Medallar təqdim olunub
Region

Medallar təqdim olunub

İmişli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İmişli rayon şöbəsinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş imişlili igidlərin ailələrinə medallarının təqdimetmə mərasimi keçirilib.

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İmişli rayon şöbəsinin rəisi Mətləb Murğuzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tədbiri giriş sözü ilə açaraq şəhidlərimizin döyüş yoluna nəzər salıb, onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbçi olduqlarını bildirib. Qeyd edib ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimiz heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Rayon rəhbəri Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə, Vətən uğrunda canlarından keçməyə hazır olan qazilərimizə hər zaman minnətdar olduğumuzu bildirib.

Elçin Rzayev ölkəmizdə şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioriteti olduğunu vurğulayıb.

Qeyd olunub ki, xalqımızın "Dəmir yumruq" ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyi sayəsində işğal altındakı torpaqlarımız azad edildi, tarixi ədalət bərpa olundu.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təltif olunmuş orden və medallar şəhidlərin ailə üzvlərinə təqdim olunub. Şəhid ailələri onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.  

Ərəstun ABDULOV,

"Respublika".