DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

“G20”yə ÜZV DÖVLƏTLƏRİN SAMMİTİNDƏ QƏTNAMƏ QƏBUL EDİLİB

“G20”yə üzv dövlətlərin İndoneziyanın Bali adasında keçirilən sammitində qətnamə qəbul edilib. “Report”un verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Bildirilir ki, qətnamənin mətni hələlik rəsmi açıqlanmayıb və hazırda 50 bənddən ibarət olan sənəd layihəsinə dəyişikliyin edilib-edilməməsi məlum deyil.

Məlumatda qeyd olunub ki, “G20” üzvü olan ölkələrin əksəriyyəti Ukraynadakı müharibəni sərt şəkildə pisləyir. Layihəyə əsasən, onlar Ukraynadakı münaqişənin dünya iqtisadiyyatının mövcud problemlərini kəskinləşdirdiyinə işarə ediblər.

Layihənin başqa bir bəndində müasir dövrün müharibə erasına çevrilməməsi ilə bağlı məsələ öz əksini tapıb. Həmçinin sənəddə nüvə silahından istifadə və ya istifadə hədəsinin qəbuledilməzliyi barədə fikir yer alıb. Sənəd layihəsində “taxıl müqaviləsi”nin əhəmiyyəti də yüksək qiymətləndirilib.

 

YENS STOLTENBERQ: POLŞAYA RAKET ZƏRBƏSİ QƏSDƏN ENDIRILMƏYİB

NATO-nun baş katibi Yens Stoltenberq Polşaya endirilən raket zərbəsi qəsdən edilən hücum olmadığını bəyan edib. “Trend” agentliyinin məlumatına görə, baş katib bunu Şimali Atlantika Şurasının iclasından sonra mətbuat konfransında çıxışı zamanı bildirib.

Bununla yanaşı, Yens Stoltenberqin şözlərinə görə, Rusiyanın hər hansı bir şəkildə NATO-ya hücum etməyə hazırlaşdığına dair heç bir işarə yoxdur.

“Polşadakı partlayışa böyük ehtimal Ukraynanın hava hücumundan müdafiə sisteminin raketi səbəb olub, lakin bu, Ukraynanın günahı deyil. Rusiya bu mənasız müharibəni dayandırmalıdır. Bu hadisə Ukraynada müharibənin nə qədər təhlükəli olduğunu göstərdi”, - deyə baş katib əlavə edib.

Eyni zamanda, Y.Stoltenberq qeyd edib ki, NATO ölkələri Polşadakı insidentlə əlaqədar məsləhətləşmələrə başlamaq üçün Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsindən istifadə etmək niyyətində deyil.

Xatırladaq ki, noyabrın 15-də Polşanın Pşevoduv kəndi ərazisinə raket düşüb. Hadisə nəticəsində 2 Polşa vətəndaşı həlak olub.

 

PESKOV “ŞİMAL AXINI” ƏTRAFINDAKI SÜKUTA DİQQƏT YETIRMƏYƏ ÇAĞIRIB

“Şimal axını” ilə bağlı təxribata görə məsuliyyət daşıyanların axtarışında “diqqətlə qorunan” sükuta və heç kimin bu mövzunu gündəmə gətirməyəcəyinə diqqət yetirin. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında qeyd edib.

“Heç kim bu təxribatı kimin təşkil etdiyini aydınlaşdırmağa tələsmirdi. Üstəlik, indiki vəziyyətdə heç kim bu mövzunu gündəmə gətirmək fikrində deyil. Siz və mən, hamımız susqunluğa diqqət yetirməliyik”, - Peskov jurnalistlərə bildirib.

Xatırldaq ki, hücumlar sentyabrın 26-da Rusiyanın Avropaya ixrac etdiyi iki qaz kəmərinə - “Şimal axını” və “Şimal axını 2”də baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir.

Rusiya Federasiyasının Baş Prokurorluğu “Şimal axını” qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı iş açıb.

 

“GOOGLE” ŞİRKƏTİ QANUNSUZ İZLƏMƏYƏ GÖRƏ TƏZMİNAT ÖDƏYƏCƏK

“Google” texnologiya şirkəti istifadəçilərin yerini qeyri-qanuni izlədiyinə görə ABŞ-ın bir sıra ştatlarına 391,5 milyon dollar ödəmək məcburiyyətindədir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Miçiqan Baş Prokurorluğunun saytında bildirilib.

Miçiqan və digər 39 ştat prokurorları bununla bağlı “Google” şirkəti ilə məhkəməyə qədər razılaşma əldə edib. Bu, ABŞ tarixində məhkəməyə qədər ən böyük razılaşma hesab edilir. Ümumi kompensasiyadan Miçiqan ştatı 12 milyon dollar alacaq.

Məlumat üçün qeyd edək ki, Miçiqan Baş Prokurorluğu “Google” şirkətinə qarşı araşdırmanı “Assoşieyted Press” agentliyinin məqaləsindən sonra 2018-ci ildən başlayıb.

 

MUSTAFA VARANK: TÜRKİYƏ Aİ ÜÇÜN ÇOX VACİB ÖLKƏDİR

Türkiyə Avropa İttifaqı və ümumilikdə Avropa üçün çox vacib ölkədir. “Trend”in verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Brüsseldə Avropa İttifaqının innovasiya, tədqiqat, mədəniyyət, təhsil və gənclərlə iş üzrə komissarı Mariya Qabriel ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Miqrasiya, energetika, təhlükəsizlik və təchizat zəncirləri böhranı Avropaya dərindən təsir edib. Bunu nəzərə alsaq, Türkiyənin həm birlik, həm də Avropa üçün vacib ölkə olduğu göz qabağındadır. Ona görə də qarşılıqlı əsasda atılacaq bütün konkret addımlar təkcə Türkiyəyə deyil, Avropa İttifaqına da böyük fayda verəcək”, - deyə nazir bildirib.

Mustafa Varank həmçinin qeyd edib ki, Türkiyənin Aİ-yə tamhüquqlu üzv olması ölkənin strateji hədəflərindən biri olaraq qalır. “Biz Aİ-nin Türkiyə ilə münasibətlərini üzvlük perspektivi əsasında inkişaf etdirməsini gözləyirik”, - deyə nazir əlavə edib.

 

ABŞ ERMƏNİSTANDAKI RUSİYA ŞİRKƏTİNİN FILIALINA SANKSİYA TƏTBİQ EDİB

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi Dövlət Departamenti ilə birlikdə Rusiyanın “Milandr” şirkətinin Ermənistandakı filialı olan “Milur Electronics”ə Rusiyanın hərbi-sənaye kompleksinə mikroelektronika tədarük etdiyinə görə sanksiya tətbiq edib. “Report” agentliyi ABŞ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Rusiya şirkətinin Ermənistan filialı inteqrə olunmuş mikroçiplərin istehsalı üçün xarici zavodlara sifariş vermək məqsədilə yaradılıb.

“Milandr” şirkəti "Milur Electronics"dən xarici tərəfdaşlarla biznes qurmaq üçün vasitəçi şirkət kimi istifadə edib. Faktiki olaraq “Milandr”ın əməkdaşları biznes aparmaq üçün özləri “Milur Electronics”in şəbəkəsinə daxil olmağa cəhd ediblər", - deyə açıqlamada qeyd olunur.

Ermənistan şirkətindən başqa, “Milur Electronics”in İsveçrədə yerləşən və əsas səhmdarı olan “Milur SA”ya və “Milur Electronics”ə maliyyə köçürmələrini koordinasiya etmək üçün çalışan “Milandr”ın əməkdaşları və biznes tərəfdaşlarına qarşı da sanksiyalar tətbiq edilib.

Məlumata əsasən, bütün bu işlər Rusiya hərbi-sənaye kompleksini dəstəkləyən transmilli texnologiya tədarük şəbəkəsinə qarşı sanksiyalar çərçivəsində həyata keçirilir.

 

NASA-nın “ARTEMIS” MİSSİYASI AYA GÖNDƏRİLİB

ABŞ-ın Milli Aerokosmik Agentliyi (NASA) “Artemis” proqramı çərçivəsində Aya ilk missiyasını yola salıb. “Trend”in məlumatına görə, SLS raket daşıyıcısının uçuşu noyabrın 16-da səhər saatlarında Florida ştatında baş tutub.

Qeyd olunur ki, daşıyıcı bir müddət sonra “Orion” kapsulunu Ayın orbitinə doğru yola salacaq. “Orion” Ayın orbitində 26 gün ərzində iki dövrə vurduqdan sonra geri qayıdacaq.

Xatırladaq ki, “Artemis” missiyasının avqustun sonunda göndərilməsi planlaşdırılsa da, yanacaq sızması ilə əlaqədar uçuş təxirə salınmışdı. Daha sonra sentyabr ayında qasırğa uçuşun baş tutmasına mane olmuşdu.

NASA həmçinin “Artemis” proqramı çərçivəsində yaxın illər ərzində kosmonavtların Aya uçuşunu planlaşdırır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.