DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

“FOREIGN AFFAIRS”: RUSİYA VƏ UKRAYNA ARASINDA SÜLH MÜMKÜNSÜZ GÖRÜNÜR

Rusiya və Ukrayna arasında davam edən münaqişə ağır itkilərə baxmayaraq, qarşılıqlı tələblərin radikallığına görə indiki mərhələdə sülh sazişinin əldə olunmasını puça çıxarır. Bu barədə “Foreign Affairs” nəşrində dərc olunan məqalədə qeyd olunur.

Məlumata əsasən, ABŞ nəşri hesab edir ki, cəbhədəki gərgin və çıxılmaz vəziyyət nəzəri olaraq tərəfləri danışıqlara sövq etməlidir. Belə ki, məqsədə hərbi güclə çatmağın qeyri-mümkünlüyü bəlli olduqda, tərəflər indiyədək qəbuledilməz görünən güzəştlərlə razılaşa bilərlər.

“Münaqişədə sülhə nail olmaq üçün hər iki tərəf bir-birinin minimum tələblərini qəbul etməyə hazır olmalıdır. Qarşılıqlı irəliləyişin olmamasına baxmayaraq, nə Rusiya, nə də Ukrayna bir-birinin tələblərini həzm edə bilmir. Hər iki tərəf ərazilərin verilməsində istəksizdir”, - deyə məqalədə bildirilir.

Eyni zamanda, nəşrin açıqlamasına görə, hazırda heç bir yaradıcı diplomatiya bu durumu dəyişdirə bilməyəcək. “Foreign Affairs” qeyd edir ki, hər iki ölkə üçün müharibənin davam etdirilməsi belə güzəştlərə əsaslanan nizamlanmadan daha yaxşı variant olaraq qalmaqdadır.

ALMANİYA İQTİSADİYYATI CİDDİ BÖHRAN YAŞAYIR

Ukraynadakı müharibə fonunda Almaniya iqtisadiyyatı iri addımlarla uçuruma doğru irəliləyir, lakin problemlər bundan çox əvvələ dayanır. Bu barədə “El Pais” qəzetində dərc olunan məqalədə bildirilir.

Nəşrin verdiyi xəbərə görə, “Made in Germany” sözünün böyük erası artıq başa çatmaq üzrədir - ölkənin sənaye istehsalı 2015-ci ildən bəri ümumilikdə 8 faiz azalıb.

Bununla yanaşı, nəşr qeyd edib ki, Ukraynadakı münaqişə Almaniyanın enerji tutumlu sənayesinə də ziyan vurub.

Məqalə müəllifinin fikrincə, iqtisadi tənəzzülün xüsusilə siyasətdə bir çox nəticələri var ki, bu da ölkədə 2025-ci ilə təyin edilmiş seçkilər zamanı vəziyyətə ciddi təsir göstərə bilər.

“Almaniyanın qonşularının bu ölkənin təchizat zəncirlərinə yüksək dərəcədə inteqrasiya olunduğunu nəzərə alsaq, Almaniyadakı böhranın həmişə Avropa böhranı olduğu aydınlaşır”, - deyə “El Pais” vurğulayır.

Eyni zamanda, Almaniya Federal Statistika İdarəsinin ekspertləri 2023-cü ilin sonunda istehlak qiymətlərinin artması səbəbindən əhalinin alıcılıq qabiliyyətinin azaldığını qeyd ediblər.

ABŞ-da UKRAYNA İLƏ BAĞLI QANUN LAYİHƏSİ HAZIRLANIR

ABŞ-ın Nümayəndələr Palatası aprel ayında Konqresə rəsmi Kiyevə yardım haqqında qanun layihəsinin baxılması üçün təqdim edəcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının  xüsusi komitəsinin sədri Mayk Törner “CBS” telekanalının efirində bəyan edib.

Komitə sədrinin sözlərinə görə, ABŞ Konqresinin aşağı palatasının spikeri Mayk Conson apreldə bu məsələni müzakirəyə çıxarmağı planlaşdırır.

“Bu, federal hökuməti maliyyələşdirmək üçün qanun layihələrini qəbul etdikdən sonra gündəliyin növbəti əsas bəndi olacaq”, - deyə Mayk Törner vurğulayıb.

Eyni zamanda, siyasətçi ümid edib ki, qanun layihəsi Konqresdə dəstək tapacaq, bundan sonra imzalanmaq üçün ABŞ prezidenti Cozef Baydenə təqdim olunacaq.

KANADA GÜNƏŞ TUTULMASI SƏBƏBİNDƏN “FÖVQƏLADƏ VƏZİYYƏT” ELAN EDİB

Kanadanın Ontario əyalətinin Niaqara şəlaləsi bölgəsində Ayın Yerlə Günəş arasından keçdiyi zaman baş verəcək tutulma hadisəsinə görə, gözlənilən bir milyona yaxın ziyarətçi ilə əlaqədar “fövqəladə vəziyyət” elan edilib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Bildirilir ki, 2024-cü il aprelin 8-də Niaqara şəlaləsinin tam Günəş tutulmasını görmək üçün ən yaxşı yerlərdən biri olaraq təyin edilməsindən sonra bölgəyə gözlənilən  turist axını üçün hazırlıqlara başlanılıb.

Səlahiyyətli şəxslər nəqliyyat sıxlığı, təcili tibbi yardım xidmətləri, mobil telefon şəbəkələrində həddindən artıq yüklənmə kimi vəziyyətlərə hazırlıq görüləcəyini bildiriblər.

Niaqara bələdiyyə sədri Cim Diodati şəhərin bir günlük qonaq sayının rekord həddə çatacağını söyləyib.

Qeyd edək ki, aprelin 8-də baş verəcək tam Günəş tutulması Meksika, ABŞ-ın şərqi və Kanadanın cənub-şərqindən görünəcək. Məlumata görə, Niaqara şəlaləsi bölgəsində son Günəş tutulması 1979-cu ildə baş verib.

ERMƏNİSTAN 1 APREL ZARAFATINA GÖRƏ QARIŞDI

Ermənistanın baş nazir Nikol Paşinyanın istefa verəcəyi ilə bağlı yerli medianın yaydığı məlumat ölkədə ciddi qarşılanıb. 1 aprel zarafatını reallıq kimi qəbul edən erməni ictimaiyyəti sözün əsl mənasında sarsıntı yaşayıb.

“Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, “Joxovurd” nəşri yazıb ki, Nikol Paşinyan sentyabr ayında növbədənkənar parlament seçkiləri keçirmək qərarına gəlib. Bununla bağlı baş nazir təcili partiya toplantısı keçirib.

Eyni zamanda, məqalənin inandırıcı olması üçün hətta qeyd edilib ki, Azərbaycanın keçmiş anklavlarla bağlı tələblərinin güclənməsi Paşinyanın vəziyyəti sakitləşdirmək üçün istefa vermək qərarına gəlməsinə səbəb olub.

“Baş nazir hesab edir ki, məhz bu,  onun xilasıdır. Seçkilər sentyabrın 10-da keçirilcək”, - deyə nəşr yazıb.

“Joxovurd” qəzetinin uydurduğu bu xəbəri Ermənistanın bir sıra agentlikləri belə ciddi qəbul edərək yayıblar. Daha sonra məsələnin 1 aprel zarafatı olduğu üzə çıxıb.

MOLDOVA ABŞ-DAN MAYELƏŞDİRİLMİŞ QAZIN İLK PARTİYASINI ƏLDƏ EDİB

Moldova hökuməti Rusiya tədarükündən asılılığı azaltmaq məqsədilə mayeləşdirilmiş təbii qazın (LNG) satınalınmasını gücləndirir. “Report” agentliyinin xəbərinə görə, bu barədə Moldovanın energetika naziri Viktor Parlikov bildirib.

Nazirin sözlərinə görə, Moldova artıq amerikalı istehsalçıdan həcmi 2,6 milyon kubmetr olan LNG partiyası alıb. Qaz gəmi ilə Yunanıstanın Aleksandrupolis terminalına çatdırılıb, daha sonra qaz kəmərləri ilə Moldovaya nəql edilib.

Qeyd edək ki, rəsmi Kişineu Rusiyanın “Qazprom” şirkətindən asılılığını azaltmağa çalışır. Son aylarda Rusiya şirkətindən tədarük sutkada 5,7 milyon kubmetrə qədər azalıb. Lakin bu həcm qış fəslində ölkənin tələbatını ödəməyə kifayət etmir.

DUBAYDA BİRDƏFƏLİK PAKETLƏRDƏN İSTİFADƏ TAM QADAĞAN EDİLİR

İyun ayının 1-dən etibarən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində həm plastik, həm də kağızdan hazırlanan birdəfəlik paketlərin istifadəsinə tam qadağa qüvvəyə minəcək. “Trend” agentliyinin xəbərinə görə, hazırda supermarketlər birdəfəlik plastik paket üçün 25 fils tələb etsə də, üç ay ərzində onlar tamamilə qadağan olunacaq.

Mağazalardan müştərilərə pulsuz alternativlər təqdim etmək tələb olunmur. Müştərilərə təkrar istifadə edilə bilən alış-veriş çantaları gətirmələri tövsiyə olunur. Qadağan edilmiş çantalar arasında mikroplastiklərin qalığı olan bioloji parçalana bilən torbalar da var.

Xəbər verilir ki, birdəfəlik çantalardan istifadə etməyə davam edənlər təkrar pozuntulara görə ikiqat məbləğdə 200 dirhəm cərimə olunacaq.

Qeyd edək ki, Dubayda 2025-ci il yanvarın 1-dən kokteyl çubuqları, fincanlar və hətta plastik pambıq çubuqları da qadağan ediləcək. 2026-cı il yanvarın 1-dən isə plastik yemək qabları, plastik içki stəkanları və qapaqlarının satışına və istifadəsinə qadağa qüvvəyə minəcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.