Ekoloji terrora  son qoyulmalıdır
Digər xəbərlər

Ekoloji terrora  son qoyulmalıdır

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 89 gündür davam edir.

"Qızılbulaq" və "Dəmirli" yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar bütün maneələrə rəğmən haqq səsimizi dünyaya çatdırırlar. Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması məqsədilə ekofəallarımız böyük ruh yüksəkliyi ilə dinc aksiyada iştirak edirlər. Aksiya iştirakçıları Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gələrək onların tələblərini dinləməsini istəyirlər. Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda etiraz aksiyalarını gecə saatlarında da davam etdirirlər. Dinc etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

Martın 5-də Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan aksiya yerinə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünü işıqlandırmaq üçün ölkəmizdə olan xarici media nümayəndələri gəliblər. Onlar ekoaksiyanın gedişi barədə məlumatlandırıldıqdan sonra reportajlar hazırlayıblar. Qeyd edək ki, media nümayəndələri Rusiya sülhməramlılarına məxsus avtomobillərin Laçın-Xankəndi yolundan keçməsinin də şahidi olublar.

"Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarını qanunsuz istismar edən Ermənistanın vəsatəti Beynəlxalq Ədalət Məhkəməsinin fevralın 22-də qəbul etdiyi qərar ilə ləğv edildi və aksiyanın Azərbaycan hökuməti tərəfindən təşkil olunması ilə bağlı fərziyyələrin əsassız olduğu təsdiqləndi. Bununla yanaşı, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş millət vəkili Ramin Məmmədov martın 1-də Qarabağda yaşayan erməni sakinlərinin təmsilçiləri ilə görüşdü. Beynəlxalq hüquqa və respublikamızın Konstitusiyasına əsasən sakinlərin Azərbaycana reinteqrasiyası üzrə məlumat verildi.

Ötən il Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlılar monitorinqin keçirilməsinə mane oldular. Qeyd edək ki, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Nurlan ABDALOV,

"Respublika".