İDMAN: Daim zirvələrdə
İdman

İDMAN: Daim zirvələrdə

Millimiz tarixi uğura imza atıb

Yunan-Roma güləşi üzrə millimiz Bolqarıstanın paytaxtı Sofiyada keçirilən U-20 dünya çempionatında tarixi uğura imza atıb.

Dünya çempionatında iştirak edən 8 idmançımızdan 5-i fəxri kürsüyə qalxıb. Nihad Quluzadə (55 kq), Kənan Abdullazadə (67 kq) və Qurban Qurbanov (72 kq) dünya çempionu olub. Nihat Məmmədli (60 kq) ilə Laçın Vəliyev (82 kq) isə bürünc medal qazanıblar. 3 qızıl və 2 bürünc medal əldə edən millimiz 119 xalla ümumi hesabda ikinci pillədə qərarlaşıb.

Millimiz həm medalların əyarına, həm də sayına görə son 8 ilin ən yaxşı nəticəsinə imza atıb. Qeyd edək ki, 119 xal bu yaş qrupu üzrə dünya çempionatlarında yunan-Roma güləşi üzrə yığmamız üçün yeni rekorddur.

 

Tallində yarışların ilk günündə taekvondoçularımız 9 medal qazanıb

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə klublararası Avropa çempionatına start verilib. Beş gün davam edəcək yarışın startı Azərbaycan komandaları üçün uğurlu olub.

İdmançılarımız müxtəlif klubların heyətində 2-si qızıl, 3-ü gümüş və 4-ü bürünc olmaqla ümumilikdə 9 medal əldə ediblər.

"Ümid"in yetirmələri 4 dəfə fəxri kürsüyə yüksəlib. Bütün rəqiblərinə qalib gələn Sabir Məmmədli (27 kq) qızıl medala yiyələnib. Yalnız finalda məğlub olan Coşqun Məmmədzadə (33 kq) ikinci yeri tutub. Rasim Qarayevlə (27 kq) Kənan Balayev (30 kq) bürünc medalla kifayətləniblər.

"Gədəbəy" İdman Klubunun taekvondoçusu Həsən Süleymanov (44 kq) da çempion tituluna sahib olub.

"Fortis"dən Mehman Qənbərov (27 kq) da adını mükafatçılar sırasına yazdırıb. O, bürünc medal qazanıb.

"Alov"un iki taekvondoçusu da Azərbaycan bayrağını yüksəldib. Əli Hüseynli (44 kq) 2-ci, İsa Hüseynli (40 kq) 3-cü yeri tutub.

Ölkəmizin aktivinə günün 9-cu medalını isə Vüqar Kərimov (68 kq) yazdırıb. O, veteranlar arasında baş tutan Avropa çempionatını ikinci pillədə başa vurub.

 

İdman gimnastlarımız Avropa çempionatında çıxışlarını başa vurublar

Almaniyanın Münhen şəhərində qarışıq idman növləri üzrə Avropa çempionatı başa çatıb. İdman gimnastikası üzrə keçirilən yarışlarda ölkəmizi 4 qadın və 8 kişi idmançı təmsil edib.

Komandamızın üzvlərindən ən yaxşı nəticəni kişi idman gimnastikası üzrə təmsilçilərimiz Nikita Simonov və İvan Tixonov göstəriblər.

Nikita Simonov halqalar ilə hərəkətlərdə, İvan Tixonov isə dayaqlı tullanmada uğurla çıxış edərək final mərhələsinə adlayıblar. Həlledici mərhələdə hər iki idmançımız 6-cı pillədə qərarlaşıb.

Qadınlar arasında ən yaxşı nəticəni Nazənin Teymurova göstərib. Gimnastımız dayaqlı tullanma üzrə hərəkətlərdə uğurla çıxış edərək Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq qadın idman gimnastikası üzrə gənclər yaş kateqoriyasında finala vəsiqə qazanıb. Final mərhələsinin yekununa əsasən idmançımız qitə çempionatını 5-ci pillədə başa vurub.

 

Karateçimiz dünya reytinqində birinci pilləyə yüksəlib

Karate üzrə yığma komandanın üzvü Əzim Rahib (+70 kq) yeniyetmələr arasında dünya reytinqində birinci pilləyə yüksəlib.

2022-ci ildə Çexiyada keçirilən Avropa çempionatında qalib adını qazanmış idmançı beynəlxalq turnirlərin, yeniyetmə və gənclərin liqa yarışının gümüş mükafatçısıdır.

 

Nərgiz İSMAYILOVA,

"Respublika".