GÜNEYDƏN SƏSLƏR...
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR...

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

UMUD ZƏNGANLI

1971-ci ildə Zənganın Qarapüşlü mahalında yerləşən Bayrambey kəndində dünyaya göz açıb. İlk müəllimləri bölgədə tanınmış təhsil ustadları - Mirzə Şəntiya, Hacı Mirzə Əli və şairin öz əmisi Mirzə Şəban olub. Şair uşaqlıq illərini doğulduğu kənddə Kiti dağının ətəyində ustadlarından dərs alaraq keçirib. Umud on iki yaşında ailəsi ilə birlikdə Zəngan şəhərinə köçüb və təhsilini Zəngan məktəblərində davam etdirib. Bir sıra çətinliklərə görə, şair yalnız orta təhsilini başa vurub, ancaq yazıb-oxumaqdan bir an belə əl üzməyib. Hələ gənc çağlarından Azərbaycan ədəbiyyatına maraqlı olduğundan yaradıcılığı da ana dilindədir. 2015-ci ildə "Qaçaq Nəbi" və "Elə bağlıyam" adlı şeirləri Quzey Azərbaycanın gündəlik nəşrlərində dərc olunub.

 

Qarabağım

Qarabağım yanıb bar itirmişəm,

Yoxluq qazanmışam, var itirmişəm,

Sazım kökdən düşüb, tar itirmişəm,

Ölürəm, ölürəm, ölürəm daha.

***

Kar olub dunyanın qulağı bizə,

Yanan yox Kəlbəcər, Şuşa, Təbrizə,

Ədalət vardısa, hansı bir sözə,

Ölürəm, ölürəm, ölürəm daha.

***

Yoruldum mən Araz, Araz deməkdən,

Gözyaşı tökməkdən, hey dərd yeməkdən,

Özgəyə göz dikib yol gözləməkdən,

Ölürəm, ölürəm, ölürəm daha.

***

Azərbaycan başdan oyanmalıdır,

Öz haqqın almağa dayanmalıdır,

Babəklər qanına boyanmalıdır,

Ölürəm, ölürəm, ölürəm daha.

 

MƏHƏMMƏDRZA YAQUBOĞLU ŞOVKƏTİ

1972-ci ildə Təbriz yaxınlığındakı Yuxarı Alvar kəndində anadan olub. 1990-cı ildən "Mehdi azadi", "Pəyami no", "Şəmse Təbriz", "Əsri azadi", "Kuşa", "Ticarət və tovsiyə" və "Omide Təbriz" kimi gündəlik qəzet və dərgilərdə çeşidli məqalə və şeirləri dərc edilib.

Pəyami Nur Universitetinin "Ədəbiyyat" və "Dadbərin" dərnəklərində fəal iştirak edib. "Əsri azadi" gündəliyində sevimli şair və yumor dünyasının çağdaş Möcüzü - ustad Yalqızla tanış olub.

2003-cü ildə həcvlərindən ibarət "Gülə-gülə" adlı şeirlər kitabı "Əhrar nəşr" tərəfindən yayınlanıb. 2005-ci ildə Zəngan şəhərinin Quzey Batı mətbuatı Festivalında ədəbi məqalə yarışmasında birinci, yumor və ictimai məqalə nominasiyasında isə üçüncü yeri qazanıb.

Salam olsun sənə,

ey Azərbaycan!

Salam olsun sənə gülüm Təbrizim,

Arxam elim, sınmaz belim Təbrizim,

Salam olsun sənə can ey can, ey can,

Salam olsun sənə, ey Azərbaycan!

 

Səməd Behrəngidir dəryalar şahı,

Xaqani, Füzuli sözün Allahı

Şəhriyarın adın eşidən dahi,

Gərəkdir hay salsın desin ucadan,

Salam olsun sənə, ey Azərbaycan!

 

Saranı indi də sel boğur suda,

O seli gərəkdir, gərək zəhr uda,

Xan Çoban yatmayıb, yatmayıb o da,

Hay vurur ucadan, sən də vur cavan,

Salam olsun sənə, ey Azərbaycan!

 

Aşıqlar sazında çalır "Kərəmi",

Kərəm Əslisinə çalır "Dilqəmi",

"Baş sarıtel" bacarmayır çəm-xəmi,

Kişnəyir, hayqırır, salır o tufan,

Salam olsun sənə, ey Azərbaycan!

 

Tarixi Abidələr

(əvvəli 14 yanvar tarixli sayımızda)

 

Təbriz şəhərində tikilmiş və orta əsrin tarixi abidələri sırasında diqqətçəkən mükəmməl memarlıq nümunələrindən biri "T" şəkilli planlanmasına görə, Türkiyənin Bursa şəhərindəki Yaşıl camini xatırladan Göy məscid, yaxud da onu ucaldan Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin üçüncü oğlu, "Həqiqi" təxəllüsü ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şair, hürufi fəlsəfəsinin tanınmış nümayəndəsi Müzəffərəddin Cahanşah Həqiqinin adı ilə "Cahan şah məscidi" adlandırılan abidədir. Deməli, Göy məscid Qaraqoyunlular dövlətinin yadigarıdır. Vaxtilə böyük və əzəmətli memarlıq kompleksi kimi tanınıb. Lakin feodal ara müharibələri zamanı dağıntılara məruz qalıb.

Qeyd edək ki, "XV əsrdə Təbriz özünün memarlıq - planlaşdırma inkişafının çiçəklənmə dövrünü yaşayıb. Qaraqoyunlu və Ağqoyunlu hökmdarları - Cahanşah Həqiqi, Uzun Həsən və Sultan Yaqub bu dövrdə Azərbaycanın paytaxt şəhərində önəmli şəhərsalma tədbirləri həyata keçiriblər. Bir sıra iri memarlıq kompleksləri - Müzəffəriyyə, Qeysəriyyə, Nəsriyyə, Maqsudiyyə, Həşt Behişt saray kompleksi və Azərbaycan memarlığının digər maraqlı və dəyərli nümunələri meydana gəlib. Cahan şah Həqiqinin hökmdarlığı dövründə Təbrizdə xeyli sayda gözəl binalar tikilir". Bu abidələrin çoxunun adı türk alim-səyyah Övliya Çələbinin (XVII əsr) "Səyahətnamə" kitabında bəlli olur. O, kitabda Təbrizin ən gözəl tikililərini sadalayır və bir neçəsinin də adını çəkir. Onlar məhz sifarişçinin - incə zövqlü, sənət bilicisi Cahan şah Həqiqinin adı ilə tanınan "Cahan şah imarəti", "Cahan şah hamamı", "Cahan şah karvansarası", "Cahan şah binası" və Təbrizdə ən böyük mədrəsə kimi məşhur olan "Cahan şah mədrəsəsi"dir. Cahan şah dövrünün ən görkəmli abidə-tikinti kompleksi 1467-ci ildə tamamlanmış Müzəffəriyyə memarlıq kompleksidir ki, onun tərkibinə cümə məscidi, xanəgah, kitabxana, mədrəsə, türbə və b. tikililər daxil olub. Kompleksin qərb hissəsində isə Cahan şah hamamı yerləşir. Bu nəhəng memarlıq kompleksindən dövrümüzə qədər yalnız kompleksin baş tikilisi - memarlıq tarixinə Göy məscid adı ilə daxil olan və Cahan şah Həqiqinin dəfn olunduğu əzəmətli Cümə məscidi qalıb.

XX əsrin 70-ci illərində Göy məscidin "təmizlənməsi" və "bərpası" zamanı üstü yazılı kvadrat kaşı lövhə tapılır. Üstündə qabarıq hərflərlə və nəsx xətti ilə yazılmış yazı belə oxunur: "Be sərkareye İzzətdin Qapuçi ibn Məlik". Beləliklə, Göy məscidin inşasına başçılıq edən mütəxəssislərin kimliyi müəyyənləşir: baş memar - Xacə Əli Küçəçi, monumentalist xəttat - Mövlanə Nemətullah Bəvvab və baş iş icraçısı - İzzətdin Qapuçi. Bu yüksəkixtisaslı yerli ustalar Təbriz memarlıq məktəbinin zəngin ənənələri mühitində, təsiri Azərbaycanın hüdudlarından kənara çıxan nadir memarlıq əsəri yaradıblar. Mütəxəssislər bildirirlər ki, mühəndis-konstruktiv cəhətdən Göy məscid Təbriz memarlıq məktəbinin ən böyük nailiyyətlərindəndir. Abidənin bugünkü görünüşü onun həcm-məkan quruluşu haqqında dolğun təsəvvür yaratmır. Həm interyer, həm də fasad bəzəyinin rəng koloritində göy rəng üstünlük təşkil etdiyindən abidə Göy məscid adını alıb. Məscid heyrətləndirici mavi parlaqlığına görə isə "İslamın firuzəsi" adlandırılıb. Göy məscid dekoru və incə üslubu ilə orta əsr Azərbaycan memarlığında memarlıq bəzəyinin zəriflik, zənginlik və gözəllik zirvəsi hesab olunur.

Göy məscid başlıca olaraq özünün fasad və interyerlərinin nəfis və ecazkar bəzəkləri ilə şöhrət tapmışdır. Bu memarlıq dekorasiyalarında tətbiq edilmiş bədii üsul və vasitələr olduqca çoxdur. Baş fasadda, kiçik salonun kürsülüyündə və oyma mərmər şəbəkələrdə tətbiq edilən daş hissələrlə yanaşı, binanın bəzəyində yüksək dərəcəli bədiiliyə malik keramik dekorlardan da geniş istifadə olunub. Burada keramik bəzəklərin iki növü var. Onlardan biri iriölçülü kaşı lövhələrdən, ikincisi isə xırda, standart formada kəsilmiş, mozaika tipli kaşı bəzəyindən ibarətdir.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.