DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: TÜRKIYƏ ƏFQANISTANDAKI VƏZIYYƏTI DIQQƏTLƏ IZLƏYIR

Rəsmi Ankara “Taliban” hərəkatının müvəqqəti hökumətin tərkibini açıqlamasından sonra Əfqanıstanda gedən prosesləri diqqətlə izləyir. “Trend” agentliyinin məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Türkiyə prezidenti deyib: “Bu müvəqqəti kabinetin nə qədər fəaliyyət göstərəcəyini bilmirik. Bizə yalnız bu prosesi yaxından izləmək qalır”.

Ərdoğan həmçinin Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyinin təmin edilməsində Türkiyənin mümkün iştirakını da şərh edib. “Əvvəldən bu məsələyə müsbət yanaşmışıq. Fikrimizcə, hələ heç bir müsbət dəyişiklik baş verməyib. Əgər prinsiplərimizə uyğun olan müsbət proses davam edərsə, biz də öz növbəmizdə bu məsələyə müsbət yanaşma nümayiş etdirəcəyik”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

 

RUSIYALI NAZIRIN ÖLÜMÜ ILƏ BAĞLI DETALLAR MƏLUM OLUB

Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin ölümü ilə bağlı detallar məlum olub. “Report” agentliyinin məlumatına görə, nazir məşhur rusiyalı kinorejissor Aleksandr Melniki xilas etmək istəyərkən faciəvi şəkildə həyatını itirib.

Verilən xəbərə əsasən, sənədli film çəkilişləri üçün Norilskə gələn A.Melnikin ayağı sürüşüb və o, suya yıxılıb. Bu zaman nazir onun həyatını xilas etmək üçün suya atılıb, lakin daşa çarpılıb. Nəticədə həm Y.Ziniçev, həm də rejissor A.Melnik həlak olublar.

Məlumat üçün qeyd edək ki, Y.Ziniçev arktik zonanın fövqəladə hallardan müdafiəsi ilə bağlı qurumlararası təlimlərində iştirak edib. 55 yaşlı Y.Ziniçev 2018-ci ildə fövqəladə hallar naziri təyin olunmuşdu.

 

İRANIN NÜVƏ PROQRAMI ILƏ BAĞLI KRITIK GƏLIŞMƏ

ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Robert Mallinin Tehranın nüvə proqramı ilə əlaqədar Rusiya və Avropa rəsmiləri ilə görüşmək üçün bu həftə Moskva və Parisə səfər edəcəyi açıqlanıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, səfərin 10 sentyabr tarixinədək baş tutacağı bildirilib.

Açıqlamada qeyd edilib ki, səfər çərçivəsində İranın beynəlxalq nüvə müqaviləsinin şərtlərini yerinə yetirməsi məsələsi ilə bağlı tez bir zamanda anlaşmanın əldə edilməsi yönündə müzakirələr aparılacaq.

Bununla yanaşı, “Röyters” agentliyinin məlumatına görə, ABŞ İranla danışıqların nə vaxt başlaya biləcəyini və nüvə proqramı ilə bağlı hansı gəlişmələrin baş verdiyini bilmədiyi üçün bu həftə Paris və Moskvada keçiriləcək danışıqlarda bəzi tərəfdaşları ilə İranla bağlı məsləhətləşmələr aparmaq niyyətindədir.

Eyni zamanda, amerikalı diplomatın səfərinin bundan sonra İranın nüvə proqramı ilə bağlı atılacaq addımların başlanğıcı olduğu bildirilir.

 

LIVIYADA İŞİD LIDERLƏRINDƏN BIRI SAXLANILIB

İŞİD terror təşkilatının rəhbərlərindən biri  sayılan Mübarək al-Harmi Liviyada saxlanılıb. “Report”un  məlumatına görə, bu barədə Liviya hökuməti yanında Birgə Əməliyyatlar Mərkəzi - Terrorizmlə Mübarizə üzrə Bölmənin yaydığı açıqlamada bildirilir.

Mübarək al-Harmi Liviyanın qərbindəki Beni Valid şəhərində keçirilən xüsusi əməliyyat zamanı təşkilatın iki üzvü ilə birlikdə yaxalanıb.

Saxlanılan şəxs terror təşkilatının Şimali Afrikadakı şəbəkəsində əhəmiyyətli fiqur hesab edilir. Onun tutulması üzrə əməliyyat Liviya Baş Prokurorluğu ilə əlaqəli keçirilib.

Liviyanın baş naziri Əbdülhəmid Dibeyba sosial şəbəkələrdəki paylaşımında Mübarək al-Harminin yaxalanmasını böyük müvəffəqiyyət adlandırıb.

 

ƏŞRƏF QANI ƏFQANISTAN XALQINDAN ÜZR ISTƏYIB

Əfqanıstanın ölkədən qaçmış dövlət başçısı Əşrəf Qani bəyanat yayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bəyanat Əşrəf Qaninin “Twitter” səhifəsində yerləşdirilib.

Bildirilir ki, Əşrəf Qani Kabili tərk etməyini həyatının ən çətin qərarı adlandırıb. Devrilmiş prezident ölkədə baş verən hadisələrin bu cür faciə ilə başa çatmasına görə Əfqanıstan xalqından üzr istəyib.

“Mən inanırdım ki, Kabili tərk etmək silahları susdurmaq və şəhərin 6 milyon əhalisini qorumaq üçün yeganə yoldur”, - deyə Əşrəf Qani qeyd edib.

Sabiq prezident qeyd edib ki, həyatının 20 ilini demokratiya, suverenlik və firavanlığın bərqərar olunması üçün əfqan xalqına yardım etməyə həsr edib və heç vaxt ölkəsini və bu baxışını tərk etmək niyyətində olmayıb.

Əşrəf Qani Əfqanıstanı tərk edərkən külli miqdarda pul vəsaitini özü ilə aparması barədə yayılmış məlumatları bir daha təkzib edib. O, rəsmi audit və ya BMT xətti ilə maliyyə araşdırmasının təşkil edilməsini dəstəkləyəcəyini vurğulayıb.

 

BAYDEN IQLIM DƏYIŞIKLIYININ DÜNYA ÜÇÜN TƏHLÜKƏ KƏSB ETDIYINI AÇIQLAYIB

İqlim dəyişikliyi hazırda həm ABŞ, həm də dünya üçün ciddi təhlükə kəsb edir. “Trend” agentliyinin “CNN” telekanalına istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Cozef Bayden “İda” qasırğasının vurduğu ziyanı qiymətləndirmək üçün ölkənin şimal-şərqinə səfəri zamanı bəyan edib.

“Alimləri, iqtisadçıları, milli təhlükəsizlik üzrə mütəxəssisləri dinləməliyik. Onlar hamısı ölkəmizin və dünyanın təhlükədə olduğu qənaətindədirlər. İqlim dəyişikliyi həyatımıza, iqtisadiyyatımıza ekzistensial təhlükə kəsb edir və bu təhlükə artıq buradadır, vəziyyət daha yaxşı olmayacaq”, - deyə Cozef Bayden vurğulayıb.

Prezidentin sözlərinə görə, indi yalnız zədələnmiş və ya dağılmış infrastrukturu bərpa etmək deyil, həm də ölkədə getdikcə daha çox baş verən fövqəladə təbii hadisələri nəzərə alaraq yeni obyektlər tikmək lazımdır.

 

AVSTRIYADA PEYVƏND OLUNMUŞ ŞƏXSLƏR ÜÇÜN PANDEMIYA BAŞA ÇATIR

Avstriyada pəyvənd olunmuş şəxslər üçün koronavirus pandemiyasının tamamilə başa çatdığı elan edilib. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bunu Avstriya kansleri Sebastyan Kurts bəyan edib.

Bununla yanaşı, kanslerin sözlərinə görə, pandemiyanın sona çatması koronavirusun yoxa çıxması demək deyil. O bildirib ki, qiymətləndirmələrə əsasən, virus hələ bir il də aktiv olacaq.

Sebastyan Kurts Avstriya vətəndaşlarını əmin edib ki, bundan sonra vaksin olunmuş şəxslərə qarşı heç bir məhdudiyyət tətbiq olunmayacaq. Kansler həmçinin etiraf edib ki, vaksin olunmayanlar məhdudiyyətlərə hazır olmalıdırlar.

 

NIGERIYADA VƏBA EPIDEMIYASI TÜĞYAN EDIR

Nigeriyada vəba epidemiyası qurbanlarının sayı 2141 nəfərə çatıb. “Report”un verdiyi xəbərə görə, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, Nigeriyada vəba epidemiyası yanvarın əvvəlindən yayılmağa başlayıb. Epidemiya 23 ştatda, o cümlədən paytaxtda qeydə alınıb. Bu dövr ərzində ümumilikdə 65145 nəfərdə vəba aşkarlanıb.

Ən çox yoluxma (10343) Kano ştatında müşahidə edilib. Vəbadan ən çox ölüm halı isə Kasina ştatında baş verib. Belə ki, həmin ştatda 150 insan vəbanın qurbanı olub.

Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzin direktorunun sözlərinə görə, vəbaya yoluxanların 26 fazi 5-14 yaşlı uşaq və yeniyetmələrdir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.