ABŞ-ın Texas ştatının Kerrollton şəhərində “Texaslılar minasız dünya üçün: Azərbaycan” layihəsi əsasında xeyriyyə tədbiri keçirilib.
Diaspora

ABŞ-ın Texas ştatının Kerrollton şəhərində “Texaslılar minasız dünya üçün: Azərbaycan” layihəsi əsasında xeyriyyə tədbiri keçirilib.

“Respublika” xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Amerika-Azərbaycan Musiqi Fondu, Amerika Azərbaycanlıları Koordinasiya Şurası, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası və İcma Xidmətlərində Qabaqcıl Təcrübə Mərkəzinin təşkilatçılığı, “Marshal Legacy Institute” (MLI) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə baş tutan tədbirdə Kerrollton şəhər meriyasının, Dallas ictimaiyyətinin, Azərbaycanın, Türkiyənin, Pakistanın diplomatik korpuslarının, dost icmaların nümayəndələri iştirak ediblər.

Başlıca məqsəd ABŞ rəsmilərinin və ictimaiyyətinin diqqətini Azərbaycanın postmüharibə dövründə Qarabağda qarşılaşdığı mina probleminin insan həyatına və ətraf mühitə dağıdıcı təsirinə cəlb etmək, minaaxtaran itin (MDD) alınıb Azərbaycana göndərilməsi üçün 25 min dollar ianə toplanmasına start vermək olub.

Azərbaycan və ABŞ-ın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbiri Amerika-Azərbaycan Musiqi Fondunun təsisçisi və icraçı direktoru Cəmilə Cavadova-Şpitsberq açıb və bu kampaniyanın təşkil olunmasında iştirak edən bütün təşkilatlara minnətdarlığını ifadə edib. Sonra Kerrollton şəhərinin meri Stiv Bebik çıxış edib.

Tədbirdə əsas məruzəçi qismində çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim ölkəmizdəki mina problemi barədə ətraflı məlumat verib.

Türkiyənin Hyustondakı Baş konsulu Ahmet Akıntı, Pakistanın Hyustondakı Baş konsulu Muhammad Aftab Çaudri, ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov, MLI-nin Virciniyadakı icraçı direktoru Elize Bekker, ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov (videobağlantı vasitəsilə), Dallas Universitetinin müəllimi, tibb elmləri doktoru Dürdanə Balakişiyeva çıxışlarında mina probleminin cəmiyyətə dağıdıcı təsirindən danışıb, texaslıları bu xeyirxah missiyada fəal olmağa çağırıblar. Məruzələr və çıxışlar Azərbaycan ərazilərində basdırılmış minaların və partlamamış hərbi sursatların yaratdığı təhlükəni əks etdirən videoçarxların nümayişi ilə müşayiət olunub.

Tədbirin bədii hissəsində Toğrul Orucovun kamançada ifasında Azərbaycan musiqisi səsləndirilib, soydaşımız, tanınmış rəqqasə Ləman Hendriksin ifasında Azərbaycan rəqsləri, Vivyen Bennetin ifasında Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baletindən parça təqdim edilib.

Tədbir çərçivəsində Azərbaycanda mina problemini özündə əks etdirən sərginin təşkili qonaqlarda böyük maraq doğurub.