Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də, bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...

Tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Sovet İttifaqının dağılması"nı oxuculara təqdim edirik.

"Respublika".

 

Sovet İttifaqının dağılması

XX əsrin ən böyük geosiyasi fəlakəti kimi qiymətləndirilən 26 dekabr 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılması soyuq müharibənin sona çatması, 15 müstəqil respublikanın yaranması, ictimai həyatın müxtəlif sahələrində iqtisadi, siyasi böhranın kəskinləşməsi və ərazi krizlərinin yaranmasına səbəb olmuşdur.

Çox yüksək sənaye istehsalı sürətinə, güclü iqtisadiyyata, ABŞ-ın hərbi-texniki potensialı ilə uğurla rəqabət aparan böyük hərbi-sənaye kompleksinə malik olan SSRİ kimi nəhəng imperiya dövləti bəs necə oldu ki dağıldı? Əslində onun dağılması ilə bağlı hadisələr müasir tədqiqatçılar tərəfındən olduqca ziddiyyətli şəkildə qiymətləndirilir.

XX əsrin 80-ci illərinin ortalarında SSRİ-də partiya-dövlət rəhbərliyinin təşəbbüsü ilə ölkənin iqtisadi əsaslarının, siyasi quruluşunun və mənəvi mühitinin yeniləşdirilməsi prosesi başlandı. Başlanğıcını Sov.İKP MK-nın aprel (1985) Plenumunun qoyduğu bu proses yenidənqurma adlandırıldı. Sov.İKP-yə 1985-ci ilin yazından rəhbərlik etməyə başlayan M.S.Qorbaçovun fikrincə, xalqın və partiyanın maraqları sosializmdə stalinizm və durğunluq dövrlərində meydana çıxan əyintilərin aradan qaldırılmasını, Leninin nüfuzunun, inqilabi, sosialist dəyərlərə hörmətin bərpasını tələb edirdi. Onun fikrincə, yenidənqurma siyasəti "sosializmi yaxşılaşdırmalı" idi.

Bunun başlanğıcı olaraq da XIX Ümumittifaq partiya konfransı keçirildi. Konfransda yenidənqurmanın tərəfdarları ilə əleyhdarları arasında ölkənin inkişaf məsələsi və onun vəzifələri ilə bağlı sərt ideya mübarizəsi başlandı. Nümayəndələrin çoxu M.S.Qorbaçovun iqtisadi islahatlara başlaması və cəmiyyətin siyasi sisteminin dəyişdirilməsi zərurəti barədə fikirlərini müdafiə edirdi. Konfrans ölkədə hüquqi dövlətin yaradılması kursunu təsdiq etdi. Onun formalaşdırılmasında əsas rol siyasi islahatlara verilirdi. Siyasi islahatların mahiyyəti partiya orqanları və sovetlərin səlahiyyətlərinin dəqiq bölüşdürülməsindən, hakimiyyətin kommunist partiyasından alınıb, sovetlərə verilməsindən ibarət idi. Bu qərarın həyata keçirilməsi cəmiyyətin yeni siyasi qurumlarının təsdiq olunmasından sonraya saxlanıldı. Yeni hakimiyyət orqanı - SSRİ xalq deputatlarının qurultayı təsis edildi. Onun iştirakçılarından daimi fəaliyyət göstərən parlament olacaq Ali Sovet seçilir, müttəfiq respublikalarda da müvafiq qurumlar yaradılırdı. Yenidənqurmanın ilk illərinin mövcud iqtisadi sistemə təsiri az oldu.

İqtisadiyyatın ağır durumunun və hökm sürən sahibsizliyin göstəricilərindən biri isə 1986-cı ildə Çernobıl AES-dəki qəza idi. Qəza barədə məlumat əhaliyə və dünya ictimaiyyətinə heç də dərhal çatdırılmadı. Bu isə fəlakətin nəticələrinin qlobal xarakter almasının səbəblərindən biri oldu. Çernobıl AES-dəki qəza iqtisadi islahat xəttinin qəbul edilməsini (1987-ci il) sürətləndirdi. Onun əsas istiqaməti inzibati-amirlikdən bazar iqtisadiyyatına keçiddən ibarət idi. Demokratikləşmə və aşkarlıq siyasəti isə Sovet dövləti və Sov.İKP-nin bütün institutlarının ünvanına yönəldilən tənqid dalğası yaratdı. Onlar isə nə cavab verməyə, nə də məsuliyyətə hazır deyildilər. Bu, rejimin legitimliyi barədə şübhələrin sürətlə yayılmasına gətirib çıxardı. 1980-ci illərin axırlarındakı demokratikləşmə və aşkarlıq Sovet İttifaqında milli problemlərin müzakirəsinə imkan yaratdı.

Tezliklə Baltikyanı ölkələrdə, Gürcüstanda və Ukraynanın qərb bölgələrində həm ziyalıların, həm etnonomenklaturanın bir qisminin, həm də adi vətəndaşların əksəriyyətinin müstəqilliyə meyilli olduqları meydana çıxdı. 1989-cu ilin avqust-sentyabr aylarında isə Baltikyanı ölkələrdə nümayişlər başlandı. Nümayişçilər respublikalarının SSRİ-nin tərkibindən çıxmasını tələb edirdilər. 1990-cı ilin fevralında Litva SSR parlamenti mütləq səs çoxluğu ilə müstəqil Litva Respublikasının bərpasını və Litva SSR, həmçinin SSRİ Konstitusiyasının Litva ərazisində fəaliyyətinin dayandırıldığını bəyan etdi. Bununla əlaqədar, SSRİ xalq deputatlarının III qurultayı 15 mart 1990-cı ildə Litva SSR Ali Sovetinin qərarının hüquqi qüvvəyə malik olmadığını elan etdi və İttifaq rəhbərliyinə Litva SSR ərazisində SSRİ-nin hüquq və maraqlarının təmin edilməsini tapşırdı. Bədnam İctimai Qurtuluş Komitəsinin xahişilə Vilnüsə Sovet Ordusunun Baltikyanı ölkələrdə yerləşən qoşun hissələrinin yeridilməsindən sonra durum daha da təhlükəli oldu. 13 nəfər öldürüldü, 160 nəfərdən çox adam yaralandı.

SSRİ-nin digər bölgələrinə gəldikdə, onların əksəriyyətinin SSRİ-dən ayrılmaq uğrunda radikal üsullarla mübarizə etmək üçün nə istəyi, nə də imkanı vardı. Qərbi Ukraynada güclü antirus millətçiliyi baş qaldırmışdı, gürcü millətçiliyi osetinlər və abxazlara qarşı yönəlmişdi, Ermənistan Azərbaycana qarşı Dağlıq Qarabağla bağlı tamamilə əsassız iddia irəli sürdü, Moldaviya və Tacikistanı daxili ziddiyyətlər sarsıdırdı. Bütün respublikaların təmsilçiləri xalq deputatlarının ilk qurultaylarında və Ali Sovetin iclaslarında iştirak edir, onların ən radikallarının da tələbləri vahid dövlət çərçivəsində təsərrüfat müstəqilliyindən uzağa getmirdi. Bu zaman xırda tələblər və kiçik şəxsi güzəştlər taktikası seçilmişdi.

1990-cı ildə Ali Sovet respublikaların SSRİ tərkibindən çıxması ehtimalı ilə əlaqədar qayda və prosedurlar barədə xüsusi qanun qəbul etdi. Qanun bu məsələ ilə bağlı mütləq referendum keçirilməsini, respublika vətəndaşlarının 2/3 səs çoxluğunu və sivil "ayrılma" üçün 5 illik müddət nəzərdə tuturdu. Həmin müddətin sonunda daha bir referendum keçirilməli idi. Qanunun hazırlanması və müzakirəsi zamanı sovetlər ölkəsinin rəhbərliyi inanırdı ki, ayrılma hüququndan birinci Baltikyanı respublikalar istifadə edəcək. Lakin ideoloji böhran və yenidənqurmanın 90-cı illərin ortalarında artıq aydın müşahidə edilən süqutu digər respublikalarda da əhalinin böyük hissəsinin əhvali-ruhiyyəsini dəyişdi. Millətçiliyə həm də Rusiyanın bir çox bölgələrini bürümüş separatçılıq da əlavə olundu. Tatarıstan, Çeçenistan, Kalmık Respublikasında müstəqillik uğrunda hərəkatlar başladı, "Ural", "Sibir" və "Primorsk" respublikaları layihələri meydana çıxdı. Bir çox, bəlkə də bütün hallarda, separatçılıq və millətçilik irrasional və emosional xarakterə malik idi, çünki Mərkəzdən tam müstəqillik tələb edən bölgələrin əksəriyyəti müstəqil dövlət kimi mövcud ola bilməzdi.

Baltikyanı respublikaların, Gürcüstan, Moldova, Orta Asiya respublikalarının rəhbərliyi Moskvadan narazılığını bildirir, yerli əhaliyə Mərkəz hər şeyi əllərindən almasa ("əslində, bu elə belə idi"), daha yaxşı yaşayacaqlarını açıqlayırdılar. Bunun ardınca, millətlərarası münaqişələr baş qaldırdı, İttifaqın idarə olunması pozuldu. Səbəb yenidənqurma ideya və layihələrinin uğursuzluğu, ölkədə iqtisadi və maliyyə böhranı, siyasi iradənin tənəzzülü, müttəfiq respublikalarda və Sov.İKP MK-da hakimiyyətin iflici idi. On beş respublikanın hər birinin İttifaqdan çıxmaq imkanı olduğu bir ölkədə ali təbəqə arasındakı təlatüm və ziddiyyətlərin dağıdıcı nəticələrə gətirib çıxarması qaçılmaz idi. Bu təhlükələr, üstəlik, SSRİ-nin idarə olunması imkanlarının itirilməsi dövlət idarəçiliyinin, ittifaqdaxili münasibətlərdə islahatlar aparılmasının yeni formaların axtarılmasına gətirib çıxardı. Müttəfiq respublikaların elitasının zəiflədilməsinə təşəbbüs göstərildi. 1990-cı ilin noyabrında dövlətin əsasını təşkil edən müqavilələrin təzələnməsi qərara alındı. Bütün muxtar respublikalar yeni İttifaq müqaviləsinin yeni iştirakçıları olmalı idi. Onları Federasiya Sovetinə daxil etdilər. Beləliklə, İttifaqdan çıxmaq hüququna malik 15 respublika əvəzinə, bu hüquqa malik olmayan 35 subyektdən ibarət İttifaq yaranacaqdı. Bu subyektlərdən 20-si Rusiya Federasiyası, ikisi Gürcüstan, biri Özbəkistan, biri Azərbaycanda idi.

İttifaq müqaviləsinin ilk layihəsinin Novooqaryovoda müzakirəsi zamanı müttəfiq respublika rəhbərlərindən bir qismi yeni İttifaq Müqaviləsinin əleyhinə çıxmışdı.

1991-ci ilin yayında Sovetlər ölkəsi o vaxta qədər görünməmiş bir hadisə - dövlət çevrilişi siyasəti ilə üzləşdi. Avqustun 19-na keçən gecə SSRİ prezidenti hakimiyyətdən uzaqlaşdırıldı. Bir qrup dövlət xadimi səhhəti ilə əlaqədar, M.S.Qorbaçovun prezident səlahiyyətlərini icra etməsinin mümkün olmadığını, ölkədə 6 ay müddətinə fövqəladə vəziyyət elan edildiyini, FVDK - SSRİ-də Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi yaradıldığını bəyan etdi.

SSRİ-nin dağılmasının heç də sonuncu olmayan səbəblərindən biri də xarici amillə - Sovet İttifaqının "soyuq müharibə"də məğlubiyyəti ilə bağlıdır.

Amerikalı politoloq P.Şveyner yazırdı: "Sovet İttifaqı öz-özünə, zaman bizim tərəfimizdə olduğundan iflasa uğramadı. Kreml SMT-nin (strateji müdafıə təşəbbüsü) kumumetiv təsiri, müdafiə xərclərinin artması, Polşa və Əfqanıstanda geosiyasi maneələrlə, enerji daşıyıcıları ixracından sabit valyutada on milyonlarla dollar itirilməsi, texnologiyalardan istifadənin məhdudlaşdırılması ilə üzləşməsəydi, onun bu təlatümlərə duruş gətirəcəyini məntiqi şəkildə təxmin etmək mümkün idi. Sovet kommunizmi istənilən beynəlxalq mühitdə özünü məhvetmə bacarığına malik olan orqanizm deyildi. Amerika siyasəti sovet tarixinin kursunu dəyişdirə bilərdi və dəyişdirdi də".

SSRİ-yə qarşı "soyuq müharibə" aparılmasına dair bütün bu planların təməlində Sovet İttifaqını daxildən, dünyanın özü kimi köhnə olan, bir xalqı digərinin əleyhinə qaldırmaq üsulları vasitəsilə dağıdılması göstərişi dururdu. Təkcə ABŞ-ın deyil, Qərbin digər dövlətlərinin də məqsədi, sadəcə, planetə yayılmaqda olan kommunizmi məhv etmək yox, həm də Sovet İttifaqını zəiflətmək, parçalamaq, dünya iqtisadiyyatının qloballaşması şəraitində onun nəhəng təbii ehtiyatlarına yiyələnmək idi. Deməli, bu, nəhənglərin dünya hegemonluğu uğrunda geosiyasi, ümumdünya-tarixi səciyyə daşıyan mübarizəsi idi.

SSRİ-nin dağılmasının səbəbləri uzunmüddətli köklərə malik idi və 1991-ci ildə baş verən hadisə isə onun avtomatik süqutu kimi açıqlana bilməz. Dəqiq proqrama malik olmayan və ölkədə xaosa gətirib çıxaran Qorbaçov yenidənqurması da bu məsələdə taleyüklü rol oynadı. Beləliklə, SSRİ-nin sürətli süqutu Sovet dövlətinin mövcudluğunun sonuncu onilliyində həyatın bütün tərəflərini: iqtisadiyyatı, siyasəti, o cümlədən milli, sosial-mədəni və mənəvi mühiti bürümüş kompleks və çoxqatlı böhran kontekstində tamamilə izah olunandır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".