Azərbaycan dünya mediasında
Diaspora

Azərbaycan dünya mediasında

"Press TV": Azərbaycan və Ermənistan Aİ-nin vasitəçiliyi ilə sülh danışıqları aparırlar

İranın ingilis dilində yayımlanan ilk beynəlxalq xəbər televiziyası olan "Press TV" öz xəbər saytında Brüsseldə keçirilən üçtərəfli görüş barədə məlumat dərc edib. Qeyd edilib ki, Azərbaycan və Ermənistan Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqlarını intensivləşdirib. Belə ki, Qarabağ regionu ilə bağlı onilliklər boyu davam edən hərbi əməliyyatlar dayandırılmağa çalışılır.

Sülh danışıqlarının yeni raundunda vasitəçilik edən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel şənbə günü bəyan edib ki, zorakılıq və sərt ritorikadan qaçılacağı təqdirdə, sülhə və əlaqələrin normallaşmasına nail olmaq olar.

"Həqiqi irəliləyiş yaxın gələcəkdə atılmalı olan növbəti addımlardan asılıdır. Prioritet olaraq, sülh və normallaşma danışıqlarında lazımi mühiti təmin etmək üçün zorakılıq və sərt ritorika dayandırılmalıdır", - deyə Mişel bildirib. Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqlardan sonra iki lider arasında baş tutan mübadilələri səmimi, dürüst və məzmunlu olaraq qiymətləndirib.

 

"Anadolu Agentliyi": Azərbaycan Ermənistan və Rusiyanın üçtərəfli bəyanata əməl etmədiyini bildirir

Türkiyənin məşhur "Anadolu Agentliyi" Azərbaycan XİN-in bəyanatı barədə məqalə dərc edib. Məqalədə Ermənistanın üçtərəfli Bəyanatın bir çox müddəalarını yerinə yetirmədiyi qeyd olunub.

Bundan başqa, Rusiyanın da öhdəliklərinin tam icrasını təmin etmədiyi bildirilib. Azərbaycanın hər zaman üçtərəfli razılaşmaya sadiq qaldığı vurğulanan bəyanatda Bakının Laçın yolundan qanunsuz fəaliyyət üçün istifadə edilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, heç bir tədbirin görülmədiyi də öz əksini tapıb. "Son bir neçə ay ərzində yüzlərlə erməni sakinin bu keçid məntəqəsindən şəffaf şəkildə keçməsinə icazə verilib. Buna baxmayaraq, Ermənistan Azərbaycana qarşı təxribatlarını dayandırmayıb və iyunun 15-də nəzarət-buraxılış məntəqəsini atəşə tutub, həmçinin iyul ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maşınlarından istifadə etməklə qaçaqmalçılığa cəhd edib", - deyə məlumatda bildirilib. Rusiya Xarici İşlər Nazirliyinin Bakı ilə İrəvan arasında üçtərəfli saziş və sülh prosesi ilə bağlı əvvəlki bəyanatının "məyusluq və anlaşılmazlıq" yaratdığı, o cümlədən Moskvanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən əvvəlki bəyanatları ilə ziddiyyət təşkil etdiyi də məlumatda yer alıb.

 

"Georgia today": Azərbaycan və Gürcüstanın birgə hərbi əməkdaşlığından Ermənistan kənarda qalır

"Georgia today" xəbər saytı Gürcüstanın hərbi əməkdaşlıq sahəsində Ermənistanı deyil, Azərbaycanı seçməsilə bağlı yazı dərc edib.

Məqalədə bildirilib ki, Azərbaycan, Gürcüstan və Ermənistan dünya arenasında müxtəlif istəklərə malik olsa da, onlar həm də bir-biriləri ilə yaxın qonşudurlar. Azərbaycan və Gürcüstan regionun müdafiə və təhlükəsizliyi üçün əməkdaşlıq etdiyi halda, İrəvan bundan uzaqda qalıb.

 "Aprelin sonunda Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və onun azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənov iki ölkənin hərbi əməkdaşlığını dərinləşdirən saziş imzalayıblar. Saziş strateji səviyyəli görüşlərin, hərbi təhsilin, əlavə təlimlərin və Azərbaycan-Türkiyə-Gürcüstan "üçtərəfli əməkdaşlıq formatı"nın gücləndirilməsinə yönəlib", - deyə yazıda qeyd olunub.

 

"Eureporter": BƏM Ermənistanın Azərbaycan qoşunlarının sərhəddən çıxarılması tələbini rədd edib

İyulun 14-də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın  "23 aprel 2023-cü il tarixindən etibarən Azərbaycanın Laçın dəhlizi boyunca yerləşdirdiyi hər hansı və bütün şəxsi heyəti geri çəkməsi və bu cür hər hansı bir hərbi qüvvənin yerləşdirilməsindən çəkinməsi ilə bağlı" tələbinin yekdilliklə rədd edilməsi barədə qərarını dərc edib. 

Bu barədə Eureporter saytı məlumat yayıb. Məqalədə qeyd olunub ki, Ermənistan bu ilin may ayında Məhkəməyə 2023-cü ilin fevral tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı müraciət etmişdi. Bu vəsatət BƏM-in 15 hakimi tərəfindən yekdilliklə rədd edilib.

Məhkəmənin qərarında qeyd olunub ki, 2023-cü il aprelin sonunda sərhəd keçid məntəqəsi yaradılandan bu yana, ən azı 1927 erməni sakini Ermənistanla Qarabağ arasındakı keçid məntəqəsindən istifadə edib və hər istiqamətdə yüzdən çox yük maşını keçib, sakinlər zəruri mal, ərzaq və tibbi xidmət və ləvazimatlarla təmin olunublar.

 

"BNN Network": Vətən müharibəsindən sonra Azərbaycanın diplomatik üstünlüyü möhkəmləndi

"BNN Network" xəbər saytı deputat Rəşad Mahmudovun nitqini və Prezident İlham Əliyevin siyasətini təhlil edən mətn paylaşıb. Yazıda Azərbaycanın müharibədə qələbə çalmasından və düşmənin təslim olmasından sonra tam diplomatik üstünlüyü vurğulanıb. R.Mahmudovun sözlərinə görə, Azərbaycanın beynəlxalq hüquqa və tarixi faktlara əsaslanan hüquqi mövqeyi ölkənin hərbi və iqtisadi qüdrəti ilə daha da möhkəmlənir. Prezident İlham Əliyevin mükəmməl xarici siyasəti Azərbaycanın haqlı mövqeyinin beynəlxalq forumlarda və müxtəlif xalqlar tərəfindən tanınmasına səbəb olub.

Azərbaycanın müharibədəki qələbəsi onun hərbi və iqtisadi qüdrətini gücləndirməklə yanaşı, diplomatik mövqeyini də möhkəmləndirdi. Prezident İlham Əliyevin uğurlu xarici siyasət yolu beynəlxalq səviyyədə tanınıb və dəstək qazanıb. Ölkə diplomatik səylərini davam etdirdikcə, dialoq və danışıqlar yolu ilə davamlı sülhə nail olmağa çalışır, qlobal səhnədə əsas oyunçu kimi nüfuzunu daha da artırır.

"Respublika".