İdmanla dostluq
İdman

İdmanla dostluq

Bakıda hərbçilər arasında güləş üzrə dünya çempionatı başlayıb

Azərbaycan hazırda bir çox beynəlxalq yarışlara ev sahibliyi edir. Bunlardan biri də hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatıdır. Paytaxtımızın belə mötəbər bir yarışa ev sahibliyi etməsi onun dünyada idman ölkəsi kimi tanınmasının əyani nümunəsidir. Çempionatın ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil etməsindən və bu sahədə böyük təcrübəyə sahib  olmasından qaynaqlanır.

Çempionatda ölkəmizi 20-dən çox idmançı təmsil edəcək. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, həmçinin Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışlar noyabrın 27-dən dekabrın 3-dək "Sərhədçi" İdman Mərkəzində baş tutacaq. Devizi "İdmanla Dostluq" olan çempionatda rəsmi qonaqlar, o cümlədən Beynəlxalq Hərbi İdman Şurasının rəhbərliyinin yüksək rütbəli hərbçilərin və idman aləmində tanınmış simaların iştirak edəcəyi gözlənilir. Dünya çempionatında sərbəst və yunan-Roma güləşi üzrə 18 ölkədən (Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Braziliya, Albaniya, İtaliya, İsveçrə, İran, Belarus, Rumıniya, Monqolustan, Nigeriya, Əlcəzair, Tunis, İordaniya və Tanzaniya) müxtəlif çəki dərəcələrində 176-sı kişi, 46-sı qadın olmaqla, ümumilikdə 222 idmançının və 12 nəfərdən ibarət beynəlxalq dərəcəli peşəkar hakim qrupu yer alır. Çempionat üçün ölkəmizə gələn Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede bildirib ki, artıq ikinci dəfədir ki, Azərbaycandadır: "Sevindirici haldır ki, belə tədbirlər ölkələri bir araya gətirir. Bütün idmançılar əllərindən gələnin ən yaxşısını edəcəklər. Əminəm ki, burada həm dostluq, həm də amansız mübarizə olacaq. Çünki bütün idmançılar sonadək döyüşəcəklər".

Vitse-prezident daha sonra belə bir turnir təşkil etdiyi üçün Azərbaycana öz minnətdarlığını bildirib. D.Şvede sonda qeyd edib ki, yarışlarda iştirak edən idmançıların hər biri bərabər hüquqa malikdir. Ölkələrdə baş verən heç bir siyasi məsələnin çempionata aidiyyəti yoxdur və hər hansı məhdudiyyətdən söz gedə bilməz.

Qeyd edək ki, belə mötəbər yarışların ölkəmizdə keçirilməsi Azərbaycana qarşı mövcud olan etimadın nümunəsidir. Yarışın təşkili üçün hazırlıq yüksək səviyyədə görülüb. "Sərhədçi" İdman Mərkəzinin rəisi Elşən Mirzəyev bildirib ki, mundialda müxtəlif ölkələrin idmançıları iştirak edəcəklər: "Onlar ölkəmizdə olduğu müddətdə asudə vaxtlarını səmərəli şəkildə keçirə biləcəklər".

Elşən Mirzəyevin sözlərinə görə, Azərbaycan güləşçiləri yarışda uğurlu nəticə qazanmaq üçün var gücləri ilə mübarizə aparacaqlar.

Töhfə SƏMƏDOVA,

"Respublika".