Digər xəbərlər

"Armeniya" ərazisinin həqiqi sakinləri haqqında

Erməni saxtakarlığına tutarlı cavab

...Hayastan, əslində, Ermənistan deməkdir. Bilmirəm nəyə görə ingilis dilində, rus dilində Hayastana Armenia deyirlər, çünki ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Bu tarixçilərin işidir. Mən bunun səbəbini bilirəm, amma yəqin ki, gərək Azərbaycan tarixçiləri də daha dolğun tədqiqatlar aparsınlar.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

 

Ötən əsrlərdə Azərbaycan Ermənistan tərəfindən dəfələrlə hücumlara məruz qalıb. Haylar təkcə ərazilərimizə göz dikməyiblər. Tariximizdən tutmuş musiqimizə, mətbəximizə kimi bütün dəyərlərimizə sahib olmağa çalışıblar. Özlərinin yalançı dövlətçilik siyasətini daha da genişləndirmək məqsədilə Azərbaycanın sahib olduğu bütün maddi-mədəni dəyərlərinə tamah salıblar. Əvvəlcə ərazilərimizi - əsasən, İrəvan xanlığını zəbt etdilər. Daha sonra Qarabağ torpaqlarında məskən saldılar. Beləcə, tam yerlərini rahatlayandan sonra özlərini regionun "sahibi" və "Hayastan" nümayəndələri kimi təqdim etdilər.

Qəzetimizin 13 iyun tarixli nömrəsində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya..." seriyasından olan kitablar barədə geniş məqalə dərc etmişdik.

Kamran İmanovun "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya "Armeniya" ərazisinin həqiqi sakinləri haqqında" kitabında tarixi Azərbaycan torpaqları olan İrəvan xanlığı - Zəngəzur qəzası, Göyçə mahalı, Qarabağ torpaqları və digər ərazilərimizin haylar tərəfindən necə işğal edilməsindən söhbət açılır. Eyni zamanda, ermənilərin qondarma tarixlərini və özlərini necə qədim dövlətlərə calaq etmək istəkləri ifşa edilir.

Kitabda ümumilikdə İrəvan xanlığı və ətraf ərazilərin həqiqi sakinləri haqqında çox geniş və müfəssəl məlumat verilir. Tarixi Azərbaycan torpaqlarından zamanla mərhələli şəkildə didərgin salınan, dəfələrlə deportasiya siyasətinə məruz qalan azərbaycanlıların yaşadıqları faciələrdən bəhs edilir. Həmçinin, hayların "Armenian / Erməni" adını çox sonralar mənimsəmələri məsələsinə də toxunulur. Tarixin özündə belə, yerləri yanlış olan ermənilər bütün dövrlərin baş bəlası olub. Bu üzdəniraq millət tarix boyu bütün gəzdikləri coğrafiyalara qarşı ərazi iddiasında olublar. Yeri-yurdu məlum olmayan haylar fürsət düşən kimi özlərini qədim tarixin ən mötəbər zamanlarına da "calamağı" unutmamışlar. Lakin tarixi faktlar, sənədlər, araşdırmalar həqiqətin nədən ibarət olduğunu aydın şəkildə göstərir. Bu mənada, Kamran İmanovun haqqında söz açdığımız kitabı haylara və onların saxta tarixlərinə ən tutarlı cavabdır.

Mövzunun aktuallığını, erməni saxtakarlığını ifşa edən tarixi faktların əhatəliliyini və oxucu marağını nəzərə alaraq kitabdan həmin məqaləni təqdim edirik.

"Respublika". 

(əvvəli 11, 12 və 13 iyul tarixli saylarımızda)

III. "Armeniya/Armeniya" terminini mənşəyi haqqında

"Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir" (Bakı, 2017, 2018, MHA) adlı tədqiqatımızın "Armeniya / Arminiya adının mənşəyi" bölməsində və daha əvvəlki əsərlərdə tezis şəklində bu terminin etimologiyası haqqında mülahizələr söylənmişdir. Xüsusilə vurğulanmışdır ki, bununla bağlı nöqteyi-nəzərlərdən heç biri müasir hay-ermənilərə aid deyildir.

Əlbəttə, M.Xorenskinin saxtalaşdırdığı İncillin erməni versiyasına əsaslanan yalançı hay-erməni tezisini və Armen, Aram tipli adları Haykın mənşəyinə bağlayan Armen, Aramenak, Aram və başqa bu kimi fantomların "yaradılmasını" istisna etməklə.

Armeniya / Arminiya coğrafi termininin mənşəyi bir toponim və xoronim kimi şərh edilərək göstərilmişdir ki, o, "yuxarı", "yüksək torpaq - ölkə" mənasında istifadə edilmiş və "Urartu" adının sinonimi kimi işlədilmişdir (çar Darinin Behistan / Bisitun yazıları, e.ə 520-ci ildən b.e. qədər), Urartu yazılarında isə (e.ə. VII əsr) "Arme" termini Fərat və Dəclə çaylarının yuxarı axarında yerləşən "şərq vilayətini" bildirmişdir.

Qədim ivrit mətnlərində, həmçinin Assuriya mixi yazılarında, qədim fars və qədim yunan mənbələrində Urartu adının semantikası "yuxarı", "yüksək", "yüksəklik", "yuxarı torpaq", "dağlıq ərazi" və s. mənalarda işlənmişdir. Herodot zamanında, Əhəmənilər hökmranlığı dövründə bu coğrafi termin inzibati, xristianlıq dövründə isə konfessional əhəmiyyətə malik olmuşdur.

Təsadüfi deyil ki, Strabon öz "Coğrafiya"sında "Armi / Arim"ini Kilikiyada yerləşdirmişdir, müasir Türkiyənin Karaman vilayətində isə Ermenak şəhəri mövcuddur. "Armini" termininin mənşəyi haqqında biz onun etnonim olması barədə də danışmışdıq və xüsusən Kalisfen və Pindar kimi qədim müəlliflər Kalik dağında Kilikiyada yaşamış "Arim"lər qəbiləsi barəsində, bununla əlaqədar qonşu dağların da "Arim" adını daşıdığını xatırlatmışdıq. Professor C.Kempbellə istinad edilərək, göstərilmişdi ki, "Armini" adının kökü Arima / Arimi / Erme (Yunan dilində Arimai) qəbiləsinin adına gedib çıxır və bu qəbilə İncildə Ashteroth (Ashashtari) adlandırılan qədim turanlıların törəmələri Xattilərin "Nairi xalqlarının" tərkibinə daxil olmuşlar. Məhz qədim misirlilər onları mesopotamiyalı "Naharain"lər, ivrit mətnləri - Aram naharaim, assuriyalılar - Nairi, Herodot isə onları Sak hesab etmiş və Neuri (Nevrı) adlandırmışdır.

Bununla yanaşı, istisna deyil ki, bəzi xarici tədqiqatçılar, o cümlədən Sent Martin (St-Martin) "Armini" terminini Strabonun ermənilərin arameylərə, suriyalılara və ərəblərə qohum olmasını ehtimal etməsi səbəbi ilə "Aram" sözü ilə bağlayırdılar. İ.Dyakonov, İ.Şopen, N.Adonts, N.Eminin fikirlərinə istinad edərək, biz göstərmişdik ki, bu halda söhbət Arminiya sakinləri - ermənilər haqqında deyil, hay-ermənilər haqqında gedə bilər. Lakin Aram arameylərin sami nəslinin başçısı olmuşdur və onların dili Yaxın Şərq və Mesopotamiya xalqları arasında ünsiyyət vasitəsi kimi istifadə edilmiş, Yeni və Əhdi-Ətiqlərin dili olmuş, Aram adı isə "Hay xalqı" naminə ona təriflər yağdıran M.Xorenski tərəfindən hay-ermənilərin tarixinə "daxil edilmişdir". M.Xorenskinin bu "yeniliyi" ona gətirib çıxardı ki, hind-avropalı hay-ermənilər eyni zamanda nəinki Arminiyanın qədim əhalisi, eləcə də tama-milə başqa mənşəli bir xalq, həm də sami-arameylər olmaq istədilər.

Bu qısa girişdən sonra biz "Armeniya / Arminiya" termininin mənşəyi haqqında versiyalar barədə daha ətraflı məlumat verəcəyik. İncili təftiş etməklə (Hayk, Armen, Armenak və s.) yerdəyişməyə əsaslanan hay-erməni tezislərini diqqətə almamaq şərti ilə Arminiya / Erməniyyə termininin bir çox versiyası mövcuddur. Bu versiyalar fərqli olsa da, onların hamısı Armeniyanın hay mənşəli olduğunu tamamilə istisna edir.

Beləliklə:

1. Bir çox hallarda rus tədqiqatçısı İ.Şopenin araşdırmalarına uyğun olan professor F.Kırzıoğlunun "yüksək ölkə" mənasında coğrafi ərazi anlamına gələn versiyası;

2. "Ərmən" terminini prototürk qəbiləsi olan subareylərin adı kimi göstərən professor F.Ağasıoğlu (Cəlilovun) versiyası;

3. Bir çox hallarda kanadalı professor C.Kempbellin mövqeyi ilə səsləşən, qədim Xatt mənşəli Nairi qəbilə birləşməsindən olan Armi / Arme / Erme tayfasının adını nəzərdə tutan, həmçinin Kilikiya ərazisində "Arima" yer adına əsaslanan bizim versiyamız;

4. E.Əlilinin "meşə, ağac" anlamına gələn türk termini orman / arman versiyası.

Bu versiyaları şərti olaraq bir sıra kateqoriyalara ayırmaq olar: toponimik, etnonimik, qarışıq (toponimik-etnonimik) və linqvistik. Biz professor F.Kırzıoğlunun daha ətraflı toponimik versiyasından başlayacağıq.

III. 1. Hər şeydən öncə, "Armeniya / Arminiya" tarixi termininin hansı semantik məna daşıdığını anlamaq üçün, bu terminin tətbiq olunduğu coğrafi məkanı təsvir etmək lazımdır. Ümumiyyətlə, bu torpaqlar Şərqi Anadoluya aiddir və bu barədə Qars sakini tanınmış tarixçi Fəxrəddin Kırzıoğlunun 1995-ci ildə Ankarada nəşr olunmuş son (şərik) əsərlərindən biri olan "Türk Tarixində Ermeniler" əsərində verdiyi xarakteristikaya nəzər yetirək.

Şimalda Qafqaz silsiləsi və Qara dəniz, cənubda Qırmızı Özen, Kərkük və Suriyada olan Sincar dağı, qərbdə - Malatya-Şukurov və Asiya İrmağı ilə əhatə olunan, şərqdə isə Xəzər dənizinə qədər olan torpaqlar onunla diqqət çəkirdilər ki, buradakı çaylar dörd dənizə tökülürdü. Məhz bu səbəbdən həmin torpaqlar qədim dövrlərdən müxtəlif dillərdə "yuxarı-ellər" və ya "Yüksək ölkə", yəni suyun axıb gəldiyi torpaq adlandırılmışdır. Hələ e.ə. 1280-ci ildə assuriyalılar Van gölünün ətraf ərazisi daxil olmaqla, Böyük Zabanın şimalında və Dəclənin yuxarı hissələrində olan torpaqları öz sami dillərindəki mixi yazılarında Uru (yüksək) - Atru (ölkə) kimi təsvir edirdilər. Bu da qısaldılmış formada Ur-Artu kimi təqdim olunurdu.

Assuriyaya su gətirən torpağı, Nairi adını, yəni Nehirler (Irmaklar) və ya "çay, su", coğrafi termin kimi istifadə etdikləri yazı da məhz assuriyalılara məxsusdur (Sonralar onlar Nairiyə başqa, yəni "düşmən" mənası verməyə başladılar). Bu barədə türkiyəli professor Şəmsəddin Günaltay (Ş.Günaltay "Yaxın Şərq II Anadolu", Ankara, 1946) yazmışdı. Bu torpaqlara işarə edən və İncilin erkən versiyalarında Yaradılış (Genezis VIII, 4) hissəsində yer tutan saitlərsiz "R-R-T" adı, İncilin sonrakı redaksiyalarında səsləndirilmiş, yəni saitlər əlavə olunmaqla "Ararat dağı" və ya "Ararat torpaqları" (Nuhun gəmisinin dayandığı yer) kimi təqdim edilmişdi.

E.ə. I minillikdə cənub çöllərindən gəlmiş və Diyarbəkir torpaqlarında yerləşmiş sami-arameylər Dəclənin yuxarı şimal torpaqlarını öz dillərində "Ar-Mina" / Har-Mina / Har-Min-yab kimi adlandırmağa başladılar, bu da məzmunca "yuxarı torpaq / ölkə" (burada "Ar" = "yüksək, yuxarı", "Mina" isə = "torpaq, ölkə") deməkdir. Bu termin öz hökmranlığı dövründə "mənimsənilmiş", Dəclənin mənbəyində və Fəratın yuxarılarında yaşamış xalqlara tətbiq olunan aramey danışıq dili qismində farslara qismət oldu. Bu da çar I Daranın e.ə. 515-ci ildən b.e.qədər Behistun (Bisütun) qaya yazılarında bu torpaqları Ar-Mina və Ar-Minia (coğrafi cəhətdən indiki Elazığ-Tunceli bölməsi) formasında xatırlamağa əsas verdi. Bunu erməni katolik rahib-tarixçi Cozef Sandalqyanın "Histoire Documentaire de l'Armenie des Ages du Paganisme" adlı kitabında, (Roma, 1917-ci il, həmçinin fransız tarixçisi Rene Grousset "Histoire de l'Armenie (des 1071)" adlı kitabında Paris, 1947 (hər iki kitab fransız dilində) belə qeyd etmişdir. Sonralar Qərbi Anadolunun sakinləri, ionlar (qədim yunanlar) Gekatey Miletski (e.ə. 549-486-cı illər) və Herodot (e.ə. 484-425-ci illər), farslardan sami coğrafi adını (Armini, Arminia) götürərək, "Armenya" ("yuxarı torpaq, ölkə") terminini öz əsərlərində istifadə etdilər, bu yerlərin sakinlərini isə "Armenioi" (Armenlər) adlandırırdılar. Və bu, sonrakı Yunan və Roma mənbələrində bir ənənəyə çevrildi.

Yuxarıdakılardan belə nəticə alınır ki, "Yuxarı Ellər / Yüksək, Yuxarı torpaq, ölkə", "Urartu", "Ar-mina / Ar-Miniya", "Armeniya" terminləri coğrafi cəhətdən təxminən oxşar ərazini əks etdirərək, həm də müəyyən bir semantik kimliyə malikdir, çünki fərqli dillərdə eyni mənanı daşıyır.

Qeyd edək ki, Herodot Qalisin şərqini (Kızılirmak) "Yuxarı Asiya" adlandırırdı, ona qədər və sonralar isə, o cümlədən İstanbulun fəth olunmasının (1453) şahidi vizantiyalı Kristobul da eyni fikirdə olmuşdur və eləcə də Ksenofonun "Anabasis" əsərində də on minlərin yürüşü "Yuxarı Ellərə" (yuxarı torpaqlara) bir yürüş kimi başa düşülmüşdür.

Artıq qeyd etdiyimiz kimi, "Armeniya" coğrafi termin olaraq həm də müəyyən tarixi aralıqlarda həm inzibati, həm də sakinlərin konfessional aidiyyətinin bölgüsü mənasını vermişdir. Qrabarın bilicisi olan akademik Nikolay Marr "Armenya / Ermeni" termininin mənşəyini 451-ci ildə Xalkidon yığıncağından sonra xristianların donuz əti istehlak edən, bu heyvanları saxlayan və qadağan olunduğu ortodokslar (pravoslavlar) və qriqorianlar olmaqla, bölünməsi ilə izah etmişdir, daha doğrusu, o hesab edirdi ki, bu termin coğrafi mənada yox, etnik mənada istifadə olunur, armenlilər isə elə "Armenya / Erməni (Ermenli)" coğrafi termininin sakinlərini nəzərdə tutaraq, anadolulular, balkanlılar, qafqazlılar, suriyalılar mənasını ifadə etmişdir. Deməyə ehtiyac yoxdur ki, indiki ermənilər əvvəllərdə olduğu kimi, özlərini haylar, öz ölkələrini isə Hayastan adlandırırlar.

(davamı növbəti saylarımızda)