Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Erik  Alfred Lesli Sati

Erik Alfred Lesli Sati - ekstravaqant fransız bəstəkarı və pianoçu... "Dəli bəstəkar" adlandırılsa da, XX əsrin birinci yarısında Avropa musiqisində islahatlar aparan bu  şəxs, fortopiano pyesləri ilə bir çox bəstəkarlara modern tərzdə əsərlər yazmağa təsir göstərmişdir.

Məşhur  bəstəkar yaradıcılığı ilə yanaşı,  bir çox özünəməxsus  qəribəlikləri və qeyri-adi xüsusiyyətləri ilə də  yaddaşlarda qalıb. Sati  o qədər davakar olub ki, hətta  bu səbəbdən bir neçə dəfə həbsə də düşüb. Adı tez-tez məhkəmə salonlarında hallanan bəstəkarın bu xüsusiyyətinin " təsirləri" məşhur bəstəkar dostlarından da yan ötməyib. Belə ki, bəzən onları tərifləyir, sonra isə qəflətən sərt bir şəkildə tənqid edirmiş. Maraqlıdır ki, o böyüklərlə yola getməsə də, uşaqları çox  sevir,  onlara qayğı ilə yanaşırmış.

O, nəinki ətrafındakı insanlara, hətta qidalara qarşı da çox vasvası imiş. Gündəlik qida rasionunda adətən  ağ rəngli məhsullara üstünlük verən Sati daha çox yumurta, qatıq, süd,  Hindistan cevizi, düyü yeyirmiş. Ən çox bəyəndiyi qida isə yumurta imiş. O, bu qidanı o qədər çox sevirmiş ki,  hətta 30 yumurtadan hazırlanmış  omleti birdəfəyə yeyə bilirmiş. Hər gün eyni saatda yatan bəstəkar, eyni vaxtda yuxudan oyanar, eyni vaxtda da yemək yeyərmiş.

Qeyri-adi dəst-xətti ilə seçilən məşhur heç bir dini qəbul etməyib, çünki onun özünəməxsus inancları olub.  Geyim tərzi ilə müxtəlif obrazlara girməyi sevən bəstəkar, qəribə libasları ilə də seçilib. Adətən məxmər parçadan tikilmiş kostyumlar geyinən Satinin üslubuna gəzdirdiyi çətirlər xüsusi rəng qatıb. Çətir seçiminə o qədər həssaslıqla yanaşırmış ki, hətta onlardan kolleksiya da toplayıb.  Deyilənlərə görə, kolleksiyasında 100-ə yaxın müxtəlif üslubda hazırlanmış  çətir olub.

Ömrünün sonuna kimi heç vaxt evlənməyən bəstəkar  tüfeyli həyat tərzi keçirib. Gecə əyləncələrinə çox zaman ayıran Satinin münasibət qurduğu xanımların isə sayı-hesabı olmayıb. Qazandığı pulların hamısını demək olar ki, bir gecəlik  eşq macəralarına və içkilərə xərcləyib. Lakin bioqrafların   söylədiklərinə görə, bəstəkarın  rəssam Suzanne Valadon ilə olan eşq macərası beş ay sürüb. Hətta bəstəkarın  bu xanıma evlilik də təklif etdiyi güman edilir. Amma nə baş veribsə o daha sonra evlənməkdən imtina edib...

Həyatının son bir neçə ilini qaraciyər sirrozundan  əziyyət çəkən bəstəkara həkimlər içkidən imtina etməyi  tövsiyə etsələr də, o, buna əməl etməyib. O bu vərdişinə son qoya bilməsə də, vərdiş onun həyatına son qoyub. Belə ki, bəstəkar uzun sürən xəstəlikdən sonra  59 yaşında  vəfat edib.

 

Mariya Küri

Tarixdə elə elm adamları olub  ki, bəşəriyyəti daha irəliyə  aparmaq üçün özlərini peşələrinə fəda ediblər. Belə alimlərdən biri də Polşa əsilli fransız alimi Mariya Küridir. Həm fizika, həm də kimya üzrə ilk  Nobel mükafatını alan bu xanıma əbəs yerə  "elm üçün ölən qadın" deməyiblər...

Beş uşaqlı ailənin sonuncu övladı olan Mariya hələ uşaq yaşlarından  kimya elminə böyük maraq göstərirdi. Anasını və bacılarından birini çox erkən yaşda itirən Mariya uşaqlıqdan son dərəcə iti yaddaşı, güclü zehni və təfəkkürü ilə həmyaşıdlarından fərqlənirdi.

Tanınmış rus kimyaçısı, elementlərin dövri sisteminin yaradıcısı Dmitri Mendeleyev onun atasının dostu idi. Günlərin birində laboratoriyada Mariyanı iş başında müşahidə edən Mendeleyev, ona bu cür səylə davam etsə parlaq gələcəyi olacağını demiş və xeyir-dua vermişdi. Və doğrudan da belə oldu...

Tələbəlik illərində  yoxsul həyat tərzi keçirən alim kirayələdiyi evin çardağında yaşamış, təhsilini davam etdirə bilmək üçün isə laboratoriyadakı ocaqxanaya  nəzarət etməklə yanaşı, təcrübə şüşələrini yuyub təmizləməklə pul qazanırmış. İki il çox çətin şərtlər altında oxuyan Mariya həftələrlə pendir-çörək yemək məcburiyyətində qalırmış. Elə bu ərəfələrdə də gələcək əri - elm adamı Pyer Küri ilə tanış olmuşdur. Bu tanışlıq qısa müddətdən sonra sevgiyə çevrilmiş və evliliklə nəticələnmişdir. Onların bu izdivacdan iki qız övladı dünyaya gəlmişdir.

Arvadının uğurlarına sevinən Pyer

 onu çox həvəslə izləyər, tədqiqatın  gedişinə mane olmadan öz məsləhət və qeydləri ilə daim Mariyaya kömək edərdi. Lakin onların xoşbəxt ailə həyatı çox da uzun sürmür. Mariya Kürinin həyatında gözlənilməz bir faciə baş verir. Belə ki, yağışlı bir gündə  Pyer Küri mühazirədən çıxıb evə gələrkən yolda ayağı sürüşür və at arabasının altına düşür. Atın boynundan sarılıb xilas olmağa cəhd göstərsə də alınmır. Altı tonluq arabanın altında qalan qırx beş yaşlı fizik canını tapşırır.

Həyat yoldaşının qəfil ölümü Mariya Küriyə ağır zərbə olur. Bu faciəyə mətanətlə dözməyə çalışan alim dərdini unutmaq üçün bütün günü təcrübə otağında keçirir. Bir ay sonra isə o, Sorbonna Universitetində ərinin yerinə işləməyə başlayır və onun yarımçıq qalan işlərini tamamlayır. Və həmin universitetdə mühazirə deyən ilk qadın müəllimə olur.

Mariya Kürini tanıyanlar onu çox mehriban və təvazökar qadın kimi xarakterizə edirlər. O, elmə hər zaman gözəllik kimi baxdığını vurğulayırdı. Laboratoriyasında özünü təbiətin sirli hadisələri ilə üz-üzə dayanan uşaq kimi hiss etdiyini deyərmiş. Hardan  bilərdi ki, bir gün gecə-gündüz demədən  çalışaraq kəşf etdiyi bir  element  ona "xəyanət" edəcək...

Alim laboratoriyada işləyərkən daim radium təhlükəsi ilə üz-üzə qalırmış. Maraqlıdır ki, o, nədənsə buna qarşı heç bir müdafiə tədbiri görməyib. Ən pisi isə üstəlik bu elementin olduğu ampulanı - zəhərli radiumu üzərində talisman kimi gəzdirib. Belə ki, radioaktiv maddə olan, zəif  mavi işıq saçan kiçik ampulaya hər zaman Mariyanın əlində, ya da boynunda asılı olarmış. Məhz bu kəşfi də 66 yaşlı alimin ölümünə səbəb olur...

 

Frensis Skot Fitscerald

İmkanlı  bir irland ailəsində dünyaya göz açan  Frensis Skot Fitscerald XX əsrin ən məşhur amerikan yazıçılarındandır. Gecə həyatına meyilli olan yazıçının  erkən ölümü də məhz bu  səbəbdən baş vermişdir...

Tanınmış amerikan yazıçısı  Skot Fitscerald hələ məktəb illərindən içkiyə qurşanıbmış. Əsərlərinin ona gətirdiyi pul və şöhrət onun əyləncə həyatını da dəyişib.  İçkiyə o qədər aludə olub ki, ürəyi zəifləməyə başlayıb və  bu səbəbdən də 44 yaşında həyatını itirib. Yazıçı elə bil taleyindən xəbərdarmış kimi içki alışqanlığına həmişə haqq qazandıraraq belə deyirmiş: "Əvvəlcə bir içki alırsan, sonra bir içki digərini alır, daha sonra isə  içki səni alır". Yeri gəlmişkən qeyd edək ki, ən tünd alkoqol hesab edilən, yüksək spirt tərkibli  "cin riki"  sevimli içkisi olub.

Dünya ədəbiyyatında "itirilmiş nəslin" ən görkəmli nümayəndəsi kimi tanınan yazıçı hələ Priston Universitetində oxuyarkən müxtəlif  müsabiqələrin qalibi olmuş, hekayə və pyeslər yazmış, musiqili komediya müəllifi olmaq arzusu ilə yaşamışdır. Frensis Skot Fitscerald müasirlərinin şüurunda təkcə yazıçı kimi deyil, həm də öz dövrünü təcəssüm etdirən canlı əfsanə kimi qalmışdır.

Tələbəlik illərində varlı bir ailənin - Zelda Seyr adlı gözəl qızına vurulan yazıçı, uzun müddət həyatını sevgi iztirabları ilə keçirməli olur. Qızın atası onların evlənməsinə razılıq vermədiyi üçün Skot sarsıntıdan içkiyə qurşanır.

Lakin bir xeyli müddətdən sonra populyarlıq qazanan və varlanan  yazıçı sevdiyi qızla evlənir. Ancaq sonralar  artıq şöhrətin ən uca zirvəsinə çatmış yazıçı gecə əyləncələrinə daha çox zaman ayıraraq  həddindən artıq içməyə başlayır. Bəlkə də bu, həmin zamanlarda xanımı  Zeldanın   şizofreniyadan əziyyət çəkməsi ilə bağlı idi.

Xanımının ruhi xəstələr üçün olan stasionara yerləşdirilməsindən sonra isə ər-arvad arasındakı münasibətlər daha da gərginləşərək boşanma ilə nəticələnir. Bundan sonra  Skot Fitscerald həyatının sıxıntılı anlarını yaşayarkən "Nəvazişli gecə" (Tender is the Night) romanını yazır. ABŞ-a gələn  yazıçı Hollivudda ssenarist kimi fəaliyyət göstərməyə başlayır. Burada isə o, icmalçı Şeyla Qrem ilə tanış olur və həyatının son illərini onunla birlikdə keçirir. Lakin bu da onu içkidən uzaqlaşdırmağa mane olmur. Günü-gündən daha çox içən  44 yaşlı yazıçı elə Hollivudda da  ürəktutması - infarktdan vəfat edir.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".