Qardaş köməyi
Digər xəbərlər

Qardaş köməyi

Fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində eyni gündə müxtəlif saatlarda baş verən təbii fəlakət həyatı iflic vəziyyətinə salıb. Səhər 04:17-də 7,8 və günorta saatlarında 7,6 bal gücündə qeydə alınan yeraltı təkanlar saniyələr ərzində on minlərlə insanın həyatına son qoyub. Son məlumata görə ölənlərin sayı 40 mindən çoxdur. Bununla yanaşı, minlərlə bina yerlə-yeksan olmuş, yüz mindən çox insan yaralanmışdır. Zəlzələ Türkiyənin Adıyaman, Qaziantep, Adana, Hatay, Ümraniyə və digər şəhərlərində dağıdıcı gücünü göstərib. Təbii fəlakət nəticəsində dünyasını dəyişənlərin ruhuna ehtiram əlaməti olaraq Türkiyədə yeddigünlük matəm elan olunmuşdu.

Dağıntıların kütləvi şəkil almasının əsas səbəb kimi zəlzələnin gücü göstərilsə də, digər amil kimi əksər binaların keyfiyyətsiz olması qeyd edilir. Elə bu səbəbdən həmin binaları tikən şirkətlər haqqında cinayət işi başlanılmış və podratçılar cinayət məsuliyyətinə cəlb olunmuşlar. Zəlzələnin şiddəti o qədər güclüdür ki, Türkiyə Daxili İşlər naziri Süleyman Soylu zəlzələ zonasını "4-cü dərəcəli həyəcan" elan edib. Süleyman Soylu bildirib ki: "4-cü dərəcəli həyəcan elan edilib. Bu da beynəlxalq yardım zərurətini ehtiva edir. Hələlik dağıntı və tələfat barədə konkret məlumat yoxdur".

Hadisə baş verdikdən sonra dünyanın dörd bir yanından qardaş Türkiyə xalqına kömək gəlib. Qardaş köməyinə gələn ilk ölkə Azərbaycan olub. Dövlət başçısı İlham Əliyevin göstərişinə əsasən, ilk olaraq Azərbaycanın axtarış-xilasetmə qruplarının nümayəndələri göndərilib. Fevralın 17-də Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyəyə göndərilən humanitar yardımlar haqqında məlumat verilib. Verilən məlumata əsasən, Türkiyəyə zəlzələdən sonra 867 nəfər xilasetmə və tibbi personal, 2 mobil səhra hospitalı, 4873 çadır, 4 səhra mətbəxi, 861 generator, 221512 zəruri məhsullar, 302034 isti geyim, 12505 ədəd qızdırıcı və texniki avadanlıqlar, 693756 ədəd dərman və tibbi ləvazimatlar göndərilib.

Fevralın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHB lideri Dövlət Bahçeli Hatay şəhərinə səfər edib. Səfər zamanı Türkiyə dövlətinin başçısı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri ilə görüşüb. Görüş zamanı Rəcəb Tayyib Ərdoğan azərbaycanlı heyətə təşəkkür edib. Xatırladaq ki, FHN-in qüvvələri indiyədək Kahramanmaraş və Hatayda dağıntılar altından 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxarıblar.

Türk xalqına yardım əlini uzadan Heydər Əliyev Fondu fevralın 16-da növbəti humanitar yardım təyyarəsini qardaş ölkəyə yola salıb. Fondun rəsmi səhifəsindən verilən məlumatda qeyd olunub ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 16-da səhər daha bir humanitar yardım daşıyan təyyarə yola düşüb. 105 tonluq humanitar yardım aparan təyyarə ilə qardaş ölkəyə zəlzələdən zərərçəkmiş insanların soyuq qış aylarında ən çox ehtiyac duyduqları qızdırıcılar və çadırlar çatdırılacaq. Xatırladaq ki, bu, Türkiyəyə göndərilən ilk yardım deyil. Bundan əvvəl də ilk dəfə faciədən zərərçəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıran xüsusi təyyarə fevralın 9-da Türkiyəyə eniş edib. Daha sonra humanitar yardımla dolu təyyarə birinci xanım Mehriban Əliyevanın göstərişinə əsasən, fevralın 11-də Türkiyənin zəlzələ bölgəsinə yola düşüb. Bu dəfəki humanitar yardıma faciədən zərərçəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədilə ləvazimat və avadanlıqlar daxildir. Heydər Əliyev Fondu, "AzərEnerji" ASC və "Azərişıq" ASC-nin dəstəyi ilə göndərilən yardım zəlzələ bölgəsinə çatdırılıb. Fevralın 15-də isə çadırlar və qızdırıcılar daxil olmaqla ümumilikdə 40 ton yardım yola salınıb.

Azərbaycanda paytaxt Bakı ilə yanaşı, bölgələrdə Mingəçevir, Naxçıvan Muxtar Respublikası, Saatlı, Salyan, Gəncə, Lerik, ümumilikdə ölkənin bütün ərazilərindən Türkiyədə baş vermiş zəlzələlərin fəsadlarını aradan qaldırmaq üçün insanlar könüllü olaraq səfərbər olublar. Bölgələrdən yardım kampaniyası çərçivəsində isti geyimlər, tibbi ləvazimatlar, dərman preparatları, ərzaq məhsulları və digər zəruri əşyalar TIR-lar vasitəsilə qardaş ölkəyə yola salınır.

Türkiyədə dağıdıcı zəlzələdən sonra afterşoklar davam edir. Belə ki, fevralın 20-də Hatay vilayətində əvvəlki afterşoklara nisbətən daha güclü 6,4 və 5,8 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Zəlzələ nəticəsində bir sıra dağıntıların qeydə alınması insanları yenidən təşvişə salıb. Təbii fəlakət Türkiyə ilə yanaşı, İraq, Misir, İsrail, İordaniya, Livanda da hiss olunub. Həmçinin "Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi" bölgədə sunami olacağı haqqında xəbərdarlıq edib.

Musa BAĞIRLI,

"Respublika".