Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü
Region

Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü

Otuz ildən artıq bir müddətdə Azərbaycan dövlətçiliyinin taleyi dahi və uzaqgörən şəxsiyyət, öz xalqını və Vətənini canından artıq sevən, ən böyük azərbaycanlı, şərəfli adı bizim üçün həmişə əziz və unudulmaz olan Heydər Əliyevlə bağlı olub.

Bu illər xalqımızın milli mənlik şüurunun oyanışı, azadlıq və müstəqillik hissinin güclənməsi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının dirçəlişi ilə əlamətdardır. Bütün həyatını və siyasi fəaliyyətini böyük tarixi keçmişi və zəngin mədəniyyəti ilə fəxr etdiyi xalqının və Vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaraq, ölçüyəgəlməz irəliləyişə nail olub.

Bu fikirlər ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Zaqatala şəhərində keçirilən "Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü" mövzusunda toplantıda səsləndirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin, şəhid ailələrinin, qazilərin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxslərin, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi toplantı iştirakçıları əvvəlcə ulu öndərin abidəsi önünə gül dəstələri düzüb, Heydər Əliyev Mərkəzi ilə tanış olub, dahi şəxsiyyətə həsr olunan sərgiyə baxıblar.

Toplantıda rayon icra hakimiyyəti başçısının birinci müavini Tofiq Əhmədovun "Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü" mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, bütün dövrlərdə ən ali örnək kimi qəbul ediləcək böyük vətəndaş, qüdrətli lider yalnız dövlətin tərəqqisi, müstəqil Azərbaycanın, onun vətəndaşlarının işıqlı və xoşbəxt gələcəyi naminə yaşayırdı. Həyatını xalqına fəda edən, "Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram", - deyən Heydər Əliyev Azərbaycanın son onilliklər ərzində qazandığı ən mühüm nailiyyətlərin şəriksiz müəllifidir.

Toplantıda Milli Məclisin deputatı Kamilə Əliyeva, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, ehtiyatda olan general-leytenant Ehram Hacıyev, rayon ziyalısı Rəfael Məcidov çıxış edərək, ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı bəhs ediblər. Vurğulanıb ki, bu gün Prezident İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir.

Toplantı konsert proqramı ilə başa çatıb.

M.NƏRİMANOĞLU,

"Respublika".