İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Badmintonçumuz ikinci olub

Uşaq və yeniyetmə badmintonçularımız Estoniyanın Tartu şəhərində keçirilən “Yonex Estonian Youth International 2022” turnirində çıxışlarını başa vurublar.

Ölkəmizi təmsil edən Məhəmməd Hacızadə  11 yaşadək oğlanların şəxsi yarışında turnirin final mərhələsinə yüksəlib və 3-cü yer uğrunda keçirilən görüşlərdə eston rəqiblərinə uduzaraq dördüncü olub. Bu yaş kateqoriyası üzrə oğlanların qoşa yarışında isə qrup mərhələsində latviyalı Oskar Bajarsla birgə mübarizə aparan təmsilçimiz ikinci olub.

İndoneziyadan iki medal

İndoneziyanın Tanqeranq şəhərində idmançılarımız gənclər arasında uşu üzrə səkkizinci dünya çempionatında iki medal qazanıblar.

Taolu və sanda üzrə keçirilən çempionatda yeniyetmələrin yarışında Raul Səfərov (52 kq), gənclərin mübarizəsində isə Amin Əlili (56 kq) bürünc medal qazanıblar.

Mundialda 63 ölkədən 900-dən çox idmançı iştirak edib.

“Qarabağ” ilk onluqda

Cari mövsüm avrokuboklarda (Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası) ən çox qol vuran komandalar bəlli olub. Ağdamın “Qarabağ” klubu ilk onluqda yer alıb. Azərbaycan təmsilçisi UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində iştirak etdiyi 8 oyunda 15, UEFA Avropa Liqasının qrupunda keçirdiyi 6 görüşdə isə 9 qol vurub. Ümumilikdə, 14 qarşılaşmada 24 dəfə fərqlənən Qurban Qurbanovun kollektivi “Top-50”nin açıqladığı siyahının 6-cı pilləsində qərarlaşıb.

Qılıncoynadanımız 5-ci yerdə qərarlaşıb

Fransanın Orlean şəhərində qılıncoynatmanın sablya növü üzrə Qran-Pri yarışı keçirilib.

Turnirin reytinq favoritlərindən sayılan Anna Başta mübarizəyə əsas mərhələdən başlayıb. Bütün mərhələləri adlayan təmsilçimiz yarımfinal uğrunda keçirilən görüşdə 10:15 hesabı ilə uduzaraq yekun sıralamada turnir cədvəlinin 5-ci sırasında yer alıb. Digər sablyaçılarımızdan Valeriya Bolşakova və Palina Kaspiaroviç də təsnifat mərhələsindən ən güclü 64-lüyə yüksəlməyi bacarıb.

Nərgiz İSMAYILOVA,

“Respublika”.