DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSRAİL QƏZZA SAKİNLƏRİNİN TƏXLİYYƏSİ ÜÇÜN XƏRİTƏ TƏQDİM EDİB

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında sakinlərin təxliyəsi üçün xəritə təqdim edib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə İsrail Müdafiə Qüvvələri “X” sosial media hesabında məlumat paylaşıb.

Eyni zamanda, bildirilir ki, sakinlərin ərazidən təhlükəsiz təxliyəsi üçün xəritədə Qəzza zolağının məhəllə və rayonlar üzrə bölgüsü əks olunub.

Açıqlamaya əsasən, İsrail Müdafiə Qüvvələri Qəzza sakinlərini İsrail hərbçilərinin göstərişlərinə riayət etməyə çağırıb.

Məlumat üçün qeyd edək ki, İsraillə HƏMAS qruplaşması arasında 24 noyabrdan müvəqqəti atəşkəs elan edilmişdi. Dekabrın 1-də İsrail Müdafiə Qüvvələri Qəzza zolağında hərbi əməliyyatlara yenidən başlayıb.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin məlumatına görə, HƏMAS atəşkəs müddətində girovların azad edilməsinə dair şərtlərə riayət etməyib və İsrail ərazisinə raketlərlə atəş açıb.

ZELENSKİ: HAZIRKI VƏZİYYƏTDƏ SEÇKİLƏRİN KEÇİRİLMƏSİ QEYRİ-MÜMKÜNDÜR

Volodimir Zelenski Ukraynada prezident seçkilərinin keçirilməsinə hazır olduğunu bildirib. “Report” agentliyinin verdiyi xəbərə görə, dövlət başçısı bunu “Assoşieyted Press” agentliyinə müsahibəsində bəyan edib.

Ukrayna prezidenti xatırladıb ki, 2024-cü il üçün nəzərdə tutulmuş seçkilər ləğv olunub: “Döyüşlər bunu qeyri-mümkün edib. Ukraynalıların əksəriyyəti düşünür ki, belə şəraitdə səsvermənin keçirilməsi təhlükəli və mənasızdır”.

Eyni zamanda, Volodimir Zelenskinin sözlərinə görə, hazırda onun işi olduqca çətindir: “Lakin indiki vəziyyətdə postumu tərk etməyim ədalətsizlik və yanlış olar”.

Məlumat üçün qeyd edək ki, Ali Rada noyabrın 30-da gələn il Ukraynada prezident seçkilərinin keçirilməyəcəyini təsdiq edib.

QAZAXISTAN FRANSADAN QIRICI TƏYYARƏLƏRİN ALINMASINI TƏKZİB EDİB

Qazaxıstan Müdafiə Nazirliyi ölkə hakimiyyətinin Fransa istehsalı olan “Rafale” qırıcı təyyarələrinin alınmasını müzakirə etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. Bu barədə “Teleqraf.com”un məlumatında qeyd olunur.

Bununla yanaşı, nazirlik fransız döyüş təyyarələrinin alınması ilə bağlı heç bir danışıqların aparılmadığını vurğulayıb.

Eyni zamanda, Qazaxıstanın Müdafiə Nazirliyi hazırkı mərhələdə “Su-30SM” təyyarələrinə diqqətin yönəldilməsi barədə qərar verildiyi bildirilib.

Qeyd edək ki, noyabrın əvvəlində “La Tribune” nəşri Qazaxıstan və Özbəkistanın Fransanın “Rafale” qırıcıları ilə maraqlandığını və təyyarələrin tədarükü ilə bağlı mümkün müzakirələrin aparıldığı haqda xəbər yayıb.

Nəşrin iddiasına görə, hərbi təyyarələrin tədarükü Fransa prezidenti Emmanuel Makronun noyabrın əvvəlində Astana və Daşkəndə səfəri zamanı müzakirə mövzularından biri olub.

DÜNYADA MİLYARDERLƏRİN SAYINDA ARTIM MÜŞAHİDƏ OLUNUR

Dünyada milyarderlərin sayı 2022-2023-cü illər arasında 7 faiz artaraq 2376-dan 2542 nəfərə, sərvətləri isə 9 faiz artaraq 11 trilyon dollardan 12 trilyon dollara yüksəlib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə İsveçrənin “UBS” bankının saytında “Milyarderlərin 2023-cü il üçün ambisiyaları” adı ilə dərc olunan hesabatda qeyd olunur.

Hesabata əsasən, innovativ texnologiya və səhiyyə şirkətləri olan milyarderlər son 10 ildə ən çox sərvətə sahib olsalar da, sənaye şirkətləri olan milyarderlərin sərvətində 15 faiz yaxşılaşmanın əlamətləri müşahidə olunur. “Bu, çox güman ki, bir neçə ölkədə enerji keçidi və artan müdafiə xərcləri fonunda davam edəcək”, - deyə hesabatda vurğulanır.

Eyni zamanda, məlum olub ki, ötən il sərvət toplayan milyarderlərin əksəriyyəti bunu sahibkarlıq yolu ilə deyil, miras yolu ilə əldə ediblər. Hesabatda deyilir: “Bu, növbəti 20 ildə daha çox qarşılaşa biləcəyimiz mövzudur, çünki mindən çox milyarder öz övladlarına təqribən 5,2 trilyon ABŞ dolları sərvət qoyacaqlar”.

YER KÜRƏSİNİN FIRLANMA SÜRƏTİ TƏDRİCƏN AZALIR: SUTKA 25 SAAT OLACAQ

Yer kürəsinin fırlanma sürəti tədricən azalır və təxminən 200 milyon il sonra bir günün uzunluğu 25 saat olacaq. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Almaniyanın Münxen Texniki Universiteti məlumat yayıb.

Qeyd edilir ki, Yerin fırlanma sürətinin tədricən yavaşladığı alimlərə çoxdan məlumdur. Mütəxəssislərin açıqlamasına görə, dinozavrlar dövründə (200 milyon il əvvəl) gün 23 saat, 1,4 milyard il əvvəl isə 18 saat 41 dəqiqə davam edib.

Məlumata əsasən, Münxen Universitetinin tədqiqatçıları Yerin fırlanmasını dəqiq ölçmək və fırlanma sürətindəki dəyişikliyin dinamikasını izləmək üçün uzun müddətdir araşdırma aparırlar.

“Fırlanma dinamikasını anlamaq təkcə astronomiya üçün deyil, həm də dəqiq iqlim modelləri yaratmaq və El Nino kimi hava hadisələrini daha yaxşı anlamaq üçün böyük ehtiyacımız olan bir məsələdir. Məlumatlar nə qədər dəqiq olarsa, proqnozlar da bir o qədər dəqiq olacaq”, -  deyə tədqiqat layihəsinin rəhbəri Ulrix Şrayber vurğulayıb.

Qeyd edilir ki, Yerin fırlanması “Koriolis effekti” adlanan vasitə ilə iqlimə və havaya birbaşa təsir göstərir. Bu, xüsusən də, hava və su kütlələrinin inertial hərəkətində, siklonlar, küləklər, okean axınları və digər təbii hadisələrdə özünü göstərir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.