İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Ölkəmizi 13 taekvondoçu təmsil edəcək

Dekabrın 7-də Rumıniyanın paytaxtı Buxarestdə 21 yaşadək taekvondoçular arasında Avropa çempionatı start götürəcək. Üç gün davam edəcək yarışda milli komandanın 13 üzvü iştirak edəcək. Kişilərdən ibarət yığmanın tərkibində Səyyad Dadaşov, Xıdır Məmmədov (hər ikisi 54 kiloqram), Rahid Vəliyev (58 kiloqram), Pərviz İsgəndərov (63 kiloqram), Vaqif Hacıyev (68 kiloqram), Nicat İsmayılzadə (74 kiloqram) və Eltac Qafarova (80 kiloqram) yer alıb. Qadınlardan ibarət komandada Zemfira Həsənzadə (46 kiloqram), Məryəm Məmmədova (49 kiloqram), Səmərrux Osmanova, Səidə Əliyeva (hər ikisi 53 kiloqram), Leyla Bəşirova (57 kiloqram) və Fatimə Məcidova (62 kiloqram) mübarizə aparacaqlar.

Karate üzrə Azərbaycan çempionatına yekun vurulub

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunda keçirilən karate üzrə Azərbaycan çempionatına yekun vurulub. 600-ə yaxın idmançının iştirak etdiyi ölkə birinciliyinə paytaxtla yanaşı, bölgələrdən ümumilikdə 50-yə yaxın komanda qatılıb. Son yarış günü yeniyetmə, gənc və böyüklərin mübarizəsi davam edib.  Turnirin qalib mükafatçıları diplom və medallarla təltif ediliblər. Qeyd edək ki, Azərbaycan çempionatında fərqlənən idmançılar milli komandanın heyətində hazırlıqlara cəlb olunacaqlar.

Nərgiz İSMAYILOVA,

"Respublika".