Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Süni intellektdən ən çox təsirlənəcək peşə

Bu yaxınlarda aparılan araşdırma nəticəsində müəyyən edilib ki, süni intellektin inkişafı səbəbindən işini itirmə ehtimalı olan ən yüksək peşə qrupu ofis işçilərinin peşəsidir. Bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) rəsmi saytında dərc edilmiş yeni hesabatda bildirilib.

Birləşmiş Millətlər Təşkilatının araşdırmasına görə, ofis işçilərinin tapşırıqlarının təxminən 25 faizi generativ süni intellekt tərəfindən tamamilə yerinə yetirilə bilər. Bu kontekstdə menecerlər neyron şəbəkələr tərəfindən daha az təhdid edilir. Çox güman ki, əmək intensivliyi azalacaq, lakin eyni zamanda, işçilərin muxtariyyəti artacaq. Tədqiqat zamanı həmçinin müəyyən edilib ki, inkişaf etmiş, yüksək gəlirli ölkələrdə iş yerlərinin yalnız 5,5 faizi süni intellektdən potensial olaraq təsirlənir. Aşağı gəlirli ölkələrdə isə bu göstərici 0,4 faiz təşkil edir.

Bundan əlavə, araşdırmanın nəticələri göstərir ki, süni intellekt insanların əksəriyyətinin işini, düşünüldüyü kimi, tamamilə ələ keçirməyəcək əksinə, bəzi tapşırıqları avtomatlaşdırmaqla, onlara digər işləri görməyə imkan verəcək.  Bununla belə, tədqiqatçılar xəbərdarlıq edirlər ki, süni intellekt yaxın gələcəkdə kargüzarlıq işinə ağır zərbə vura bilər.

 

Hindistan kosmos tarixində ilkə imza atıb

Hindistanın "Chandrayaan-3" adlı kosmik gəmisi Ayın Cənub qütbünə eniş edərək kosmos tarixində bir ilkə imza atıb. Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Rusiyanın "Luna-25" kosmik aparatı Ayın bu ərazisində uğursuz eniş edərək yararsız vəziyyətə düşmüşdü. Beləliklə Hindistan peykimizin Cənub qütbündə uğurlu eniş etmiş birinci ölkə olub.

Qeyd edək ki, indiyə qədər Ayın Cənub qütbü çox az müşahidə edilib və təxminlərə görə, həmin ərazidə buz şəklində su mövcuddur, temperaturu isə təxminən -203 dərəcə Selsi təşkil edir. Bu isə Ayın həmin regionunun Yer kürəsindən müşahidə edilməsini çətinləşdirir və üstəlik yüksək həssaslığa sahib təchizatların işində problemlər yaradır.

İndiyə qədər Aya yalnız üç ölkə - ABŞ, keçmiş SSRİ və Çin eniş etsə də, Hindistanın "Chandrayaan-3" missiyasından fərqli olaraq adıçəkilən ölkələrin göndərmiş olduqları kosmik aparatlar onun ekvatora yaxın sahəsinə eniş ediblər. Belə ki, Ayın ekvatora yaxın sahəsi nisbətən xoşagələn temperatura və landşafta sahib təhlükəsiz sahə hesab edilir. Bununla yanaşı, Ayın bu sahəsinə Günəş şüaları rahatlıqla çata bilir. Bu isə öz növbəsində özündə Günəş batareyalarını birləşdirən aparatların və robotların şarj olunmaları üçün ideal şəraitdir. Hindistana məxsus kosmik aparatın Ayın səthinə enişi zamanı baş tutmuş canlı yayım çərçivəsində ölkənin baş naziri Narendra Modi bildirib ki, bu missiyanın uğurlu nəticəsi insanların kosmosa göndərilməsinə zəmin yaradır.

Qeyd edək ki, "Chandrayaan-3" kosmik gəmisi 14 iyul tarixində start götürüb, 5 avqust tarixində isə Ayın orbitinə çatıb.

 

"WhatsApp"a 2 yeni funksiya əlavə ediləcək

"Meta" şirkətinin rəhbəri Mark Zukerberq dünyanın ən çox istifadə edilən mesajlaşma platforması olan "WhatsApp"da iki yeni funksiyanın işə salınacağını açıqlayıb. O bildirib ki, "WhatsApp"ın hazırkı versiyasına yüksəkkeyfiyyətli fotoşəkil və ekran paylaşmaq üçün  funksiyalar əlavə ediləcək.

Türkiyə mətbuatının yaydığı informasiyaya görə, Zukerberq istifadəçilərin yüksəkkeyfiyyətli fotoşəkilləri paylaşmasının daha asan olacağını qeyd edib. Bundan əlavə o, videoproqramlarla rəqabət aparmaq üçün ekran paylaşma funksiyasının da aktivləşdiriləcəyini bildirib.

Tətbiqdə hər göndərilən şəkil standart keyfiyyət parametrinə malik olacaq. Həmçinin məlumatların ötürülməsi problemi də aradan qaldırılacaq. Bundan əlavə, bilavasitə ekran paylaşma funksiyası da təklif ediləcək. Bu xüsusiyyət sayəsində "WhatsApp" istifadəçiləri ekran hərəkətlərini istədikləri şəxslə paylaşa biləcəklər. Bu funksiyanın "WhatsApp"ı Zoom və "Google Meet" kimi məşhur videoproqramlarla uyğunlaşdıracağı gözlənilir.

 

"Google" yeni smart eynəyini hazırlaya bilər

Dünyanın ən böyük axtarış sistemi olan "Google"un sosial şəbəkələrdə yeni smart eynəyini hazırlaması barədə məlumat yayılıb. Məlumata əsasən, şirkət "Google Lens"ə bənzər yeni smart eynək üzərində çalışmağı planlaşdırır.

Məlumatda həmçinin əks olunub ki, "Google" bunu təkbaşına deyil, hansısa şirkət ilə əməkdaşlıq çərçivəsində reallaşdıracaq. Belə ki, "Google" yeni smart eynəyin proqram təminatına (ing.software) görə özü, əməkdaşlıq edəcəyi digər şirkət isə aparat təchizatına (ing.hardware) görə cavabdeh olacaq. Bundan əlavə olaraq insayderlər (e-ticarət saytları üçün satışları artırmaq məqsədilə alətlər təqdim edən proqram şirkətləri) bildiriblər ki, yeni smart eynək üçün nəzərdə tutulacaq ekranların istehsalını "Google" öz üzərinə götürə bilər. Bunun üçün şirkətin strukturuna daxil olan "Raxium" adlı digər bir şirkət mövcuddur. Sözügedən şirkət öz növbəsində micro-LED ekranların istehsalını təmin edə bilər. Qeyd edək ki, yeni smart eynəyin 2025-ci ildə təqdim ediləcəyi ehtimal olunur.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".