Sel sularından mühafizə tədbirləri aktualdır
Region

Sel sularından mühafizə tədbirləri aktualdır

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, hər il olduğu kimi, Oğuz Suvarma Sistemləri İdarəsi bu il də rayon ərazisində mövcud əkin sahələrinin suvarılmasını, o cümlədən selə qarşı qabaqlayıcı tədbirlərini davam etdirir. İdarə 13039 hektar torpaq sahələrini suvarma suyu ilə təmin edir. Suvarma suyu təsərrüfatlara idarənin balansında olan ümumi uzunluğu 549 kilometr 74 ədəd suvarma kanalı vasitəsi ilə öz axını ilə verilir. Suvarma kanallarının su mənbəyi Daşağıl çay, Oğuz çay, Xal-Xal çay, Qala çay və Qara su sistemləridir.

Bu çaylar dağ çayları olduğundan sel suları zamanı çayların daşması kanalların tez-tez qum-çınqılla dolmasına və lillənməsinə səbəb olur. Bəzən bir kanal il ərzində bir neçə dəfə lildən təmizlənməli olur. Çaylardan su götürən kanalların müəyyən hissələri çay yatağında yerləşdiyindən həmin hissələr də il ərzində bir neçə dəfə təmizlənməli və bərpa olunmalıdır.

Bu il Oğuz rayonunda suvarılacaq sahələrin 2473 hektarını taxıl, 235 hektarını qarğadalı, 113 hektarını tütün, 444 hektarını yonca, 203 hektarını bostan tərəvəz, 5951 hektarını çoxillik əkmələr və 1794 hektarını həyətyanı əkmələr təşkil edir. Hazırda adıçəkilən əkin sahələrinin bəzi hissələrində suvarma davam edir.

Oğuz Suvarma Sistemləri İdarəsi suvarma ilə yanaşı, rayon ərazisindəki yaşayış məntəqələrini və əkin sahələrinin sel və daşqın sularından mühafizəsini də təşkil edir. Bu məqsədlə istismar tədbirləri planına uyğun olaraq çaylarda mexanizimlərlə çay məcrasının tənzimlənməsi, daş-beton bəndlərinin təmiri işlərini həyata keçirir. 2023-cü ildə 41 min kubmetr ekskavatorla və 159 min kubmetr buldozerlə sel və daşqına qarşı mübarizə məqsədilə çay məcralarının tənzimlənməsi işi görülüb.

Qeyd edək ki, 2023-cü ildə idarənin əsaslı təmir planına əsasən 4 ədəd subartezian quyusunun əsaslı təmiri üçün layihə-smeta sənədlərinin hazırlaması, bir ədədinin əsaslı təmiri, bundan əlavə, Həsənbəy kanalının 1660 metr həcmində beton üzlüyə alınması işi planlaşdırılıb. Cari təmir planına əsasən isə 1600 kubmetr həcimdə daş-beton bəndinin təmiri, 25 ədəd subartezian quyusunun cari təmiri və 25 ədəd hidropostun cari təmiri işləri planlaşdırılıb.

Nəriman CAVADOV,

"Respublika".