DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏDƏN UKRAYNA AES-IN TƏHLÜKƏSİZLİYİNİ TƏMİN ETMƏK ÇAĞIRIŞI

Türkiyə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndə heyətinin Ukraynanın Zaporojye AES-ə baş tutacaq səfərini alqışlayır. “Trend” agentliyinin xəbərinə görə, bunu “CNN International” telekanalının efirində Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bildirib.

Mətbuat katibinin sözlərinə görə, rəsmi Ankara beynəlxalq ictimaiyyəti Zaporojye AES-də və onun ətrafında təhlükəsizliyi təmin etmək məqsədi daşıyan bu təşəbbüsü dəstəkləməyə çağırır.

Eyni zamanda, İbrahim Kalın xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə mətbuat konfransında Zaporojye AES-dəki kritik vəziyyətlə bağlı məsələni qaldırıb. O əlavə edib ki, Türkiyə müxtəlif kanallar və səviyyələrlə Rusiyaya oxşar siqnallar göndərib.

Bununla yanaşı, İbrahim Kalın vurğulayıb ki, Türkiyə Zaporojye AES-nin ikinci Çernobıl olmasını istəmir.

 

BMT-NIN BAŞ KATİBİ: DÜNYADA CİDDİ ƏRZAQ ÇATIŞMAZLIĞI YAŞANACAQ

Dünyada 2023-cü ildə ciddi ərzaq çatışmazlığı yaşanacaq. “Report”un xəbərinə görə, belə bir xəbərdarlıqla BMT-nin baş katibi Antoniu Quterreş bəyan edib.

Baş katib, dünyada bir çox fermerin artıq növbəti mövsüm üçün əkin sahələrini azaltmağı planlaşdırdığını dilə gətirib.

Eyni zamanda, Antoniu Quttereş BMT Təhlükəsizlik Şurasındakı çıxışında Ukrayna xalqının sülhə ehtiyacı olduğuna və bölgədə davamlı sülhün bərqərar olunmasının vacibliyinə diqqət çəkib.

Altı aydır davam edən Rusiya-Ukrayna müharibəsini şərh edən baş katib bildirib ki, onun nəticələri Ukraynadan çox-çox uzaqlarda da hiss olunur.

“Rusiya-Ukrayna müharibəsi münaqişələrdən, bərabərsizlikdən, səhiyyə problemlərindən, pandemiya sonrası iqtisadiyyatdan və iqlim böhranından bezmiş qlobal sistemdə yeni zəiflikləri üzə çıxardı. Gübrə və yanacaq qiymətlərindəki sürətli artım dünyada milyonlarla insanı yoxsulluğa sürükləyən, aclıq və ərzaq çatışmazlığını artıran qlobal böhrana səbəb olub”, - deyə BMT-nin baş katibi vurğulayıb.

 

İSVEÇİN BAŞ NAZİRİNDƏN PKK İLƏ BAĞLI KRİTİK QƏRAR

İsveç baş naziri Maqdalena Andersson sentyabrın 11-də keçiriləcək seçkilərdən sonra PKK terror təşkilatına dəstək aksiyası keçirən Sol Partiya ilə müttəfiq olmağı planlaşdırmadıqlarını bildirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, hökumət başçısı sözügedən partiyanın PKK-ya dəstəyinin qəbuledilməz olduğunu diqqətə çatdırıb.

“PKK terror təşkilatının bayraqlarını dalğalandıran Sol Partiya ilə müttəfiq olmağı düşünmürük. PKK bayrağını dalğalandırmaq hökumətin xeyrinə deyil”, - deyə baş nazir vurğulayıb.

Qeyd edək ki, Sol Partiyanın deputatları Daniel Riazat, Momodu Malkom Yallo və Lorena Delqado Varas iyulun 7-də Visbi şəhərində YPG/PKK terror təşkilatını simvolizə edən bayraqlarla şəkil çəkdirərək sosial şəbəkədə paylaşıblar. Bundan sonra Maqdalena Andersson bu davranışlarına görə Sol Partiyanın millət vəkillərini qınayıb.

“PKK təkcə İsveçin deyil, Avropa Birliyi ölkələrinin də terror təşkilatı siyahısındadır. Bu bayraqla poz vermək son dərəcə yersizdir”, - deyə baş nazir bildirib.

 

RUSİYA FEDERASIYASI SİLAHLI QÜVVƏLƏRİNİN SAYI ARTIRILIR

Rusiya Federasiyası Silahlı Qüvvələrinin sayı 2,39 milyon nəfərədək artırılacaq. “Trend”in məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.

Bununla yanaşı, bildirilir ki, bu göstəricinin 1,15 milyon nəfəri hərbi qulluqçular, digərləri mülki şəxslər olacaq. Fərman yanvarın 1-dən qüvvəyə minəcək.

Məlumat üçün qeyd edək ki, hazırda Rusiya Silahlı Qüvvələrinin tərkibi 1,9 milyon nəfərdən çoxdur və bunun 1,013 milyon nəfərini hərbi qulluqçular təşkil edir.

 

ABŞ HÖKUMƏTI ÇİNLƏ ÜNSIYYƏT KANALLARINI AÇIQ SAXLAYACAQ

ABŞ hökuməti Çinlə əlaqə kanallarını açıq saxlamaq niyyətindədir və fikir ayrılıqlarını aradan qaldırmağı zəruri hesab edir. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu jurnalistlər üçün brifinq zamanı ABŞ Dövlət Departamentinin nümayəndəsi bəyan edib.

 

“Avqustun 23-də ABŞ dövlət katibinin birinci müavini Uendi Şerman Çinin ABŞ-dakı səfiri Tsin Qan ilə görüşüb. Biz Çinlə ünsiyyət kanallarını açıq saxlayırıq və saxlamağı davam etdirəcəyik”, - deyə nümayəndə bildirib.

ABŞ rəsmisinin sözlərinə görə, rəsmi Pekin “bəzi əsas əlaqə kanallarını bağlayıb və bütün dünyaya təsir edən bir sıra məsələlər üzrə əməkdaşlığı dayandırıb”.

Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, ABŞ Çinlə fikir ayrılıqlarını həll etmək üçün açıq və konstruktiv ünsiyyət yolları axtarmağa davam edir.

 

İMRAN XANIN HƏBS EDILMƏSI ERTƏLƏNDI

Pakistanın keçmiş baş naziri İmran Xan paytaxt İslamabadda mitinqdə çıxışı zamanı təhlükəsizlik və ədliyyə orqanlarını hədələdiyi üçün barəsində həbs qərarı verilmişdi. Onun vəkili Babar Avan keçmiş baş nazirin zaminlə sərbəst buraxılmasını tələb etmişdi.

“Teleqraf.com”un xəbərinə görə, avqustun 25-də keçirilən iclasa əsasən məhkəmə binasına gedən bütün yollar tikanlı məftillərlə bağlanıb, İslamabadda isə möhkəm təhlükəsizlik tədbirləri görülüb.

Verilən xəbərə görə, iclasda hakim Raca Cavad Abbas Həsən 100 min rupi girov müqabilində İmran Xanı zaminə buraxıb və onu sentyabrın 1-dək həbs etməməyə qərar verib. Sentyabrın 1-də keçiriləcək iclasda keçmiş baş nazirin zaminlə sərbəst buraxılmasına yenidən baxılacaq.

 

AVROPA ITTIFAQINDA TƏBİİ QAZIN QİYMƏTİ 3200 DOLLARI ÖTÜB

Avropada təbii qazın qiyməti martın 8-dən bəri ilk dəfə min kubmetr üçün 3200 dollar həddini keçib. “Trend”in məlumatına görə, Niderlandın “TTF” habında təbii qazın sentyabr fyuçersləri 3238,5 dollar ətrafında alınıb-satılır.

Bununla yanaşı, verilən xəbərə əsasən, qiymətlər son sutka ərzində təxminən 8 faiz artıb.

Bahalaşmaya səbəb kimi “Şimal axını” kəmərində planlaşdırılan təmir işləri, eləcə də Asiya bazarında mayeləşdirilmiş təbii qaz fyuçerslərinin qiymətinin artması göstərilib.

Xatırladaq ki, Avropada təbii qaz qiymətləri martın 7-də tarixi rekord vuraraq min kubmetr üçün 3898 dollar həddinə çatmışdı. Bir sıra mütəxəssislər təbii qazın 4 min dollar həddini keçəcəyini istisna etmir.

 

DÜNYADA DAHA BİR TƏHLÜKƏLİ VİRUS SÜRƏTLƏ YAYILMAĞA BAŞLAYIB

Dünyada daha bir təhlükəli virus sürətlə yayılır. Bu barədə “Report” agentliyi məlumat yayıb. Bildirilir ki, Hindistanda may ayında aşkar edilən yeni virus infeksiyası artıq ölkənin iki ştatında qeydə alınıb.

Hazırda alimlər bunun hansı virus olduğunu müəyyən etməyə çalışırlar və artıq ona “pomidor qripi” də deyilir. Bu adın səbəbi xəstələrin bədənində meydana gələn ağrılı qırmızı qabarcıqlarla əlaqədardır.

Alimlərin sözlərinə görə, virus çox yoluxucudur və yaxın təmasda asanlıqla ötürülür. Çirkli səthlərə toxunmaqla və ya qida vasitəsilə ona yoluxmaq mümkündür.

Qeyd edilir ki, yeni virus Hindistanda yağışlı mövsümdə tez-tez rast gəlinən və ağcaqanadlar tərəfindən daşınan koronavirus, çikunqunya və dəngə qızdırmasına çox bənzəyir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.