DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

AVROPA İTTİFAQI RUSİYANI “TAXIL SAZİŞİ”ni DƏRHAL BƏRPA ETMƏYƏ ÇAĞIRIB

Avropa İttifaqı (Aİ) Rusiyanı “Taxıl sazişi”ni dərhal bərpa etməyə çağırıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə Aİ-nin Rusiyadakı Nümayəndəliyinin saytında dərc olunan bəyanatda bildirilir.

Açıqlamada qeyd olunur ki, Rusiya ərzaqdan silah kimi istifadə edir, bütün dünyada taxıl tədarükündəki fasilələrə və ərzaq qiymətlərinin qlobal artımına görə bütün məsuliyyəti öz üzərinə götürür.

Eyni zamanda, Avropa diplomatiyasının rəhbəri Cosef Borrell bildirib ki, Aİ qlobal ərzaq təhlükəsizliyi problemini həll etmək üçün zərər çəkən tərəfdaş ölkələrlə işləməyə davam edəcək və taxıl təşəbbüsünün bərpası üçün bütün səyləri dəstəkləyəcək.

Qeyd edək ki, Rusiya iyulun 17-də “Taxıl sazişi”nin müddətinin başa çatmasını əsas götürərək, sənədin vaxtını uzatmayıb. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.

 

ÇİNİN XİN BAŞÇISI ÜÇ HƏFTƏDİR İCTİMAİYYƏT QARŞISINA ÇIXMIR

Çinin xarici işlər naziri Tsin Qan iyunun 25-dən etibarən ictimaiyyət qarşısına çıxmır. “Trend” agentliyinin məlumatına görə, Çinin diplomatik əlaqələrinin artdığı dövrdə xarici işlər nazirinin ictimaiyyət qarşısına çıxmaması sualların yaranmasına səbəb olub.

Ötən ilin dekabrında xarici işlər naziri təyin olunan Tsin Qan Pekində Şri Lanka, Rusiya və Vyetnam rəsmiləri ilə görüşün ardınca keçirilən mətbuat konfransından sonra ictimaiyyət qarşısına çıxmayıb.

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Ning mətbuat konfransında nazirin üç həftədir kameralar qarşısına çıxmaması ilə bağlı suala cavab olaraq “bu məsələyə dair məlumatının olmadığını” və Çinin diplomatik fəaliyyətinin həmişəki gedişatında davam etdiyini bildirib.

Xatırladaq ki, iyulun 11-14-də İndoneziyada keçirilən ASEAN sammitində Tsin Qanın əvəzinə Çin Kommunist Partiyasının Mərkəzi Xarici Əlaqələr Komissiyası ofisinin direktoru Vanq Yi iştirak edib.

 

BÖYÜK BRİTANİYA HƏRBİ EHTİYATLARININ BƏRPASINA 3,3 MİLYARD DOLLAR AYIRIR

Böyük Britaniyanın Müdafiə Nazirliyi krallığın anbarlarındakı silah və sursat ehtiyatlarının bərpası üçün əlavə 2,5 milyard funt sterlinq (3,27 milyard dollar) ayıracaq. “Report” agentliyinin xəbərinə görə, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Qeyd edilir ki, yaxın zamanlarda Britaniya Silahlı Qüvvələrinin inkişafı ilə bağlı yenilənmiş plan dərc ediləcək. Müdafiə naziri Ben Uolles vurğulayıb ki, sənəd təhlükələrə uyğunlaşma zərurəti və Ukraynadakı münaqişənin dərsləri nəzərə alınaraq hazırlanıb.

Yeni planda prioritet ən müasir müdafiə texnologiyalarına investisiya qoyuluşu olacaq. Həmçinin ölkənin Quru Qoşunlarının şəxsi heyətinin sayı 76 mindən 72,5 min nəfərə qədər azaldılacaq.

İngiltərənin “Sky News” telekanalı öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ hərbi rəhbərliyi artıq Böyük Britaniya ordusunu yüksək səviyyəli döyüş qüvvəsi hesab etmir. Vurğulanıb ki, Britaniya Quru Qoşunlarının döyüş hazırlığını artırmaq üçün 10 il vaxt lazımdır.

 

POLŞADA PİŞİKLƏRİN QUŞ QRİPİNƏ YOLUXMASI AŞKAR EDİLİB

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, Polşada 29 pişik quşlarda rast gəlinən H5N1 virusuna yoluxub. “Teleqraf.com”un verdiyi xəbərə görə, pişiklərin virusa yoluxma mənbəyi hələ də məlum deyil və epizootoloji tədqiqat davam edir.

Məlumata əsasən, pişiklərlə təmasda olan bir insan belə virusa yoluxmayıb. 46 pişik və qəfəsdə saxlanılan bir qaraqulaqdan 47 nümunə götürülüb, onlardan 29-da H5N1 virusunun nəticələri müsbət çıxıb.

Qeyd edilir ki, pişiklərin sözügedən virusuna yoluxması daha əvvəl də bildirilmişdi, lakin ilk dəfədir ki, bir ölkə daxilində geniş coğrafi ərazidə çoxlu sayda yoluxmuş pişiklər müşahidə edilir.

Quş qripi virusları adətən quşlar arasında yayılır, lakin bioloji cəhətdən insanlara daha yaxın olan məməlilərdə H5N1 virusuna yoluxma hallarının artması mütəxəssislərin narahatlığına səbəb olur. Bu cür ötürülmə virusun adaptasiya olma qabiliyyəti və insanlara keçə biləcəyi anlamına gələ bilər.

 

TÜRKİYƏ MÜDAFİƏ SAHƏSİNDƏ ƏN BÖYÜK İXRAC MÜQAVİLƏSİ İMZALAYIB

Türkiyənin pilotsuz uçuş aparatları (PUA) istehsalçısı “Baykar” şirkəti Səudiyyə Ərəbistanı ilə hücum dronlarının tədarükü və əməkdaşlıq haqqında müqavilə imzaladığını açıqlayıb. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

“Daha bir mühüm ixrac və əməkdaşlıq müqaviləsini uğurla imzaladıq. “Baykar” ilə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi arasında Akıncı zərbə PUA-ları üçün ixrac müqaviləsi imzaladıq. “Akıncı” Səudiyyə Ərəbistanı Krallığının Hərbi Hava və Hərbi Dəniz Qüvvələrində istifadə ediləcək”, - deyə şirkətin açıqlamasında qeyd olunur.

Şirkətin baş direktoru Haluk Bayraktar da öz növbəsində Ər-Riyadla imzalanan müqavilənin Türkiyə Cümhuriyyəti tarixində təyyarə istehsalı və müdafiə sahəsində ən böyük ixrac müqaviləsi olmasına diqqət çəkib.

Səudiyyə Ərəbistanı mətbuatı da xəbər verib ki, krallıq və Türkiyə arasında enerji, investisiya və müdafiə sahələrində birgə layihələrin həyata keçirilməsini nəzərdə tutan bir sıra saziş və anlaşma memorandumları imzalanıb.

 

BMT-dən KASET BOMBALARI İLƏ BAĞLI AÇIQLAMA

“Kaset bombalarının mülki əhali üçün təhlükəli olması sübuta yetirilib”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu BMT-nin Ukrayna üzrə Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin sözçüsü Saviano Abreu bəyan edib.

Mətbuat katibi bildirib ki, kaset bombalarının mülki əhaliyə vurduğu zərər rəsmi olaraq təsdiqlənib.

Eyni zamanda Saviano Abreu xatırladıb ki, beynəlxalq hüquq ayrıseçkilik etmədən bütün silahlı zərbələri qadağan edir.

Kaset bombaları partlama zamanı bir-birindən ayrılan onlarca kiçik bombadan ibarətdir və qadağandır, çünki partlamayan bombalar döyüş əməliyyatları başa çatdıqdan sonra illərlə mülki əhali üçün risk yarada bilər.

Məlumat üçün qeyd edək ki, 2010-cu ildə kasetli sursatlar haqqında konvensiya qüvvəyə minib. Bu konvensiya tərəflər və ya imzalayan 123 dövlətdə onların istifadəsini, istehsalını və yığılmasını qadağan edir.

 

AVROPA ÖLKƏLƏRINƏ 50 DƏRƏCƏLIK İSTİLƏRLƏ BAĞLI XƏBƏRDARLIQ

Afrikanın şimalında yerləşən dünyanın ən böyük tropik səhrası olan Saharada baş verən “istilik partlayışı” səbəbindən Avropanın cənub ölkələrində istilər güclənəcək. “Bloomberg” nəşrinin məlumatına görə, bu ərazilərdə havanın temperaturu 50 dərəcəyə çatacaq.

“Saharada baş verən yeni “istilik partlayışı” Avropa üçün daha da ekstremal şərait yaradır”, - deyə nəşr qeyd edib.

Məlumata əsasən, İtaliyada havanın temperaturunun müsbət 50 dərəcəyə qədər yüksələcəyi bildirilir. Eyni zamanda, vurğulanır ki, Avropada rekord istilər iki il əvvəl Siciliyada termometrlər 48 dərəcəyə qədər qalxdığı zaman qeydə alınıb. Bildirilir ki, bu dəfə Avropanın bir neçə bölgəsində temperatur göstəriciləri eyni anda yüksələcək.

Qeyd edilir ki, hazırda Romada, eləcə də Afina və Madriddə anomal istilər müşahidə olunub. Həmçinin Cənubi Avropa ölkələrinin hakimiyyət orqanları hava şəraiti ilə əlaqədar əhalini mümkün yanğınlar, eləcə də nəqliyyat və enerji infrastrukturlarında nasazlıqlar barədə xəbərdar etməyə başlayıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.