Hər kim yüz il yaşamasa...
Sosial həyat

Hər kim yüz il yaşamasa...

Osman Abdulla oğlu Qurbanov (Osman Sarıvəlli) 17 dekabr 1905-ci ildə Qazax qəzası, İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub.

Orta təhsilini Qazax Müəllimlər Seminariyasında alıb. Təhsilini başa vurduqdan sonra Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib. Bir müddət sonra təhsilini daha da təkmilləşdirmək məqsədilə Moskva Dövlət Universitetinin filologiya fakültəsində oxuyub. Moskvada təhsil aldığı müddətdə bir çox ziyalı və ədəbiyyat nümayəndələri ilə tanış olub, əlaqə qurub. Sonralar Osman Sarıvəlli Moskva təhsili ilə bağlı xatirələrində yazırdı: "Moskvadakı təhsil illəri mənim həyatımda yeni bir mərhələnin başlanğıcı oldu. Orada klassik və müasir rus poeziyası ilə ətraflı tanış oldum. Rus dili vasitəsilə dünya ədəbiyyatının ən maraqlı nümunələrini öyrəndim".

Osman Sarıvəlli ədəbi yaradıcılığa 1933-cü ildə başlayıb. "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunub. 1934-cü ildə isə "Dəmir sətirlərim" adlı ilk şeirlər kitabı nəşr olunub. 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilib. Bakı Pedaqoji Texnikumunda müəllim, Bakı Teatr Texnikumunda müdir, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, "Uşaqgəncnəşr"də redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifəsində işləyib.

Sovet rejiminin qorxunc repressiya illəri Osman Sarıvəllinin də həyatında öz izlərini buraxmışdır. Qardaşı sürgün olunmuş, özü isə illərlə repressiya qorxusu altında yaşamış, haqsızlığa, təqiblərə məruz qalmışdır. Osman Sarıvəlli xalq yaradıcılığının təbliği, aşıq sənətinin tədqiqi ilə yanaşı, tərcüməçiliklə də məşğul olmuşdur. Nizami, Xəqani, Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Puşkinin əsərlərini, Sofoklun "Antiqona" faciəsini dilimizə çevirmişdir. Folklorumuzun, aşıq yaradıcılığının və Səməd Vurğunun külliyyatının hazırlanıb çap edilməsində böyük əməyi olmuşdur. Onun qoşmalarını bu gün də Azərbaycan aşıqları sevə-sevə oxuyur.

Osman Sarıvəlli xalq yaradıcılığına, folklora bağlı şair olub. O, öz yaradıcılığında şeirlərini aşıq ədəbiyyatından bəhrələnərək yazmış, aşıq poeziyasının vurğunu olmuşdur. Onun yazdığı qoşmalar və gəraylılar çox olmasa da, öz poetik incəlikləri ilə qəlb oxşayır. Şairin ilham mənbəyi Vətəninin daşı, torpağı, yurdu, təbiəti idi. Şeirlərinin qidasını folklordan, xalq yaradıcılığından alan şair vətəninin gözəlliklərini qələminin gücü ilə böyük ustalıqla canlandırırdı. O, öz vətəninə, torpağına aşiq bir vəfalı idi. Bütün şeirlərinin mayasını, qayəsini Vətən eşqi, məhəbbəti təşkil edirdi. Şair bütövlükdə Azərbaycan idi:

Kömürdən almaz çək, yarpaqdan ipək,

Daşdan gövhər çıxart, buluddan şimşək, - deyən şairin özü, xarakteri kimi yaradıcılığı, şeiriyyatı da odlu-alovlu, odlar yurduna məxsus idi.

Çox kasıb ailədə dünyaya gələn şair ömrünün ağrılı, acılı günlərini yaradıcılığının şah əsəri olan "Gətir oğlum, gətir!" poemasında təsvir edib. Oğlu Babəkə həsr etdiyi bu əsərdə yazırdı:

Mən kənddə doğuldum, sən də şəhərdə,

Sən beşikdə yatdın, mənsə yəhərdə.

Yatdım boz otlaqda boz dovşan kimi...

Gözümüz dünyaya açılan kimi

Mən çomaq götürdüm, sən kağız, qələm,

Çomaq bir aləmdir, qələm bir aləm...

Onun haqqında isə Mirvarid Dilbazi belə deyirdi: "Osman Sarıvəlli çörəksiz yaşayıb, məsləksiz yaşaya bilməyən sənətkarlardandır".

Hər bir şairin öz möhürbəndi olan şeirləri olur. Osman Sarıvəllinin "Tut ağacı", "Gətir oğlum, gətir", "Günah onun özündədir", "Bənövşə" kimi əsərləri bu qəbildəndir. Şair-filosof olan Osman Sarıvəlli həyatının ən qaynar çağlarında vətənindən, elindən, onun gözəlliklərindən, mənəvi dəyərlərindən güc alaraq: "Hər kim yüz il yaşamasa, günah onun özündədir", - deyirdi. Lakin gəncliyini, ömrünün coşqun illərini zamana təslim edəndən sonra, ömrünün ahıllıq, qürub çağında yazırdı: "İndi görürəm ki, həyat öz işini görür, bizi illər qocaltmağı da bacarır".

Xalq şairi Osman Sarıvəlli sovet dövrü Azərbaycan poeziyasının görkəmli nümayəndələrindəndir. Əgər Azərbaycan ədəbiyyatının XX əsrə aid hissəsinə nəzər salsaq, Osman Sarıvəllinin öndə gələn isimlərdən biri olduğunu görərik. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafında mühüm yer tutmaqla yanaşı, eyni zamanda ədəbin, əxlaqın və mənəvi təmizliyin üzərində qurulmuşdur. O, müraciət etdiyi hər bir mövzunu şeirdə obrazlı, dolğun canlandıra bilən, milli koloritli şair idi. Onun şeirlərinin öz ahəngi, öz rəngi var. Milli folklora, xalq yaradıcılığına söykənən şeirləri ana torpağımızdan, torpağın əsrarəngiz nemətlərindən, dağından, daşından, bulağından qaynaqlanırdı. Onun şeirlərində süniliyə, yalançı pafosa, boş hay-küyə rast gəlmək olmur. Gördüklərini hiss etdiyi, sevdiyi kimi yazmış, öz fikirlərini elə elin dilində də səsləndirmişdir.

Osman Sarıvəlli poeziyamızda siyasi lirikanın bənzərsiz nümunələrini yaratmış, siyasi mövzuda şeirləri belə sadə dildə yazmışdır. Onun millət vəkilinə müraciətlə yazdığı "Mən səni seçdim ki..." şeiri bu mövzuda yazılmış ən gözəl poeziya nümunəsidir. Şairin "Böyük dostluq", "Sibir dəftəri", "Neapol şeirləri", "Mərakeş lövhələri", "Misirli qardaşlara", eyni zamanda gürcü qardaşlara həsr etdiyi "səyahət şeirləri", Azərbaycanın, onun şairinin dünyanın qardaş ölkələrinə baxışını, isti münasibətini ifadə edirdi. Şair bu ölkələrin təbiətini, gözəlliklərini doğma Azərbaycanın gözəllikləri ilə müqayisə edərək, oxşar cəhətlərini öz şeirlərində göz önünə gətirirdi. Şeirlərində torpağa, yurda bağlılıq hər misrada hiss olunur, sezilir. Osman Sarıvəllinin şeirləri arasında "Bənövşə" şeiri də xüsusi dili, canlı obrazlılığı ilə seçilir. Qurbanidən sonra bənövşəyə bu gözəlliyi, həyatı verən məhz o olub. Bənövşəni gözəl, ətirli çiçək kimi vəsf edən şair onu insanla təbiətin əlaqəsi fonunda daha da ucaldaraq insanın daxili gözəlliyi ilə əlaqələndirir:

Taxsa da döşünə səni hər yetən,

Təmiz ürəklərə yaraşır xalın!

Ömrünün son çağlarında uzaqlara boylanan şair ümidini əsla itirməmişdir. Gözlərində yenə də həyat eşqi, yaşamaq həvəsi alovlanırdı. Bütün bunlara baxmayaraq, şair həyat qanunlarına tabe olub yazırdı:

Yenə tut ağacı dərdimi dinlər...

Uzun qələmələr ah çəkib inlər,

Ağlayıb dalınca salxım söyüdlər,

Saçını yolsa da, mən gedər oldum.

Xalq şairi Osman Sarıvəlli 3 iyun 1990-cı ildə 84 yaşında vəfat edib. Doğma kəndində dəfn olunub.

Ramidə YAQUBQIZI, 

"Respublika".