İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Akrobatika gimnastlarımız FIG kubokuna layiq görülüblər

Akrobatika gimnastikası üzrə milli komandamızın üzvləri Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən mükafatlandırılıblar. Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz FIG kubokuna layiq görülüb. Bu qərar Polşanın Jeşuv şəhərində keçirilən dünya kuboku yarışlarında və cari ildə üç dünya kuboku turnirində topladıqları ən yüksək nəticənin cəminə əsasən verilib. Qeyd edək ki, dünya çempionatının gümüş mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlüyümüz Polşada təşkil olunan dünya kuboku yarışlarında çoxnövçülük proqramında bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.

 

Güləşçimizdən gümüş medal

Güləş üzrə U-17 Avropa çempionatında çıxış edən təmsilçimiz Ruzanna Məmmədova final mərhələsində  gümüş medalla kifayətlənib. Daha öncə Yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatında 1 qızıl və 5 bürünc medal əldə edib. Turan Daşdəmirov (45 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub. Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıblar.

 

Cüdoçumuz "Böyük dəbilqə" turnirində üçüncü olub

Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük dəbilqə" turniri davam edir. İyunun 18-dək davam edəcək turnirdə 42 ölkədən 300-dən çox idmançı mübarizə aparır. Azərbaycan milli komandası turnirdə ilk medalını qazanıb.  Millimizin üzvü Gültac Məmmədəliyeva (52 kq)  üçüncü yer uğrunda görüşdə belçikalı Amber Ryheulə qalib gələrək gümüş medala sahib olub. 

 

Avropa çempionatında ölkəmizi 17 cüdoçu təmsil edəcək

Portuqaliyanın Odivelas şəhərində iyunun 22-dən 25-dək yeniyetmə cüdoçular arasında Avropa çempionatı keçiriləcək. Çempionatda Azərbaycan milli komandasının tərkibində oğlanların yarışında Məhəmməd Həşimov, Əhməd Rüstəmov (hər ikisi 50 kq), Mirxaliq İskəndərov, Fərid Qarayev (hər ikisi 55 kq), Məhəmməd Musayev (60 kq), Abil Yusubov, Mehdi Cəfərov (hər ikisi 66 kq), Süleyman Şükürov (73 kq), Aslan Kostoyev (81 kq) və Ramazan Əhmədov (+90 kq) mübarizə aparacaqlar. Qızların mübarizəsində isə Nigar Məmişova (40 kq), Aytac Yolçuzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qadaşova, Aytən Verdiyeva (hər ikisi 52 kq), Fidan Qasımova (57 kq) və Kamilla Toholiyeva (63 kq) tatamiyə çıxacaqlar.

Nərgiz İSMAYILOVA,

"Respublika".