DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

RUSİYA VƏ İRAN LİDERLƏRİ YAXIN ŞƏRQDƏKİ VƏZİYYƏTİ MÜZAKİRƏ EDİBLƏR

Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Putin Rəisini və İrandakı bütün müsəlmanları müqəddəs Ramazan ayının bitməsi və Ramazan bayramı münasibətilə təbrik edib.

Eyni zamanda, Rusiya və İran liderləri Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Vladimir Putin bütün tərəflərin təmkinli davranacağına və yeni qarşıdurmaya yol verməyəcəyinə ümid etdiyini bildirib və əks halda bunun bütün region üçün faciəvi nəticələrə yol açacağını diqqətə çatdırıb.

Bununla yanaşı, İbrahim Rəisi öz növbəsində İranın İsrailə hücumunun məcburi olduğunu və məhdud xarakter daşıdığını, müstəsna olaraq hərbi obyektlərin hədəf alındığını vurğulayıb.

Kremlin açıqlamasına görə, İran prezidenti rəsmi Tehranın gərginliyi artırmaqda maraqlı olmadığını bildirib.

EMMANUEL MAKRON FRANSA DİPLOMATİYASINI MƏHVƏ SÜRÜKLƏYİR

Fransa diplomatiyası prezident Emmanuel Makron tərəfindən tamamilə məhv edilib və onun Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı dünyada atəşkəs elan etmək təklifi heç bir uğur gətirməyəcək. “Report” agentliyinin xəbərinə görə, bu fikri Fransa hərbçisi Alan Korvez müsahibəsində Makronun müvafiq təşəbbüsünü şərh edərkən bildirib.

Məlumata əsasən, A.Korvez vurğulayıb ki, Fransa bütün dünyada, həmçinin Afrika, Rusiya və Avropada nüfuzunu itirib. O, əlavə edib ki, Makronun atəşkəs çağırışları real strateji düşüncəyə əsaslanmır.

Eyni zamanda, Alan Korvezin fikrincə, heç bir ölkə Ukraynada, Qəzza zolağında, Sudanda və planetin digər yerlərində Fransa diplomatiyası vasitəsilə atəşkəs təşəbbüsünü həyata keçirməyəcək.

Bununla yanaşı, Alan Korvez hesab edir ki, Ukrayna, Rusiya, Avropa İttifaqı, ABŞ və İsrailin problemlərini həll etmək üçün Emmanuel Makrona ehtiyac yoxdur.

ABŞ SENATORU UKRAYNAYA HƏRBİ DƏSTƏYİ DAYANDIRMAĞA ÇAĞIRIB

“ABŞ Ukraynaya hərbi yardımı dayandırmalı və diqqətini daxili siyasətə yönəltməlidir”. Bu barədə amerikalı senator Ceyms Devid Vens “CNN” telekanlına müsahibəsində bəyan edib.

Senatorun sözlərinə görə, Rusiyanın Ukrayna Silahlı Qüvvələri üzərində açıq şəkildə üstünlüyü mövcuddur: “Hazırda mərmilərin nisbəti beşə birdir. İsrail, Tayvan məsələsində onlara ehtiyac var. Bütün bu münaqişələrdə eyni vaxtda iştirak edə biləcəyikmi? Xeyr. Bunun sadəcə riyazi mənada mənası yoxdur”.

Eyni zamanda, senator qeyd edib ki, ABŞ Ukraynaya hərbi və maliyyə dəstəyini artırsa belə, bu, döyüş meydanında vəziyyəti ciddi şəkildə dəyişməyə və hərbi əməliyyatları dayandırmağa kömək etməyəcək.

Xatırladaq ki, bir müddət öncə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, Ukraynadakı münaqişə İsrail ətrafındakı vəziyyətdən fərqlənir və ABŞ-ın bu ölkədə bazaları olmadığı üçün hava hücumlarının dəf edilməsində birbaşa iştirakını nəzərdə tutmur.

AEBA RƏHBƏRİ BMT-YƏ ZAPOROJYE AES-LƏ BAĞLI MÜRACİƏT EDİB

BMT Təhlükəsizlik Şurası Zaporojye Atom Elektrik Stansiyasında təhlükəli insidentlər riskini azaltmaq üçün mümkün olan hər şeyi etməlidir. “İnterfaks” agentliyinin xəbərinə görə, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi bildirib.

“Biz nüvə fəlakətinə təhlükəli dərəcədə yaxınlaşdıq və bu gün insident riskini minimuma endirmək üçün mümkün olan bütün addımlar atılmalıdır”, - deyə Rafael Qrossi BMT Təhlükəsizlik Şurasındakı çıxışı zamanı Zaporojye Atom Elektrik Stansiyasına pilotsuz uçuş aparatları ilə edilən son hücumları şərh edərkən vurğulayıb.

AEBA rəhbəri Zaporojye Atom Elektrik Stansiyasının altı reaktorunun hamısının soyuq vəziyyətdə olmasını alqışlayıb. Lakin  o, əlavə edib ki, nüvə insidentinin riski hələ də çox realdır.

Aİ İRANIN İSRAİLƏ CAVAB HÜCUMU BARƏDƏ ÖNCƏDƏN MƏLUMATLI OLUB

Avropa İttifaqı (Aİ) İsrail ordusunun İranın Suriyadakı konsulluğunu atəşə tutmasından sonra İranın İsrailə cavab hücumu barədə əvvəlcədən məlumatlı olub. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel bəyan edib.

“Bir neçə gün öncə İranın cavab hücumu ilə bağlı bizə xəbərdarlıq edilmişdi”, - deyə Aİ-nin baş diplomatı bildirib. Lakin bu məlumatı dəqiq haradan aldıqlarını açıqlamayıb.

Bununla yanaşı, Jozep Borrelin açıqlamasına görə, Aİ-nin siyasi məqsədi Yaxın Şərqdə münaqişənin genişlənməsinin qarşısını almaqdır.

Avropalı diplomat həmçinin qeyd edib ki, Dəməşqdəki konsulluğa hücumdan sonra Avropa İttifaqı Tehrana regionda heç bir ölkənin münaqişənin genişləndirilməsində maraqlı olmadığını bildirib.

RUSİYA ERMƏNİSTANA SANKSİYALAR TƏTBİQ ETMƏYƏ HAZIRLAŞIR

Rusiya tezliklə Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq etməyə hazırlaşır. Bu barədə Ermənistanın “Past” qəzeti xəbər verib.

Nəşrin açıqlamasına əsasən, Ermənistanın hakimiyyət orqanları bundan xəbərdar olsalar da, panika yaratmamaq üçün ictimaiyyətə məlumat vermirlər.

Xəbər verildiyinə görə, baş nazirin müavini Mqer Qriqoryan hakim partiyanın qapalı iclasında bəyan edib ki, rəsmi Moskva artıq mayın əvvəlində Yuxarı Larsı bağlamaq və Ermənistan kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracını qadağan etmək niyyətindədir.

Bununla yanaşı, məlumatda qeyd olunur ki, kənd təsərrüfatı mövsümünün əvvəlində Rusiyanın belə bir addım atması erməni fermerləri və ixracatçıları üçün ağır zərbə olacaq.

“Ermənistan hakimiyyətinin “B” planı yoxdur. Üstəlik, son vaxtlar Ermənistanın Rusiyadan iqtisadi asılılığı dərinləşib”, - deyə nəşr bildirib.

Məlumata görə, erməni fermerləri və ixracatçılarının məhsullarının 90 faizdən çoxu məhz Rusiyaya ixrac olunur. Bu isə on minlərlə insanın dolanışığını təmin edir. Yuxarı Larsın bağlanması durumunda Ermənistanda əsl sosial iğtişaş yaranacaq.

Eyni zamanda, “Past” qəzeti ərəb ölkələri və Avropanın Ermənistanın keyfiyyətsiz məhsulları üçün qapılarını açmaq istəmədiklərini diqqətə çatdırıb.

TÜRKİYƏDƏ “KEMANKEŞ 2”NİN SINAQ PROSESİ BAŞLAYIB

“BAYKAR” şirkəti tərəfindən hazırlanan yeni nəsil “KEMANKEŞ 2” smart qanadlı raketinin sınaq prosesi başlayıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə mediasının məlumatında qeyd olunur.

Məlumata əsasən, təxminən 1 saat havada qala bilən qanadlı raket, reaktiv mühərriki sayəsində sürətlə hərəkət edə biləcək və düşmən xəttinin arxasındakı ən riskli hədəflərə qarşı təsirli olacaq.

Bildirilir ki, 200 kilometrdən çox uçuş məsafəsi olan “KEMANKEŞ 2”, süni intellektlə dəstəklənən optik bələdçi sistemi sayəsində hədəfini tanıyacaq və çətin hava şəraitində belə onu tam dəqiqliklə məhv etmək qabiliyyətinə malik olacaq.

Bununla yanaşı, gecə və gündüz şəraitində istifadə oluna bilən “KEMANKEŞ 2” maneələrə qarşı texnologiyası sayəsində elektron maneələrdən təsirlənmədən işləyə biləcək. Həmçinin “KEMANKEŞ 2” əldə etdiyi bütün məlumat və şəkilləri yer idarəetmə stansiyasına ötürərək istifadəçiyə məlumatların izlənməsində dəstək olacaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.