DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

UKRAYNA PARLAMENTİ SƏFƏRBƏRLİKLƏ BAĞLI QANUN LAYİHƏSİNİ GERİ QAYTARIB

Ukraynada genişmiqyaslı səfərbərliyi və uzun müddət döyüşənlərin demobilizasiyasını nəzərdə tutan qanun layihəsinin yeni variantı Ali Radada müzakirə olunmayaraq Nazirlər Kabinetinə geri qaytarılıb. Bu barədə “Report” agentliyi Ali Radanın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, hakim “Xalqın xidmətçisi” partiyasından olan deputatlar qanun layihəsini hazırkı ictimai duruma daha da uyğun variantda müzakirəyə çıxarmağın tərəfdarı olublar.

Qeyd edək ki, ötən ilin son aylarında təklif olunan sənəd bu həftə Ali Radaya müzakirə üçün təqdim olunmuşdu. Sənəddə döyüşlərə çağırış yaşının minimum 27-dən 25-ə endirilməsi, qadınların səfərbərliyə rəsmən cəlb olunması və bir sıra məqamlar var.

Qanun layihəsi yarım milyon şəxsi heyətin orduya cəlb olunmasını nəzərdə tutur və bunun ardınca Ukraynanın cəbhədə daha ciddi nailiyyətlər üçün addımlar atacağı gözlənilir.

“POLITICO”: “HİZBULLAH” ABŞ-A QARŞI HÜCUMLAR TƏŞKİL EDƏ BİLƏR

ABŞ kəşfiyyatı “Hizbullah” hərəkatı ABŞ ərazisinə və ya xaricdəki amerikalı diplomatlara hücumlar həyata keçirə bilər. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Politico” nəşri ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

“ABŞ kəşfiyyatı “Hizbullah” barəsində məlumatlar toplayır və bunlar onun ABŞ silahlı qüvvələrinə və ya diplomatik əməkdaşlarına hücum imkanını nəzərdən keçirdiyindən xəbər verir”, - deyə nəşr vurğulayıb.

Eyni zamanda, nəşr regionda gərginlik artdıqca ABŞ ərazisinə hücum ehtimalının da yüksəldiyini bildirib. Lakin söhbətin konkret hansı növ hücumlardan getdiyi açıqlanmayıb.

Bununla yanaşı, qeyd olunur ki, bu hücumlar ABŞ-ı Yaxın Şərq münaqişəsinə cəlb edə bilər.

ÜST-DƏN İSRAİLƏ HUMANİTAR YARDIM ÇAĞIRIŞI

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İsrailə Qəzza zolağına humanitar yardımın çatdırılmasına icazə verməsi və təhlükəsiz keçidin yaradılması ilə bağlı çağırış edib. “TRT” telekanalının xəbərinə görə, bu barədə ÜST rəhbəri onlayn qaydada keçirilən mətbuat konfransında bildirib.

“Ümumdünya Səhiyyə Təşkilatı Qəzzanın şimalında həyata keçirməyi planlaşdırdığı 6 missiyanı ləğv etmək məcburiyyətində qaldı, çünki tələblərimiz rədd edildi və keçid zəmanəti verilmədi”, - deyə baş direktor vurğulayıb.

Tedros Adhanom Qebreyesusun sözlərinə görə, fələstinlilərə yardımın çatdırılmasında yeganə maneə bölgəyə daxil olmaqla bağlıdır.

ÜST rəhbəri həmçinin intensiv bombardmanlar, hərəkət məhdudiyyətləri, yanacaq çatışmazlığı və kəsilən rabitə səbəbindən yardımın çatdırılmasının demək olar ki, imkansız olduğunu diqqətə çatdırıb.

Təşkilatının baş direktoru çıxışı zamanı İsraili humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıb.

YADPLANETLİLƏRƏ PLANETİMİZİ ZİYARƏT ETMƏK ÜÇÜN DƏVƏT GÖNDƏRİLİB

ABŞ-da Kentukki ştatının Leksinqton şəhərindən olan bir qrup alim planetimizə səfər etmək çağırışı ilə kosmosa siqnal göndərib. Bu barədə “Space.com” portalı məlumat yayıb.

Verilən xəbərə əsasən, kodlaşdırılmış məlumatda Kentukki ştatının dağlıq mənzərəsinin təsviri, insan fiqurları və atlar, həmçinin su, etil spirti və xoşbəxtlik hormonu dopaminin molekulyar tərkibləri əks olunub.

Bildirilir ki, siqnal Yerdən 40 işıq ili və ya 378 trilyon kilometr məsafədə yerləşən TRAPPIST-1 ulduz sisteminə infraqırmızı lazer vasitəsilə göndərilib.

Alimlərin TRAPPIST-1-i seçməsi heç də təsadüfi deyil. Çünki onun tərkibində çoxlu sayda potensial yaşayış olan planet var. Çağırış 2063-cü ilə qədər təyinat yerinə çatacaq.

Aİ HƏRBİ ƏMƏLİYYAT KEÇİRMƏK BARƏDƏ DANIŞIQLAR APARIR

Qırmızı dənizdə husilərin gəmilərə davam edən hücumları fonunda Avropa İttifaqı (Aİ) dəniz əməliyyatına başlamağı nəzərdən keçirir. Bu barədə “Bloomberg” agentliyinin xəbərində qeyd olunur.

Məlumatına görə, hazırda Aİ-yə üzv ölkələr əməliyyatın xərclərini ödəməyə və onun həyata keçirilməsi üçün gəmilər təqdim etməyə hazır olduqları barədə danışıqlar aparır.

Bildirilir ki, bu məsələlərlə bağlı yekun qərar yanvarın 22-də Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə qəbul edilə bilər. Agentliyin mənbələrinin açıqlamasına görə, Almaniya əməliyyatda iştirak etmək arzusunu ifadə edib.

“Bloomberg”in xəbərinə əsasən, Aİ əməliyyatının ABŞ hökuməti tərəfindən formalaşdırılan “Prosperity Guardian” missiyası ilə necə əlaqəli olacağı hələ də qeyri-müəyyən olaraq qalır.

Qeyd edək ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra husilər İsrail ərazisinə hücumlar edəcəklərini və əməliyyat sona çatana qədər gəmilərin Qırmızı dənizdən və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəklərini bildiriblər.

Husilərin açıqlamasına cavab olaraq ABŞ hökuməti Qırmızı dənizdə hərəkət azadlığını təmin etmək və gəmiləri qorumaq üçün beynəlxalq koalisiyanın yaradıldığını və əməliyyatın hazırlandığını bəyan edib.

ABŞ LİDERİNİN OĞLUNDAN KONQRESƏ HÖRMƏTSİZLİK

ABŞ prezidenti Cozef Baydenin oğlu Hanter ölkənin qanunverici orqanına hörmətsizlik ittihamı ilə işinə baxan Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsinin iclasına elan edilmədən gəlib, lakin ona sual ünvanlanan kimi gözlənilmədən iclası tərk edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Amerika mətbuatı məlumat yayıb.

Verilən xəbərə əsasən, Nümayəndələr Palatasının respublikaçı üzvü Marcori Teylor-Qrin Hanter Baydenə sual verməyə çalışsa da, ABŞ prezidentinin oğlu dərhal otağı tərk edib.

“Düşünürəm ki, bu dinləmələri izləyən hər kəs üçün aydındır ki, Hanter Bayden güclü mühafizəkar respublikaçı qadınlardan qorxur, çünki onunla danışmaq istəyəndə o, məni belə dinləyə bilmirdi. Nə qorxaqdır!” - deyə Marcori Teylor-Qrin bildirib.

Yanvarın 10-da Nümayəndələr Palatasının müvafiq komitələri ABŞ prezidenti Cozef Baydenin oğlunu Konqresə hörmətsizlikdə ittiham edib-etməmək məsələsini nəzərdən keçirib. Buna səbəb Hanter Baydenin 2023-cü ilin dekabrında dövlət başçısının impiçmenti işində ifadə vermək üçün çağırıldığı Konqresdəki dinləmələrdə iştirakdan imtina etməsi olub.

K.YOHANNİS Aİ ŞURASININ rƏhbƏRliyinƏ NAMİZƏDLİYİNİ İRƏLİ SÜRƏ BİLƏR

Rumıniya prezidenti Klaus Yohannis Avropa İttifaqı (Aİ) Şurasının prezidentliyinə namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Agentliyin xəbərinə görə, Rumıniya prezidenti Klaus Yohannisin vəzifə səlahiyyətləri 2024-cü ilin sonunda bitir və o, ölkədə növbəti prezident seçkilərində iştirak etməyi planlaşdırmır.

Xatırladaq ki, bu ərəfədə “Politico” qəzeti Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin istefaya gedəcəyi təqdirdə, Macarıstanın baş naziri Viktor Orbanın Şuranın müvəqqəti prezidenti ola biləcəyini qeyd edib.

Bir müddət öncə Şarl Mişel Belçika mətbuatına müsahibəsində vəzifəsini vaxtından əvvəl tərk edəcəyinin mümkünlüyü barədə açıqlama ilə çıxış edib. Belə ki, o, 2024-cü ilin iyun ayında Avropa parlamentinə keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.