(keçmişdən indiyə)
İnsanlığın yaranışından bəri nə qədər vaxt keçsə də, tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib və bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm də keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk ayaq basmasına və bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm də həyat tərzimizə böyük təsir göstərib. Bəlkə də bu hadisələrin çoxu yaşanmasaydı dünya indikindən daha fərqli olardı. Həyatımıza və sivilizasiyaya təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə ekskurs edək...
Ənənəmizə uyğun olaraq bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "Həzrəti Məhəmmədin dünyaya gəlməsi"ni oxuculara təqdim edirik.
“Respublika".
Həzrəti Məhəmmədin dünyaya gəlməsi
Bəzən dünyada baş verən hadisələrin yaratdığı dəyişikliklərin nəticələri müasir dövrədək gəlib çatsa da, bəzilərininki müəyyən xronoloji çərçivə ilə məhdudlaşır. Bəlkə də bu, zamanın dinamikasından asılı olaraq, həmin dövrün tələblərindən irəli gəlmişdir. Lakin elə hadisələr də var ki, tarixin axarını real gedişindən çıxarıb, yeni inkişaf yoluna yönəldib, müasir vəziyyəti formalaşdırmışdır. Bu qəbildən olan, dünyanın düzənini dəyişdirən ən mühüm hadisələrdən biri də Həzrəti Məhəmmədin dünyaya gəlməsidir.
Uca Allahın “aləmlərə rəhmət” və “son peyğəmbər” olaraq göndərdiyi Həzrəti Məhəmməd təkcə müsəlmanlar üçün deyil, həm də dünya tarixinin axarını dəyişdirən bir şəxsiyyət kimi bəşəriyyətin düşüncə formatının, şüurunun formalaşmasında böyük rol oynamışdır. Az qala bütün dəyərlərin öldüyü bir dönəmdə elçi olaraq göndərilən, insanlığın, bəşəriyyətin xilaskarı hesab edilən Məhəmməd peyğəmbər, islam dinini yaymaqla insanlarda təfəkkür tərzini dəyişdirmiş, onlarda mənəviyyatla idrakın sintezinə çalışmışdır. Bu səbəbdən də hazırda bütün dünyada müsəlmanların sayı günü-gündən artmaqdadır.
VII əsrdən etibarən Asiya, Afrika, o cümlədən Avropanın böyük bir hissəsinə yayılan islam dini ədəbiyyatdan memarlığa, siyasətdən iqtisadiyyata, hüquqdan fəlsəfəyə qədər bir çox sahələrin inkişafına cığır açaraq, bəşər mədəniyyətinin, sivilizasiyanın formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir.
Bəşər tarixi boyu, sonuncu peyğəmbərin dünyaya gəlməsindən öncə və sonra, milyardlarla insan anadan olub və vəfat edib. Lakin bu doğum tam fərqli bir hadisə idi. Allah-Taala yaradılışın zirvəsi saydığı insanlara nemət olaraq son elçisini dünyaya gətirirdi. Artıq bəşərin ən yeni tarixi yazılmağa başladı. Bəşəriyyət əsrlərlə formalaşan dəyərlərə yeni rakursdan nəzər salmalı oldu. Dayaqları sarsılmaz görünən ehkamlar yerlə yeksan edildi. Adəmin, Nuhun, İbrahimin, Musanın, İsanın misilsiz zəhmətləri və səyləri ilə yetişən Allahın dini, Məhəmməd (salavatullah) tərəfindən cilalanmış şəkildə Adəm övladlarına təqdim edildi. Bütün suallar cavablandırıldı. Bütün intizarlara son qoyuldu. Artıq heç kim “bundan daha kamili ola bilər” kəlməsini söyləməyə cürət tapmadı. Söyləyənlər oldusa da, suallarına cavab tapmayanlar qaldısa da – zatən onlar özləri özlərini aldatdılar. Ədalətə göz yumdular. Gözlərini yumdular və: “Günəş yoxdur ki! Hər yan zülmətdir ki!” - söylədilər. O isə artıq var idi. Allah insanlara göstərdiyi bütün lütflərin ən üstününü bəşəriyyətə bəxş etdi. O, dünyaya gəldi...
Tarixçilərin bəzisi Ərəbistan yarımadasının Məkkə şəhərində dünyaya göz açan Məhəmməd peyğəmbərin "fil ili"ndə - 570, yaxud 571-ci il rəbiüləvvəl ayının 12-də, bəziləri isə rəbiüləvvəl 17-də dünyaya göz açdığını yazırlar. Altı yaşından etibarən yetim qalmış Məhəmməd (s) babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Onun ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir.
Uşaqlığından bütün həyatı məkkəlilərin gözü qarşısında tərtəmiz keçən, insanların ən böyük qurtarıcısı, gələcəyin xilaskarı Həzrəti Məhəmməd qırx yaşına təzəcə qədəm qoyanda, miladi tarixi ilə 610-cu ilin bir Ramazan gecəsi idi. Bu vaxt qeybdən bütün varlığını sarsıdan tükürpərdici bir səs eşitmişdi: «Ey əbaya bürünmüş! Əbanı at! Ayağa dur, şəhər kənarındakı Nur dağının Hira mağarasına gəl! Məhəmməd peyğəmbər büründüyü əbasını atıb, cəld bir hərəkətlə ayağa durmuş və həmin yerə gəlmişdi.
Hira mağarasında Cəbrayıl adını daşıyan Mələk onun gözünə görünür: «Ya Məhəmməd! Sən Allahın peyğəmbəri, rəsulusan! Allahın vahidliyini, Allahdan başqa heç kimə və heç nəyə ibadət edilməyəcəyini insanlara bildirməlisən; Getdikləri yolun düz yol olmadığını onlara sən başa salmalısan!» — deyir və Quranın: «Oxu! Yaradan Rəbbinin adı ilə oxu!» — deyə ilk ayələrini oxumağa başlayaraq əlavə edir: «Sənə Allah təbarəkü və taala tərəfindən vəhy olunan bu ayələri və gələcəkdə vəhy olunacaq ayələri oxu və yazdır!
"Axı mən oxumaq və yazmaq bilmirəm!"- deyə peyğəmbər tərəddüd və həyəcan içərisində söyləyir. Bilirik! Bizə hər şey məlumdur! Ona görə də «yaz!» demirik, «yazdır!» deyirik.
Axı yadımda qalmaz! Hər şey bizim əlimizdədir! Elə edərik heç vaxt yadından çıxmaz!»
Cənabi-Cəbrayılın verdiyi bu təlimatdan sonra Peyğəmbərimizə ilahi bir yaddaş, mükəmməl bir hafizə bəxş olundu. Həmin gündən başlayaraq, həyatının son anına qədər açıq şəkildə islamı təbliğ etməyə başladı. O elan etdi ki, "Allah birdir", Allaha təslimiyyət (islam) doğru həyat yoludur və digər islam peyğəmbərləri kimi, o da Allahın elçisidir.
Başlanğıcda, Məhəmməd peyğəmbərin ardıcılları az idi və onlar məkkəli politeistlərin düşmənçiliyinə məruz qalırdılar. O, 615-ci ildə ardıcıllarını təqibdən qorumaq üçün onlardan bəzilərini Aksum krallığına göndərmiş, 622-ci ildə isə qalan tərəfdarları və özü Məkkədən Mədinəyə (əvvəl "Yəsrib" olaraq adlandırılırdı) köç etmişdilər. Bu hadisə, hicri təqvimi olaraq da bilinən "islami təqvim"in başlanğıcı sayılır. Həmin il Məhəmməd Mədinədəki qəbilələri "Mədinə müqaviləsi" altında birləşdirmişdi. Məkkəlilərlə müxtəlif aralıqlarla səkkiz il davam edən müharibələrdən sonra Məhəmməd peyğəmbər 10.000 müsəlman əsgərlə birlikdə Məkkə şəhərinə doğru hərəkətə başlamışdı. Müsəlmanlar az itki ilə şəhərə daxil ola bilmişdilər.
Deyilənlərə görə, Məkkəlilərin bir yürüşü zamanı peyğəmbərin həyatına bir neçə dəfə qəsd etmək istəyiblərmiş. Bir dəfə peyğəmbər ağacın altında yatdığı zaman silahlı məkkəlilərdən biri əlində qılınc onun başının üstünü kəsir və «Ey Məhəmməd,» — deyə ona müraciət edir, — de görüm indi səni kim xilas edəcək? Peyğəmbər özünü itirmədən «Allah» — deyə cavab verir. Onun belə cavabından heyrətə gəlmiş döyüşçünün əlindən qılınc düşür. Peyğəmbər onun qılıncını tez yerdən götürür və eyni sualla döyüşçüyə müraciət edir. Qorxusundan dili-dodağı təpiyən döyüşçü güc-bəla ilə «Heç kim» — deyəndə peyğəmbər onun qılıncını özünə qaytarır. Belə bir mərhəmətdən sonra döyüşçü üzr istəyir və İslam dinini qəbul edərək haqq yolunu seçir.
Başqa bir rəvayətə görə isə peyğəmbər yuxudan oyananda görür ki, balaca sısqa bir pişik balası onun əbasının ətəyi üstündə büzüşüb yatmışdır. Pişik balasını narahat edib oyatmamaq üçün peyğəmbər öz əbasının ətəyini kəsmişdir. Bu səbəbdən də həmin gündən sonra pişik müqəddəs heyvan hesab edilmişdir.
Məkkədə bir qarı yaşayırdı. Onun peyğəmbəri görməyə gözü yox idi. Hər gün Məhəmməd bu qarının evinin yanından keçməli olurdu. O, hər gün bütün günü topladığı zibili yuxarıdan onun başına tökürdü. Məhəmməd (s) bir dəfə də olsun başını qaldırıb ona güldən ağır söz demir. Günlərin birində isə qarı yatağa düşür və xəstəliyi elə şiddətlənir ki, yerindən dura bilmir. Həmin gün Məhəmməd peyğəmbər onun evinin qabağından keçəndə başına zibil tökən olmadğı üçün çox təəccüblənir. «Ola bilsin ki, qarı xəstələnib» — Hz.Məhəmməd düşünür və qadının əhvalını öyrənmək üçün yuxarı qalxır. Onu görəndə qarı bərk qorxuya düşür. Elə bilir ki, Hz.Məhəmməd onu döyüb söyəcək. Biləndə ki, Hz.Məhəmməd onu yoxlamağa gəlib kövrəlib ağlayır: «Sən nə yaxşı adamsan!» Hz.Məhəmmədin xeyirxahlığından riqqətə gəlmiş qarı elə oradaca ona iman gətirir.
Bəzi mənbələrdəki faktlara görə, Məhəmməd peyğəmbər vida həccindən qayıtdıqdan bir neçə ay sonra, 632-ci ildə xəstələnmiş və vəfat etmişdir. Onun ölümünə qədər artıq Ərəbistan yarımadasının əksəriyyəti İslam dinini mənimsəmişdi.
Allah tərəfindən Məhəmməd peyğəmbərə göndərilən vəhylər Quranın ayələrini meydana gətirmişdir. Ayələr müsəlmanlar tərəfindən "Allahın kəlamı" adlandırılmış və dinin əsası olaraq qəbul edilmişdir. Qurandan başqa, Məhəmməd peyğəmbərin hədislərdə də yer alan təlimləri və tətbiqləri (sünnə və şiə ) İslam dininin hüquqi mənbələri olaraq istifadə edilir. Bəzi rəvayətlərdən bəlli olur ki, Quranın toplanmasına, Peyğəmbərin (s) vəfatından sonra başlanmışdır. Belə ki, Əbu Bəkr ( 632-634-cü illərdə hakimiyyətdə olmuş Rəşidi xilafətinin birinci xəlifəsi )onun pərakəndə hissələrini toplayaraq cəmləşdirmişdir. Sonralar müxtəlif dillərə tərcümə edilən müqəddəs kitabın nüsxələri yayılmış və bu günümüzə qədər gəlib çatmışdır.
Qeyd edək ki, ingilislər uzun müddətdir anadan olmaları ilə dünya tarixini dəyişdirən, onun inkişaf mexanizmini müsbət istiqamətə yönləndirən şəxsiyyətlərin siyahısını tərtib edib. Bir neçə dəfə dəyişikliyə məruz qalan bu siyahıda ilk yer toxunulmaz olaraq qalmaqdadır. Belə ki, birinci yer Həzrəti Məhəmməd peyğəmbərə məxsusdur...
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".