DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ
Maraqlı

DAHİLƏRİ BİR DƏ BELƏ TANIYAQ

Əli bəy Hüseynzadə

Turançılıq məfkurəsinin böyük siması, üçrəngli bayrağımızın ideya müəllifi,  XX əsr Azərbaycan mətbuatı, publisistikası sahəsində müstəsna xidmətləri olan yazıçı, filosof, publisist, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim və nəhayət, tanınmış jurnalist Əli bəy Hüseynzadə...

Osmanlılardan gizlənən, ömrünün sonuna kimi evsiz-eşiksiz qalan, oğlu ilə bir məzarda dəfn olunan, ölümdən xilas olmaq üçün hətta qadın paltarı geyinməyi belə gözə alan bu dahi şəxsiyyət çox keşməkeşli  bir həyat yolu keçib...

Salyanda dindar bir ailədə dünyaya göz açan  Əli bəy Hüseynzadə kiçik yaşlarında valideynləri ilə birlikdə Tiflisə köçüb. Atasını erkən itirən Əli bəy o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyüyüb. İlk təhsilini Tiflis gimnaziyasında alan ədib, daha sonra Peterburq Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş və orada dövrün məşhur elm xadimləri - Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs almışdır. Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olmuş, "xalqçılar" hərəkatına rəğbət bəsləmişdir. Həmin dövrün bir sıra inqilabçı tələbələri kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalmış, Türkiyəyə - İstanbula gəlmişdir.

İstanbulda o əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənib. Deyilənlərə görə, həyat yoldaşı Əli bəydən nə az, nə çox düz 26 yaş böyük olub. Bir-birinə qarşı çox mehriban olan cütlüyün bu izdivacdan üç övladı (Saida bəyim, Səlim Turan, Feyzavər) dünyaya gəlib. Amma nəsil bu üç övladla da sonlanıb, çünki Əli bəyin nəvəsi olmayıb.

Ata olanda Əli bəyin 50 yaşı var imiş. Övladları balaca olan zaman onların hər biri üçün albom tutan ədib, həmin albomlara karandaşla şəkillər çəkib, uşaqlara verərmiş. Uşaqlar da həmin rəsmləri rəngləyərlərmiş. Övladlarını çox sevən Əli bəy hər bazar günü  onları gəzməyə, muzeylərə aparırmış. Ən çox sevdiyi bayram Novruz olub. Ona görə də  bu bayramı xüsusi qeyd edib.

Əli bəy İstanbulda fəaliyyət göstərən zaman Sultan Həmidin əleyhinə gənclərdən ibarət qrup yaradıb. 12 nəfərə yaxın tələbəni hökumət həbs etmək istəyib. Onların bəzilərinin boyunlarına daş bağlayaraq  Bosfor boğazına atıblar. Tələbələr Əli bəyi Qapalı Çarşı adlanan yerdə bir evdə gizlədiblər. O, bir müddət həmin evin sakinləri ilə yaşayıb. Daha sonra isə  Əli bəyi ölümdən xilas etmək üçün ona xanım paltarı geyindirib, evdən çıxarıblar. Gəmidə taxta çəlləklərin içində gizlədilən ədib, nəhayət, Hind okeanına tərəf yola düşüb. Bununla da tələbələri Əli bəyi ölümdən xilas ediblər.

Sankt-Peterburq İmperator Rəssamlıq Akademiyasında təhsil alan  Əli bəy  bir sıra portret və mənzərələrin də müəllifidir. Onun çəkdiyi  rəsmlər Bakı muzeylərində, İstanbul və Parisdə şəxsi kolleksiyalarda saxlanılır. Bu rəsmlər arasında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün portreti də yer alır. Deyilənlərə görə, M.K.Atatürkün dünyasını dəyişməsi xəbərini eşidən Ə.Hüseynzadə çəkdiyi həmin rəsm əsərinin qarşısında göz yaşlarını saxlaya bilməyib.

Ömrü boyu kasıbçılıq içində yaşayan dahinin evi də olmayıb. Hətta uşaqların hərəsi bir kirayə evdə dünyaya gəlib. Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadə müsahibələrinin birində deyir: Əli bəyin övladları mənə deyirdilər ki, çox böyük əzabla yaşayıblar. Onların öz evləri olmayıb, kirayələrdə böyüyüblər.  Feyzavər həmişə atası ilə bir otaqda qalırmış. Əli bəy isə gecəyarısına qədər yazırmış.

İlin bütün fəsillərində başını soyuq su ilə yuyan Əli bəy  76 yaşında adəti üzrə həmin vərdişi etdiyi zaman vəfat edib. Belə ki, bir gün oğlu Səlim görüb ki, atası üzünü yuyan zaman yavaş-yavaş arxaya tərəf gedir. Həmin dəqiqə Səlim atasını tutub və yatağa uzadıb. Beləcə Əli bəy heç bir söz demədən, elə oradaca dünyadan köçüb.

Onun yeganə oğlu Səlim bəy Parisdə yaşayıb. Elə orada da dünyasını dəyişib. Cənazəsini İstanbula gətirib, atasının məzarında dəfn ediblər. Ata-oğul eyni məzarda dəfn edilib. Onun məzarının Azərbaycana gətirilməsi məsələsi ortaya çıxanda qızı Feyzavər xanım deyib: "İstəmirəm, atamı narahat etsinlər, qardaşım Səlim də onun yanındadır"...

Nikolay Alekseyeviç Nekrasov

Əsərləri dünya ədəbi xəzinəsində qərarlaşan görkəmli şair, yazıçı,  publisist,  rus ədəbiyyatının klassiki Nikolay Alekseyeviç Nekrasov... İçki düşkünü olan bu qumarbaz yazarın taleyi çox hüznlü  olub. Elə həyatına da içki son qoyub...

Şair Rusiyanın Podolsk quberniyasında anadan olub. Gələcək şairin atası müflisləşmiş zadəgan ailəsindən olan hərbçi, anası isə varlı polyak ailəsinin gözəl təhsil almış qızı idi. Anasını çox sevən şair sonralar bu həssas qadının kobud mühitdə çəkdiyi iztirabları bir sıra şeirlərində təsvir etmişdir. 

Nekrasovun uşaqlığı böyük ailədə keçmişdir. Belə ki, onun 13 bacı-qardaşı olmuşdur. Mütaliəni çox sevən şairdə ədəbiyyata, şeirə həvəs, kitaba sonsuz maraq anasından keçən ən gözəl xüsusiyyət idi. Onun yeganə arzusu şair olmaq idi. Anası da oğlunu ədəbiyyatçı, şair görmək istəyirdi. Lakin gələcək şairin atası oğlunu hərbçi kimi görmək istəyirdi, buna görə də 17 yaşında Nekrasov Sankt-Peterburqa, zadəgan polkuna daxil olmağı qərara alır. O, burada təhsil almaq arzusuna düşür və Peterburq Universitetinə hazırlaşmağa başlayır. Lakin imtahandan keçə bilmir və filologiya fakültəsinin azad dinləyicisi olur. Bundan qəzəblənən atası onu maddi yardımdan məhrum edir və gənc Nekrasov oxumaqla yanaşı, daim iş axtarır, çox zaman yaşamağa yer, yeməyə yemək belə tapmır. Bütün bu çətinliklər isə onun xarakterinin daha da möhkəmlənməsinə səbəb olur.

Bir neçə il keçdikdən sonra Nekrasov "Sovremennik" adlı populyar jurnalın rəhbəri olur. Onun rəhbərlik etdiyi vaxtlarda jurnal geniş oxucu kütləsi qazanır. Beləcə get-gedə maddi durumu düzələn şairin, hətta sonralar  faytonçusu və şəxsi xidmətçisi də olur.

Şair xarakterinə görə  atasına çox bənzəyib. Deyilənə görə, Nekrasov səbirsiz, dəbdəbəyə və alkoqola meyilli, hətta şeirlərində söyüş işlətməkdən belə çəkinməyən biri olub. O, bütün həyatı boyu xristianlığın ləğv edilməsi uğrunda mübarizə aparıb. Qumar oynamağa meyilli olan şairin qəribədir ki, kart oyunlarında həmişə bəxti gətirib. O, bu vərdişindən ömrünün sonuna qədər əl çəkməyib.

Şair Nekrasovun sevgi hissi də çox güclü olub. Onun bir neçə qadını sevdiyi haqda şaiyələr var. Qadınları əlcək kimi dəyişən şair gənc ikən 15 yaşlı Avdotya Yakovlevna ilə birgə yaşayıb, sonra ayrılıblar. Seliya Lefrem adlı fransız qadını ilə olan romanı isə daha sonralara təsadüf edir. Şairin maddi durumu çətinləşəndə fransız qadın öz vətəninə qayıdıb. Ömrünün axırlarında  isə Nekrasov 19 yaşlı Fekl Anisimovla (şair onu  "Zina" deyə çağırırdı) birgə yaşamağa başlayıb. Belə ki, 56 yaşında içki səbəbindən xərçəng xəstəliyinə düçar olmuş şair Zina ilə nikah kəsdirmiş, yarım il sonra isə vəfat etmişdir.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".