Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

ƏRDOĞANIN FRANSA

İLƏ BAĞLI XƏBƏRDARLIĞI ÖZÜNÜ DOĞRULTDU

Fransada 17 yaşlı əlcəzair əsilli gəncin polis tərəfindən öldürülməsi ilə başlayan kütləvi nümayişlər davam edir. “Teleqraf.com”un verdiyi xəbərə görə, etirazların davam etdiyi bir vaxtda Fransada müzakirələrə səbəb olan daha bir hadisə baş verib.

Bildirilir ki, Fransa hökumətinin ötən aylarda orden verdiyi YPG terror təşkilatının qadın qolu - YPJ nümayişçilərə dəstək verdiyini açıqlayıb.

Qeyd edək ki, Fransa Senatı ötən aylarda YPG/PKK terror təşkilatı ilə bağlı skandal qərara imza atmışdı. Senat Novruz bayramı münasibətilə təşkil edilən qəbulda YPG/YPJ terrorçularına “Şərəf” medalı vermişdi.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gəlişmələrdən sonra “Bəslədiyiniz ilan bir gün sizi sancacaq” deyərək, terrorçulara dəstək verən Avropa ölkələrinə xəbərdarlıq etmişdi.

Xatırladaq ki, Fransada altı gün davam edən etirazlar zamanı polis 1124-ü azyaşlı olmaqla 3625 etirazçını saxlayıb.

 

DONETSK VƏ LUQANSKDA AĞIR DÖYÜŞLƏR GEDIR

Donetsk və Luqansk vilayətlərində aktiv döyüş əməliyyatları gedir. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, briqada generalı Aleksiy Qromov bəyan edib.

Briqada generalının sözlərinə görə, Xerson, Zaporojye və Xarkov vilayətlərində də vəziyyət olduqca mürəkkəbdir. “Melitopol və Berdyansk şəhərlərində bölmələrimiz düşmənin müdafiəsinin 7,5 kilometr dərinliyinə qədər irəliləyib”, - deyə A.Qromov əlavə edib.

Eyni zamanda, qeyd edib ki, hərbi əməliyyatlar hazırda da davam edir: “Belarus və Rusiya sərhədlərindən daim raket və artilleriya hücumuna məruz qalırıq. Düşmənin təxribat-kəşfiyyat qüvvələrinin fəallığı müşahidə olunur”.

Bununla yanaşı, verilən xəbərə əsasən, Ukrayna ordusu Donetsk vilayətinin Baxmut şəhərinin şimal və cənub hissəsindəki cəbhə xətti boyu mövqelərini möhkəmləndirir. Məlumata görə, Liman, Baxmut, Avdeyevsk və Marınsk istiqamətlərində ağır döyüşlər gedir, sutka ərzində 40 toqquşma qeydə alınıb.

 

İRANIN QƏRARI BÖLGƏDƏ GƏRGİNLİYƏ SƏBƏB OLUB

İranın Dövlət Neft Şirkəti “Əl-Dura” qaz yatağında qazma işlərinə başlamağa hazır olduğunu açıqladıqdan sonra Səudiyyə Ərəbistanı və Küveyt yatağın bu iki ölkəyə aid olduğu barədə xəbərdarlıq edib. “Teleqraf.com” xəbər verir ki, iki ölkə Tehranı danışıqlara çağırıb.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunub ki, bölgədəki təbii ehtiyatlar və “Əl-Dura” qaz yatağı Küveyt və Səudiyyə Ərəbistanına məxsusdur.

Küveytin Xarici İşlər Nazirliyi də dəniz sərhədlərinin delimitasiyası üzrə danışıqlara başlamaq üçün İrana dəvətini yenilədiyini bildirib. Küveytin neft naziri Səəd əl-Barak İranın bu niyyətini “beynəlxalq münasibətlərin əsas prinsiplərinə zidd qərar” adlandırıb.

Xatırladaq ki, İranın sözügedən qaz yatağındakı payı ilə bağlı mübahisə 1960-cı illərə gedib çıxır. Səudiyyə Ərəbistanı və Küveyt yatağın istismarı üçün 1970-ci illərdə əməkdaşlığa başlayıb və bu, İranın etirazlarına səbəb olub.

Məlumat üçün qeyd edək ki, “Əl-Dura” qaz yatağının ehtiyatları 220 milyard kubmetr həcmində qiymətləndirilir.

 

GÜRCÜSTAN AVTOMOBİL KATALİZATORLARININ İXRACINA QADAĞA QOYDU

Gürcüstan hakimiyyəti havaya atılan zərərli tullantıları azaldan avtomobil katalizatorlarının ixracını üç il müddətinə qadağan edib. “Trend” agentliyinin verdiyi xəbərə görə, ötən ay hökumətin təşəbbüsü ilə bağlı baş nazir İrakli Qaribaşvili çıxış edib. Onun sözlərinə görə, bu qərar havanın keyfiyyətini yaxşılaşdırmağa yönəlib.

Avtomobil katalizatoru və ya işlənmiş qazın katalitik çeviricisi, işlənmiş qazlarda zərərli maddələrin konsentrasiyasını azaldan xüsusi bir filtrdir. Uzun illərdir ki, Gürcüstanda avtomobil sahiblərinin avtomobillərdən katalizator çıxarıb xaricə satması təcrübəsi formalaşıb.

Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyinin Ətraf Mühit və İqlim Dəyişiklikləri Departamentinin rəis müavini Noe Meqrelişvilinin sözlərinə görə, 2015-ci ildən indiyədək Gürcüstandan avtomobil katalizatorlarının ixracı 700 min ədəd təşkil edib ki, bu da fəlakətli rəqəmdir.

Məlumata görə, doqquz il ərzində Gürcüstandan təxminən 98 milyon dollar dəyərində katalizatorlar çıxarılıb.

 

BAYDEN BU SİYASƏTÇİNİN NATO-NUN BAŞ KATİBİ OLMASINI İSTƏYİR

ABŞ prezidenti Cozef Bayden Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayeni 2024-cü ildə NATO-ya rəhbərlik etməyə ən yaxşı namizəd hesab edir. Bu barədə “The Daily Telegraph” nəşri alyansdakı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Verilən xəbərə görə, ABŞ lideri blokun hazırkı baş katibi Yens Stoltenberqin yaxın 12 ay ərzində layiqli əvəzləyicisinin tapıla bilməyəcəyindən ehtiyat etdiyi üçün alman siyasətçini NATO-ya rəhbərlik etməyə inandırmağa çalışıb.

Başqa bir mənbə nəşrə bildirib ki, Bayden və Ursula Fon der Lyayenin son illərdə Çin, Ukrayna və iqlim məsələlərində transatlantik əlaqədə vahid mövqedən çıxış etməsi tərəflər arasında güclü bir bağ yaradıb.

Nəşr yazıb ki, qadın diplomatın fransız dilini mükəmməl bilməsi onun Fransa prezidenti Emmanuel Makrondan dəstəyini təmin edə bilər. Həmçinin 2013-2019-cu illərdə Almaniya Müdafiə Nazirliyinə zəif rəhbərlik etməsi ona qarşı istifadə edilə bilər.

 

MACARISTAN UKRAYNAYA SİLAH TƏDARÜKÜ ÜÇÜN ŞƏRT İRƏLİ SÜRDÜ

“Macarıstanın “OTP” bankı beynəlxalq müharibə sponsorları siyahısından çıxarılmayana qədər Macarıstan Avropa İttifaqı daxilində Ukraynaya silah tədarükü üçün heç bir maliyyə dəstəyi verməyəcək”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

Eyni zamanda, nazir qeyd edib ki, söhbət təkcə Macarıstan hökumətinin artıq blokladığı 500 milyon avrodan deyil, həm də gələcəkdə Ukraynaya yardım təkliflərindən gedir.

Bununla yanaşı, XİN başçısı vurğulayıb ki, rəsmi Kiyevin bankın bu siyahıda olması ilə bağlı irəli sürdüyü arqumentlər sadəcə “gülməli”dir. “Əgər ukraynalılar Macarıstanın ən böyük bankı “OTP”nin beynəlxalq müharibə sponsorları siyahısında yer aldığı mənasız, aldadıcı müddəaya son qoysalar, biz fikrimizi dəyişməyə hazırıq”, - deyə nazir əlavə edib.

 

YER KÜRƏSİ BÜTÜN ZAMANLARIN ƏN İSTİ GÜNÜNÜ YAŞADI

İnsan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyinin yaratdığı həddindən artıq isti hava dalğalarının dünyada öz təsirini göstərdiyi bu dövrdə iyulun 4-ü bütün zamanların ən isti günü kimi qeydə alınıb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Bununla yanaşı, iyulun 4-də qlobal orta temperatur 17,18 dərəcə olmaqla rekord həddə çatıb. Bundan öncəki gün, yəni 3 iyul 2023-cü il dünyada bütün zamanların ən isti günü kimi tarixə düşüb. Belə ki, ABŞ meteorologiya xidmətinin Ətraf Mühitin Mühafizəsi üzrə Milli Mərkəzinin (NCEP) yaydığı məlumata görə, iyulun 3-də qlobal orta temperatur 17,01 dərəcəyə çatıb.

Məlumat üçün qeyd edək ki, ABŞ son həftələr isti hava dalğasının təsiri altındadır, Çin 35 dərəcəni keçən temperaturla mübarizə aparır, Hindistanda həddindən artıq istilər 150-dən çox insanın həyatına son qoyub. İranda isə Zəhək və Xirmənd şəhərlərində havanın temperaturu 50 dərəcəyə yüksəlib.

Qeyd edək ki, bundan əvvəl qlobal orta temperatur 2016-cı ilin avqust ayında 16,9 dərəcə olaraq ölçülüb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.