Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

ZELENSKİ NATO SAMMİTİ ZAMANI ƏSƏBLƏRİNİ CİLOVLAYA BİLMƏYİB

NATO-nun Litvanın paytaxtı Vilnüsdə keçirilən sammiti Ukraynanın gözləntilərini doğrultmayıb və bu da prezident Volodimir Zelenskinin narazılığına səbəb olub. Nəticədə dövlət başçısı əsəbiləşib və soyuqqanlılığını itirib. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ-ın “Bloomberq” nəşri yazıb.

Məlumata əsasən, Zelenski çıxışı zamanı tez-tez səs tonunu yüksəldib. Alyans ölkələrinin liderləri onu güclə sakitləşdiriblər. Onun əsəbləşməsinin əsas səbəbi kimi Ukraynanın NATO-ya üzv qəbul olunması ilə bağlı konkret tarixin açıqlanmaması göstərilir. Bildirilir ki, onun bu ritorikası Ukraynaya dəstək verən Qərb liderlərinin xoşuna gəlməyib. Şam yeməyi zamanı dövlət və hökumət başçıları Ukrayna prezidentinə iradlarını bildirib və sakit olmağın zəruriliyini diqqətə çatdırıblar.

Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ daxil olduğu “G7” ölkələrinin Ukraynaya təhlükəsizlik zəmanəti barədə qərarından sonra isə Volodimir Zelenski sakitləşib.

 

PAKİSTANIN NAZİRLƏR KABİNETİ İSTEFA VERƏCƏK

Pakistanın Nazirlər Kabineti hazırkı Milli Assambleyanın (parlamentin aşağı palatası) səlahiyyət müddəti başa çatdıqdan sonra avqust ayında istefa verəcək. “Trend” agentliyinin xəbərinə görə, bunu Pakistanın baş naziri Şahbaz Şərif bəyan edib.

“Hökumət beş illik səlahiyyət müddətinin başa çatması nəticəsində Milli Assambleyanın buraxılmasından sonra gələn ay istefaya gedəcək”, - deyə Şahbaz Şərif bildirib.

Bununla yanaşı, baş nazir əlavə edib ki, Pakistan parlamentinin aşağı palatasının səlahiyyət müddəti avqustun 12-də başa çatır.

“Hökumət avqustun 14-dən gec olmayaraq istefa verəcək, bu da Pakistanda növbəti ümumi seçkiləri iki aydan sonra - oktyabr və ya noyabrda keçirməyə imkan verəcək. Tarixi Seçki Komissiyası müəyyənləşdirəcək”,  - deyə Şahbaz Şərif vurğulayıb.

 

BMT-dən RUSİYAYA “TAXIL SAZİŞİ” İLƏ BAĞLI SÖVDƏLƏŞMƏ TƏKLİFİ

BMT-nin baş katibi Antoniu Quterreş Rusiya prezidenti Vladimir Putinə “Taxıl sazişi”ni uzatmağın əvəzində Rusiyanın “SWIFT” sisteminə qoşulmasını təklif edib. “Report” agentliyinin məlumatına əsasən, bu barədə xəbəri “Röyters” yayıb.

BMT-nin rəsmi nümayəndəsi Stefan Dyujarrik açıqlamasında bildirib ki, iyulun 12-də A.Quterreş V.Putinə məktub ünvanlayıb. Məktubda BMT-nin məsələ barədə təkliflər üzrə rəsmi Moskva ilə əməkdaşlığa hazır olduğu qeyd edilib.

Eyni zamanda, Stefan Dyujarrik təfərrüatları açıqlamasa da, əlavə edib ki, baş katib bütün tərəflərlə məsələ ilə bağlı fikir mübadiləsi aparır və Rusiya ilə müzakirələri davam etdirməyə hazırdır.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur.

 

UKRAYNADA ŞIDDƏTLI DÖYÜŞLƏR DAVAM EDIR

Ukraynada şiddətli döyüşlər səngimək bilmir. Rusiya qüvvələrinin böyük hissəsini Kupyan, Liman, Baxmut, Avdiv və Marin ərazilərində cəmləşdirir. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Hərbçilərimiz Kupyan istiqamətində müdafiəni möhkəm saxlayırlar. Marin istiqamətində isə müdafiə qüvvələri Rusiya qoşunlarının irəliləyişinin qarşısını almağa davam edir”, - deyə Baş Qərargahın açıqlamasında qeyd olunur.

Eyni zamanda, bildirilir ki, rusların Liman və Şaxtyor istiqamətlərində irəliləmək cəhdləri nəticəsiz başa çatıb. Həmçinin Ukrayna ordusu aviasiya və artilleriya atəşi altında Avdiv və Keramika rayonlarında rus qoşunlarının hücumlarını uğurla dəf ediblər.

Məlumata əsasən, Rusiya qüvvələri Zaporoje və Xersonda əsas səylərini Ukrayna qoşunlarının irəliləməsinin qarşısını almağa yönəldib.

Bununla yanaşı, Ukrayna Silahlı Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatını davam etdirir, azad olunan mövqelərdə möhkəmlənir, müəyyən edilmiş hədəfləri vurur və kəşfiyyata qarşı əks-tədbirlər həyata keçirir.

 

İSVEÇDƏN TÜRKİYƏYƏ QARŞI GÖZLƏNİLMƏZ QƏRAR

İsveç Ali Məhkəməsi Türkiyəyə ekstradisiya edilməli olan terrorçularla bağlı mübahisəli qərar verib. “Teleqraf.com”un xəbərinə görə, Ali Məhkəmə bu şəxslərin Türkiyəyə təhvil verilməsinə hüquqi maneələrin olduğunu bildirib.

Eyni zamanda, sözügedən şəxslərin Türkiyənin ekstradisiyasında israr etdiyi iki “FETÖ” üzvü olduğu qeyd olunur.

Məhkəmənin açıqlamasında həmçinin bu şəxslərin terror təşkilatına üzvlüyü ilə bağlı kifayət qədər dəlil olmadığı, ekstradisiya qərarı üçün onların İsveç və Türkiyədəki əməllərinin cinayət tərkibinin vacibliyi vurğulanıb.

Məlumata əsasən, Türkiyəyə ekstradisiya ilə bağlı son qərarı İsveç hökuməti verəcək. İsveç hökuməti bu il Türkiyənin tələblərinə uyğun olaraq sərt antiterror qanunu tətbiq edib.

İsveç rəsmiləri hələlik qərarla bağlı açıqlama verməyib. “Röyters” agentliyi Türkiyənin etirazlarını geri götürməsindən dərhal sonra atılan bu addımın İsveçin NATO-ya üzv olmaq səylərinə mane olacağını yazıb.

 

MAKRONA İÇƏRİSİNDƏ KƏSİLMİŞ BARMAQ OLAN ZƏRF GÖNDƏRİLİB

Fransada Yelisey Sarayına içərisində insan barmağı olan zərf göndərilib. “Report” agentliyinin xəbərinə görə, bu barədə “Valeurs Actuelles” nəşri məlumat yayıb. Qeyd edək ki, bu saray Fransa prezidenti Emmanuel Makronun Parisdəki rəsmi iqamətgahıdır.

Məlumata görə, bir neçə gün öncə saray yazışma xidməti poçtla məktub alıb. Zərf açılan zaman onun içində insan barmağı aşkarlanıb.

Bildirilir ki, barmaq polisin yeməklərini saxladığı soyuducuya yerləşdirilib. Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları daha sonra barmağın sahibi olan şəxsi tapıblar. Lakin məsələnin təfərrüatları açıqlanmayıb.

Eyni zamanda, Yelisey Sarayı vəziyyəti şərh etməkdən imtina edib.

 

PLANETİMİZDƏ HAVANIN TEMPERATURU DAHA DA YÜKSƏLƏCƏK

Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) qlobal dəniz səthinin temperaturunun daha da artacağını bildirib. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Təşkilatın verdiyi açıqlamada Atlantik okeanının şimalında dəniz səthinin temperaturunda “görünməmiş artım” müşahidə edildiyi vurğulanıb.

Eyni zamanda, may, iyun və iyul aylarında dəniz səthinin istiliyinin rekord həddə çatdığı, son aylarda yaşanan temperatur qeydlərinin isə “El-Nino” kimi tanınan hava şəraitinin təsiri ilə daha da artacağı qeyd olunur.

ÜMT-nin İqlim Monitorinqi Departamentinin rəhbəri Ömər Baddur Antarktidada dəniz buzunun səviyyəsinin ötən ay çox aşağı səviyyəyə çatdığını bəyan edib. Ömər Baddur “El-Nino” atmosfer hadisəsi səbəbindən gözləntilərə uyğun olaraq 2024-cü ildə yeni temperatur rekordlarının qırılacağına əminliyini ifadə edib.

Qeyd edək ki, Ümumdünya Meteorologiya Təşkilatının verdiyi açıqlamada iyulun 4-də “El-Nino” hadisəsinin başladığını elan edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.