DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

COZEF BAYDEN NATO-YA YENİ ÜZVLƏRİN QOŞULMASI MƏSƏLƏSİNƏ TOXUNUB

“Son illər sual olunurdu ki, NATO effektivdirmi? NATO sübut etdi ki, o əvəzolunmaz alyansdır və həmişəkindən daha vacibdir”. “APA”nın verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Cozef Bayden NATO-ya üzv olmaq üçün müraciət edən Finlandiya və İsveç liderləri ilə Vaşinqtonda birgə mətbuat konfransında bəyan edib.

“İsveç və Finlandiya müxtəlif məsələlərdə yaxın tərəfdaşlarımızdır. Bu ölkələrin Silahlı Qüvvələri İraq, Əfqanıstan və Kosovada ABŞ və NATO ilə çiyin-çiyinə olub. Bu ölkələrin güclü demokratiyası, şəffaf iqtisadiyyatı və ən əsası isə mənəvi yanaşması var. Biz bu gün görüşdə həm üzvlük, həm Ukraynadakı vəziyyəti, həm də sərhəddəki təhlükəsizlik durumunu müzakirə etdik”, - deyə Cozef Bayden vurğulayıb.

Eyni zamanda, ABŞ lideri bəyan edib ki, NATO-nun qapısı açıq olaraq qalmaqdadır. Onun sözlərinə görə, NATO-ya yeni üzvlərin qoşulması heç kim üçün təhdid deyil. Bayden həmçinin əlavə edib ki, alyans müdafiə xarakterlidir və öz üzvlərini qoruyur.

Cozef Bayden deyib: “NATO-ya qoşulmaq məcburi deyil. Bu, bir seçimdir, bu, demokratiyadır və iki ölkənin xalqları da bu seçimi dəstəklədi”.

 

BELARUSDA TERRORA CƏHD EDƏNLƏR ÖLÜM CƏZASINA MƏHKUM EDİLƏCƏK

Belarus prezidenti Aleksandr Lukaşenko terrora cəhd edənlərin ölüm cəzasına məhkum edilməsini nəzərdə tutan qanuna dəyişikliyi təsdiqləyib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Cinayət Məcəlləsinə edilən dəyişiklikdə beynəlxalq iğtişaş və ya müharibə yaratmaq məqsədilə xarici dövlət və ya beynəlxalq təşkilatın nümayəndəsini öldürməyə cəhdə hazırlaşanların edamla cəzalandırılması nəzərdə tutulub.

Bununla yanaşı, radioaktiv və ya nüvə materiallarından, kimyəvi və ya bioloji maddələrdən istifadə etməklə beynəlxalq terror aktı törədən və ya terror aktına cəhd etməyə hazırlaşanlar da ölüm cəzasına məhkum edilə bilər.

Eyni zamanda, hakimiyyətin qərar qəbuletmə prosesinə təsir göstərmək və ictimaiyyəti qorxutmaq məqsədilə dövlət və ya ictimai xadimləri öldürməyə cəhd edənlər üçün də ölüm cəzası kəsiləcək.

Belarus Cinayət Məcəlləsinə edilən dəyişiklik rəsmi olaraq dərc edildikdən 10 gün sonra qüvvəyə minəcək.

 

FİNLANDİYA VƏ İSVEÇ TEZLİKLƏ NATO-YA QƏBUL OLUNA BİLƏRLƏR

“NATO üzvləri İsveç və Finlandiyanın alyansa qəbul edilməsi prosesini sürətləndirməyin yollarını axtarırlar, ümid edirik ki, bu bir neçə ay ərzində baş verəcək”. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu “Sky News” telekanalına müsahibəsində ABŞ NATO-dakı daimi nümayəndəsi Culiann Smit bəyan edib.

“İdeal olaraq, düşünürəm ki, biz bu prosesin bir neçə ay ərzində tamamlanmasını istərdik. Bu, bizim məqsədimizdir”, - deyə ABŞ rəsmisi vurğulayıb.

Bununla yanaşı, Culiann Smitin sözlərinə görə, son həftələrdə NATO müttəfiqləri sözügedən ölkələrin alyansa qəbul edilməsi prosesini qısaltmaq yollarını axtarırlar. O qeyd edib ki, bəzi hallarda NATO-ya qəbul edilmə prosesi təxminən bir il çəkə bilər, lakin Ukraynadakı vəziyyətə görə “bütün müttəfiqlər bu prosesin sürətləndirilməsi ilə razılaşır”.

Culiann Smit həmçinin əlavə edib ki, NATO Türkiyənin İsveç və Finlandiyanın alyansa qoşulması ilə bağlı şübhələrinə ciddi yanaşır, lakin müttəfiqlərin konsensusa gələ biləcəyinə inanır.

 

İTALİYADA “MEYMUN ÇİÇƏYİ” XƏSTƏLİYİNƏ İLK YOLUXMA QEYDƏ ALINIB

İtaliyada “meymun çiçəyi” xəstəliyinə ilk yoluxma faktı aşkar edilib. “Trend” agentliyinin məlumatına görə, bu barədə ölkənin İnfeksion Xəstəliklər Milli İnstitutu bildirib.

Məlumata əsasən, virus bir müddət öncə Kanar adalarından səfərdən qayıtmış şəxsdə aşkarlanıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Bundan başqa, daha iki nəfərdə “meymun çiçəyi”nə yoluxma şübhəsi araşdırılır.

Qeyd olunur ki, son həftələrdə “meymun çiçəyi” virusu Avropanın bir neçə ölkəsində aşkar edilib. İspaniya və Portuqaliyada ümumilikdə 40-dan çox şəxs bu virusa yoluxub. Bundan başqa, yoluxmalar Böyük Britaniya və ABŞ-da da müəyyən edilib.

Alimlərin açıqlamasına əsasən, “meymun çiçəyi” qızdırma və səpkilərlə müşayiət olunan nadir infeksion xəstəlikdir.

 

RUSİYA “S-500” ZENİT-RAKET KOMPLEKSLƏRİNİ SİLAHLANMAYA DAXİL EDİB

“S-500” zenit-raket müdafiə sistemləri artıq Rusiya ordusunun sərəncamına daxil edilməyə başlayıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya baş nazirinin müavini Yuri Borisov bildirib.

“Bu gün hava hücumundan müdafiə və raketdən müdafiə funksiyalarını birləşdirən komplekslər artıq xidmətə daxil olmağa başlayıb, bunlar “S-500” sistemləridir”, - deyə baş nazirin müavini vurğulayıb.

Baş nazirin müavininin sözlərinə görə, Rusiya silahlarının əsas alıcıları Hindistan, Çin, Misir, Əlcəzair və dünyanın digər ölkələridir.

Yuri Borisov qeyd edib ki, Rusiya dünya silah bazarında təxminən 20 faizlik paya sahibdir, ümumi sifariş portfeli isə təxminən 50 milyard dollardır.

“Birinci yeri dünya silah bazarının ümumi payının 39 faizi ilə ABŞ tutur, silahlanmaya xərclədiyimiz büdcə bir neçə dəfə az olmasına baxmayaraq Rusiya davamlı olaraq təxminən 20 faizlik paya sahibdir və bununla 11 faizlik paya sahib Fransanı uzun illərdir qabaqlayır”, - deyə Yuri Borisov bildirib.

 

132 NƏFƏRİN HƏYATINA SON QOYAN TƏYYARƏ QƏZASI QƏSDƏN TÖRƏDİLİB?

ABŞ mətbuatının yazdığına görə, mart ayında “China Eastern Airlines” şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı hesabatlar qəzanın qəsdən törədildiyini göstərir. “Teleqraf.com”un verdiyi xəbərə görə, ABŞ rəsmilərinin ilkin qiymətləndirmələrinə əsaslanan hesabatlar çərçivəsində müstəntiqlərin indiyədək təyyarədə heç bir mexaniki və texniki nasazlıq aşkar etmədikləri bildirilib.

Qeyd edək ki, “Boeing 737-800” təyyarəsi Çinin cənubundakı Kunminq və Quançjou şəhərləri arasında uçarkən qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarədə olan 132 sərnişin və ekipaj üzvlərinin hamısı həlak olub. Hadisədən sonra “The Wall Street Journal” nəşri təyyarənin uçuş səviyyəsinin qəsdən endirildiyini iddia edib. Nəşr həmçinin bununla bağlı əmrin kənardan verildiyini yazıb.

Bununla yanaşı, qəza yerindən çıxarılan uçuş registratorlarından birindən əldə edilən məlumatlar təyyarənin demək olar ki, şaquli eniş vəziyyətinə gətirildiyini göstərib.

 

GÜRCÜSTAN MƏKTƏBLƏRİNDƏ ŞAHMAT MƏCBURİ TƏDRİS EDİLƏCƏK

Gürcüstanda növbəti - 2022-2023-cü tədris ilindən etibarən şahmat məcburi fənn kimi tədris olunacaq. “Report” agentliyinin yerli bürosu xəbər verib ki, bu barədə qərarı ölkənin təhsil və elm naziri Mixeil Çxenkeli qəbul edib.

Qərara əsasən, şagirdlər şahmatı I sinifdə öyrənəcəklər. İntellektual idman növünün orta təhsil müəssisələrində tədrisi üçün Gürcüstanın Milli Şahmat Federasiyası ilə birgə hazırlıq işləri aparılır.

Eyni zamanda, qərarda qeyd olunub ki, şahmat təhsil alanların diqqət, konsentrasiya, yaddaş, təhlil, məntiq, qərar qəbulu, məkanda səmtləşmə kimi bacarıqlarını yaxşılaşdırır.

Məlumata əsasən, şahmatın təhsil sistemintdə tətbiqi Avropa İttifaqının 2012-ci ildə qəbul etdiyi bəyannamədə nəzərdə tutulub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.