Xeyirxahlıq, nəciblik mücəssiməsi
Sosial həyat

Xeyirxahlıq, nəciblik mücəssiməsi

Akademik, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, xeyirxah əməlləri ilə insanların qəlbində əbədi yaşayan Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi respublikamızın hər yerində ehtiramla qeyd olunur. Xatirəsi anılır, tibbin ən çətin və məsuliyyətli sahəsi olan oftalmologiyanın inkişafı üçün göstərdiyi xidmətlər xatırlanır.

Məşhur oftalmoloq, akademik M.Kraskov Zərifə xanım Əliyevanın görmə orqanlarının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqat əsərlərini yüksək qiymətləndirərək belə qeyd etmişdir:  əcəl bu görkəmli alimə bir neçə il də möhlət versəydi, o, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbin rəhbəri olacaqdı.

Zərifə xanım ətirli bir bahar günündə dünyaya gəldi. Bahar ürəkli oldu. Görkəmli alim qısa bir ömür yaşadı. Cəmi 62 il. Zərifə xanım Əliyeva bu qısa ömürlü həyatında elmin sirlərinə vaqif alim, hərəkətləri, əqli, zəkası ilə valideynlərinə bənzəyən mükəmməl övlad, həyat və davranışları ilə bütün qadınlara örnək, kamil bir qadın, ömür-gün yoldaşına böyük arxa, övladlarına gözəl ana olmuşdur.

Zərifə xanımın atası, tanınmış ictimai-siyasi xadim Əziz Əliyev yüksək dövlət qulluğunda çalışarkən onlara qarşı çox təzyiqlər olmuşdur. Zərifə xanım da çətin anlar yaşamış, mənəvi zərbələrə məruz qalmış, lakin sınmamışdı.

O, həyatını elmə bağlamış, bu yolda gecə-gündüz çalışmış, nəhayət, çəkdiyi sitəmlərin əvəzi olaraq tale onun ömür yoluna Heydər Əliyev kimi bir şəxsiyyət çıxarmışdı.

Əziz Əliyevin ailəsinin ən ağır vaxtlarında belə Heydər Əliyev DTK sistemində çalışmasına baxmayaraq, Zərifə xanımla ailə qurmaqdan çəkinməmişdir. Halbuki, buna görə onun karyerası sual altına alınmışdır. Belə bir cəsur, mətin insanın ömür-gün yoldaşı olmaq böyük bir xoşbəxtlik idi.

Sonralar ümummilli liderimiz Heydər Əliyev saf, təmiz duyğularını belə ifadə etmişdi: "Mən onu çox sevirdim, o, da məni çox sevirdi, biz bir-birimizi çox sevirdik".

Heydər Əliyev-Zərifə xanım sevgisi kainatdan gələn, günəşdən güc alan sevgi dolu bir xoşbəxtlik dünyası idi - desək, yanılmarıq.

Dövrünün görkəmli ziyalısı və ictimai-siyasi xadim Əziz Əliyev ixtisasca həkim olmuşdur. Zərifə xanım da həkim olmaq arzusu ilə 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə və profilaktika fakültəsini bitirdikdən sonra Moskvada Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma təhsilini davam etdirmişdi. O, qəlbinin nurundan insanlara işıq paylamaq üçün taleyini ömürlük səhiyyəyə bağlayır... Görəsən, bu işıqlı dünyanın nurundan məhrum olmuş insanlara nur paylayan bir təbib üçün bundan böyük bəxtiyarlıq ola bilərdimi?

Elmi-tədqiqat işlərinə marağı olduğundan Zərifə xanım Azərbaycan oftalmologiya Elmi-Tədqiqat İnstitutunda həkim-ordinator kimi fəaliyyətə başlamışdır. 1950-ci ildə aspiranturaya daxil olmuş, oranı bitirdikdən sonra Respublika Elmi-Tədqiqat İnstitutunda elmi işçi kimi çalışmışdır.

Həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticələrə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. O zaman bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə nəinki oftalmologiya elmi üçün, bütün Azərbaycan Respublikası üçün mühüm məsələyə çevrilmişdi. Dünya işığına həsrət qalan insanların çoxu məhz bu xəstəlikdən əziyyət çəkirdi. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicə və profilaktik tədbirlərin təşkilində fəal iştirak edirdi. O, respublikada traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim oftalmoloqlara mühazirələr oxuyur, əhali ilə söhbətlər aparırdı. Elə bununla Zərifə xanımın ilk elmi araşdırmasının mövzusunu həyat özü müəyyənləşdirdi. 1960-cı ildə "traxomanın digər terapiya üsulları ilə birlikdə sintomesinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyası işini müdafiə etdi.

Zərifə xanım Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında həkimlik fəaliyyətini davam etdirməklə tibbi əməliyyatlar aparır, müalicələr edir, məsləhətlər verir, göz xəstəliklərinə aid təkmilləşdirmə kurslarının dinləyiciləri olan həkimlərə mühazirələr oxuyurdu.

Zərifə xanım seçdiyi peşədə zülmətlə işığın mübarizəsində zülmətə qalib gəlməyi bacardı. Ona pənah gətirən hər kəsi vicdanı, biliyi sayəsində zülmətdən xilas etməklə işığa qərq etdi. Sonralar Zərifə xanım oftalmologiyanın digər vacib istiqamətlərinin tədqiqatı ilə də məşğul oldu. "Qlaukoma"nın öyrənilməsinə aid olan tədqiqatların nəticəsində nəşr olunmuş elmi məqalələr göz xəstəlikləri klinikasında çalışan həkimlərin biliklərinin genişlənməsinə töhfə oldu.

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxsahəlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bu insanın necə böyük şəxsiyyət olduğunu bir daha görürük. Fitri istedada malik olan bu gözəl insanın, novator alimin pak bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir azərbaycanlı üçün kamillik, müdriklik məktəbidir.

Zərifə xanım Əliyeva professional oftalmologiyanın problemləri ilə ciddi məşğul olan alim kimi dünyada ilk dəfə olaraq peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmaqla praktiki olaraq elm aləmində yeni bir istiqamətin, peşə oftalmologiyasının əsasını qoydu. Apardığı tədqiqatlarda "Göz yaşının axmasının fiziologiyası", "Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti" kimi qiymətli elmi məqalələr və monoqrafiyaları yazıb çap etdirmişdi.

"Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrində çalışan işçilərin görmə üzvünün vəziyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda doktorluq dissertasiyasının müdafiəsi zamanı keçmiş sovetlər ittifaqının görkəmli alimləri bu böyük elmi əsəri çox yüksək qiymətləndirmişlər.

Görkəmli alim, həmçinin nadir sahə sayılan "iridodiaqnostika" və "iridoterapiya" problemləri ilə məşğul olmaqla iki monoqrafiya hazırlamışdı. Qürurla qeyd etmək istərdim ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə azərbaycanlı qadın Zərifə xanım Əliyeva yazmışdır.

Görmə orqanlarının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə keçmiş SSRİ-nin oftalmologiya sahəsinin ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatını alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşmüşdür.

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının müdiri, professor Zərifə xanım Əliyeva elmi-tədqiqat işlərinin təşkili, kadrların və elmi işçilərin hazırlanması məqsədilə öz ətrafına gənc və istedadlı həkimləri topladı. Zərifə xanımın təşəbbüsü ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirildi. Plenumun keçirilməsi nəinki Azərbaycanın, keçmiş sovetlər ittifaqının səhiyyədə oftalmologiya xidmətinin inkişafında, eləcə də elmi-pedaqoji kadrların hazırlanmasında çox böyük rol oynadı.

Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqat əsərləri alimə böyük şöhrət gətirmiş, onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmışdı.

Azərbaycan Elmlər Akademiyası A.Qarayev adına Fiziologiya İnstitutunda Zərifə xanımın təşəbbüsü ilə görmə orqanının fiziologiyası və professional patologiyasının problemi ilə məşğul olan laboratoriya açıldı. Burada istehsalatda zərərli maddələrin görmə orqanına fizioloji, klinik, funksional və kistaloji təsir mexanizminin bir sıra dərin tədqiqatlarının nəticələri həyata keçirilmişdi. Belə elmi axtarışların nəticəsində Zərifə xanımın bir neçə monoqrafiyaları dərc edilmişdi.

Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesində çalışan işçilərin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənməklə onun profilaktikası tədbirlərini işləyib hazırlamışdı.

Onun "şin istehsalında gözün peşə patologiyası", "xroniki yod intaksikasiyası zamanı oftalmologiya", "yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası" kimi elmi monoqrafiyaları dünya miqyasında yüksək qiymətləndirilmişdi. Zərifə xanımın maraqları təkcə görmə orqanının professional patologiyası problemləri ilə məhdudlaşmırdı. Alimin görmə orqanının virusla zədələnmə problemlərinə həsr olunmuş bir çox elmi işləri də geniş yayılmış, tədqiqatlar nəticəsində bu xəstəliklərin diferensial diaqnostikasını yaxşılaşdırmaq və onların müalicəsinin effektliyini gücləndirməyə nail olmuşdu.

Zərifə xanım etnologiya, diaqnostika və qlaukomanın müalicəsi məsələlərinə də həsr olunmuş maraqlı tədqiqatlar aparmış və bu tədqiqatların nəticəsində "gözün hidrodinamika sisteminin xarakteristikası", "yaşla bağlı gözün və əsəb yollarının dəyişilməsi" adlı iki monoqrafiya hazırlamışdı.

Zərifə xanım gözün travma ilə mübarizəsi və profilaktikasında cərrahiyyə müalicəsinin metodik üsullarını təhlil etməklə bir neçə faydalı məsləhətlər işləmişdir. O, gözdə bəzi qorxulu şişin diaqnostikasına dair əsərlərin müəllifidir. Görkəmli alimin daktiologiya ilə bağlı "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi", "Göz yaşı ifraz edən yolların hifzi cərrahiyyəsi" adlı monoqrafiyaları təkcə oftalmoloqların deyil, fızioloqların da marağına səbəb olmuşdu. Yaxşı deyiblər: Gözlərin nurunu qoruyanlar hər hörmətə, hər tərifə layiqdir.

Görkəmli alimin müəllifi olduğu "İridodiaqnostikanın əsasları" adlı nadir əsəri həm də oftalmoloq həkimlərin mükəmməl dərsliyidir.

Zərifə xanım həkim etikası və tibbi deontologiya məsələlərinə çox böyük əhəmiyyət verirdi. O, haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir:

"Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir".

Zərifə xanım Əliyevanın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun "həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri" əsərində daha ətraflı şəkildə əks olunmuşdu.

Bu böyük alimin ömür səhifələri yaradıcı əməyin vətənə, xalqa namusla xidmətin gözəl nümunəsidir, bütün gənclərimiz üçün əsl həyat məktəbidir.

Alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Akademik Zərifə xanım Əliyeva 140 elmi əsərin, 10 monoqrafiya, 12 səmərəli təklifin müəllifi olmuşdur. Görkəmli alimin xalq qarşısındakı və tibb elmi sahəsindəki böyük xidmətləri yüksək qiymətləndirilmişdir. Əməkdar elm xadimi, professor Zərifə Əliyeva müxtəlif mükafatlar, orden və medallarla təltif olunmuşdur.

Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu oftalmologiya kafedrasının professoru, akademik Filatov mükafatı laureatı V.Şmelyeva akademik Zərifə Əliyeva haqqında demişdir:

"Həyatda mənim bəxtim gətirib. Belə ki, taleh mənə qeyri-adi bir insanla ünsiyyətdə olmaq imkanı verib. Zərifə xanım Əliyeva ömrünün son günlərinədək mənim yaddaşımda məhz, həyatda olduğu kimi, qeyri-adi insan olaraq qalacaq. Zərifə xanım hər şeydən əvvəl, həyat sevgisi və maraq dairəsinin böyüklüyü ilə fərqlənirdi. O, həkim-oftalmoloq sənətinin vurğunu idi, elmi-tədqiqatlara çox vaxt sərf edirdi. O, oftalmologiyada yeni, çox çətin və az öyrənilən bir sahəni araşdırmış, bu tipli xəstəliklərin profilaktikasına və müalicəsinə böyük töhfə vermişdir. Zərifə xanım həyatda olduğu kimi, elmdə də özünə tapdanmış yol seçməmiş, elmin az öyrənilən, lakin inkişafı günün tələbi olan sahələrini araşdırmışdı. Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazası olsaydım, heç şübhəsiz ki, onu "Əvəzolunmaz insan haqqında povest" adlandırardım".

Zərifə xanım böyük və tanınmış bir nəslin nümayəndəsi idi. Atası məşhur ictimai-siyasi və dövlət xadimi Əziz Əliyev uzun müddət məsul vəzifələrdə çalışarkən müxtəlif təzyiqlərlə üzləşmiş, amma sınmamışdı. Dövrünün sayılıb-seçilən ziyalısı, dövlət xadimi olmuşdu. Əziz Əliyevin keçdiyi böyük bir ömür yolu bir də onu təsdiqlədi ki, vəzifələr insanı zənginləşdirmir, insanlar vəzifələri zinətləndirirlər.

Zərifə xanım əsl ziyalı ailəsindən idi. Ata nənəsi Əziz Əliyevin anası Zəhra xanım İrəvanın adlı-sanlı adamlarından sayılan İbrahimbəy Süleymanbəyovun qızı idi.

Zərifə xanım Əliyeva ölkənin birinci şəxsinin, Heydər Əliyevin ömür-gün yoldaşı idi. Lakin bu amillər heç də onun sadəliyinə mane olmurdu. Bu sadəlik, alicənablıq, nəcabətlik, ziyalılıq onun soykökündən, bəyzadəliyindən və genindən gəlirdi.

Deyirlər, - qadın, həyata can verən, insanı yaşadan Allahdan sonra ikinci qüdrət sahibidir!..

Zərifə xanım qeyri-adi qadın idi. Görkəmli alim həyatını elmə, işə həsr etsə də, ailəsinə diqqəti, məhəbbəti ön cərgədə idi. Qüdrətli dövlət başçısı Heydər Əliyev ömrünün axırına kimi Zərifə xanıma olan məhəbbətini heç nə ilə dəyişmədi. Zərifə xanımın piano arxasına keçməsi onun müşayiəti ilə ulu öndərimizin "Üzüyümün qaşı firuzədəndir", "Küçələrə su səpmişəm" xalq mahnısını ifa etməsi, sözün əsl mənasında ailə xoşbəxtliyinin məhəbbət haqqında dastanı idi.

Zərifə xanım sözün bütün mənalarında böyük Azərbaycan qadınıdır. Görkəmli alim Azərbaycan tibb elminin korifeylərindən biri, böyük ziyalı, böyük qadın, böyük ana - Azərbaycan qadınının simvoludur.

Zərifə xanım övladlarına çox bağlı bir ana idi. Ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun davamçısı, cənab Prezidentimiz İlham Əliyev kimi xalqına, torpağına, millətinin qayğısına qalan görkəmli bir insanın anasıdır. Yaxşı deyiblər: "Bir xalqın gələcək nəslinin ağıllı-kamallı olması üçün o xalqın kamil anaları olmalıdır"...

Zərifə xanımın xatirəsi oftalmoloq alim, nəcib xeyirxah insan, anaların anası kimi Azərbaycan xalqının qəlbində yaşayır, yaşayacaqdır.

Zərifə xanım bir ətirli bahar günündə dünyaya gəlmişdi. Bu ətirli bahar günlərində vətən torpağının ən gözəl güllərindən, çiçəklərindən dəstə bağlayıb onu yad edib, ziyarətinə gəlirlər.

İllər illərə calanır. Tarix isə öz işini görür. Tarix Zərifə xanım Əliyevanın adını, şöhrətini gələcəyə aparır.

Görkəmli alim Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin baş memarı və qurucusu, bütün mənalı ömrünü vətənin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, ümummilli liderimiz Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu, etibarlı silahdaşı olmaqla, böyük bir xalqa arxa olan insana arxa idi.

Rəfiqə MƏSUD,

 kinossenarist, publisist,

Əməkdar mədəniyyət işçisi.