DEFOLT ELAN OLUNUB

Şri-Lanka Maliyyə Nazirliyi ölkənin xarici borc öhdəliklərinin ödənilməsinin dayandırılmasını açıqlayıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə nazirliyin qərarında bildirilir.

Qeyd olunur ki, Şri-Lankanın xarici bazarlarda buraxılmış bütün istiqrazları, ikitərəfli kredit öhdəlikləri barədə defolt elan olunub.

Həmçinin kommersiya bankları və digər kredit təşkilatları ilə xarici valyutada qeydə alınmış kredit sazişləri üzrə bütün ödənişlər dayandırılıb.

Xatırladaq ki, Şri-Lankada mart ayında inflyasiya artımı 17 faiz təşkil edib. Ölkədə davam edən iqtisadi böhranla mübarizə üçün yeni borcların alınmasına ölkənin mövcud 35 milyard dollarlıq xarici borcu mane olur.

 

MACARISTAN RUSİYA QAZININ PULUNU RUBLLA ÖDƏYƏCƏK

Macarıstan Rusiya qazının pulunu rubulla ödəyəcək. “APA”nın məlumatına görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto açıqlama verib.

“Bizim heç bir sanksiyaları pozmayan, eyni zamanda Macarıstana qaz tədarükünü təmin etməyi planlaşdırdığımız bir həll yolu mövcuddur”, - deyə nazir bildirib.

Məlumata əsasən, Macarıstanın “MVM” enerji qrupunun törəmə şirkəti olan “CEE Energy” hesabı avro ilə ödəyəcək. “Qazprombank” isə öz növbəsində alınan vəsaiti rubla çevirərək “Qazprom eksport”a köçürəcək.

Bununla yanaşı, Peter Siyarto Macarıstanın Rusiya neft və qazından asılı olduğunu vurğulayıb.

Qeyd edək ki, bir neçə gün bundan öncə Macarıstanın baş naziri Viktor Orban da ölkəsinin Rusiya qazının pulunu rublla ödəməyə hazır olduğunu bəyan etmişdi.

 

UKRAYNANIN NƏQLİYYAT SEKTORUNA DƏYƏN ZİYAN AÇIQLANIB

Ukraynada müharibə getdiyi bir ay müddətində ölkənin nəqliyyat və infrastruktur sektoruna 36 milyard dollar məbləğində ziyan dəyib. “Report”un verdiyi xəbərə görə, bunu ölkənin infrastruktur naziri Aleksandr Kubrakov bildirib.

Nazirin sözlərinə görə, əsas problem dağılmış körpülərdir. Belə ki, bütövlükdə 300-dək avtomobil və dəmir yolu körpüsü dağıdılıb və ya zədələnib. O deyib: “İndiyədək avtomobil və dəmir yollarının 30-40 faizi dağıdılıb, 12 hava limanı yararsız vəziyyətə salınıb”.

Ukraynalı nazir Avropa İttifaqının onlara sadələşdirilmiş şərtlərlə vəsait ayırmağa zəmanət verdiyini də bildirib. “Sanksiyalar nəticəsində Rusiyanın dondurulmuş vəsaitlərinin bizə yönəldilməsi məsələsi də müzakirə olunur. Həmçinin Ukraynanın bərpası üçün ayrıca fond təsis edilə bilər”, - deyə nazir vurğulayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.