İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Paytaxtımızda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçiriləcək

Mayın 17-dən 21-dək Bakıda “Ulduz kimi parla” devizi altında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçiriləcək. Yarışa 38 ölkədən idmançılar qatılacaq. Beş gün davam edəcək çempionatda gimnastlar fərdi (böyüklər) və qrup hərəkətləri proqramında (gənclər və böyüklər) çıxış edəcəklər. Turnirdə ölkəmizi böyüklər arasında fərdi növdə Zöhrə Ağamirova, Alina Gözəlova və İlona Zeynalova, qrup hərəkətləri proqramında böyüklər arasında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina təmsil edəcəklər. Gənclər arasında isə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovadan ibarət qrup komandası mübarizəyə qoşulacaq. Fərdi gimnastlar çoxnövçülük və ayrı-ayrı alətlər (gürzlər, halqa, top, lent) üzrə çıxışlarını təqdim edəcəklər. Böyüklər arasında 19 qrup komandası 5 halqa, 3 lent və 2 top proqramında, gənclər arasında isə 22 qrup komandası 5 ip və 5 top proqramında mübarizəyə qoşulacaq.  Azərbaycanın fərdi böyük gimnastları və gənclərdən ibarət qrup hərəkətləri komandası 18-ci, böyüklərdən ibarət qrup hərəkətləri komandası isə 10-cu nömrə altında çıxış edəcəklər.

 

Avropa Multi Oyunlarında ölkəmizi 26 taekvondoçu təmsil edəcək

Mayın 11-12-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək yarışlarda yığmamız 26 idmançı ilə təmsil olunacaq. Komandamızın heyətində Məhəmməd Həsənli, Fuad Məhərrəmli (hər ikisi 48 kq), Aydın Süleymanov (51 kq), Vasif Səlimov, Marat Məmmədov (hər ikisi 59), Vüqar Bağırov (63 kq), Rəvan Məmmədov (68 kq), Elcan Əliyev (73 kq), Hüseyn Xudiyev (78 kq) və Ruslan Həsənzadə (+78 kq) dayanq üzərinə çıxacaqlar. Gənclərdən fərqli olaraq bu yaş kateqoriyası çəki dərəcəsi ilə deyil, yeni sistemə əsasən boy ölçüsünə uyğun mübarizə aparacaq. Oğlanların yarışında Anar Abdulzadə, İlyas Hətəmli, Novruz Əliyev (hər üçü 160 sm), Əliheydər Quliyev (164 sm), Mətləb Əliyev, Həsən Əlizadə (hər ikisi 172 sm), Sənan Hüseynov (176 sm), Tamerlan Yaqubov (180 sm), qızların mübarizəsində Nuray Sultanova, Zəhra İsayeva (hər ikisi 152 sm), Leyla Kərimova (156 sm), Humay Dadaşzadə, Şəms Əlizadə (hər ikisi 160 sm), Nilufər Borji, Fatimə Həsənova və Narın Həsənova (hər üçü 168 sm) mübarizə aparacaq.

 

Avropa tennis turniri start götürüb

Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyasının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan Avropa tennis turnirinin açılış mərasimi olub. Sayca 12-ci dəfə təşkil olunan yarışda 40-a yaxın ölkədən 300-dən artıq tennisçi mübarizə aparır. Onlar 12, 14, 16 və 18 yaş kateqoriyasında çıxış edirlər. Yarışa mayın 28-də yekun vurulacaq.  Azərbaycan tennisçisi İlham Baxşəliyev gürcüstanlı rəqibi Nikolos Meparidze ilə qarşılaşıb. İdmançımız hər iki setdə qələbə qazanıb.

Nərgiz İSMAYILOVA,

“Respublika”.