Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

NİGERDƏ DÖVLƏT ÇEVRİLİŞİ: PREZİDENT ÖZ QVARDIYASI TƏRƏFINDƏN SAXLANILIB

Nigerin dövlət başçısı Mohammed Bazum Prezident Qvardiyası tərəfindən saxlanılıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, Niger ordusu mühafizəçilərin qiyamına dəstək verməyib.

Məlumata əsasən, prezident mühafizəsi dövlət başçısının iqamətgahına girişi bağlayıb və danışıqlardan sonra Mohammed Bazumu buraxmaqdan imtina edib. Ordu isə öz növbəsində onlara ultimatum verib. Onların qiyamçılara hücum etməyə hazır olduğu bildirilir.

Prezident Aparatından M.Bazum və ailəsinin yaxşı olduqları bildirilib. Mənbə onu da vurğulayıb ki, dövlət başçısı yaxın günlərdə Prezident Qvardiyasının komandiri, general Omar Tçianini işdən çıxarmağı düşünürdü.

Məlumat üçün qeyd edək ki, Mohammed Bazum 2021-ci ildə Afrikanın ən kasıb və çevrilişə ən çox meylli ölkələrindən biri olan Nigerdə demokratik yolla seçilib.

 

BMT-dən MÜQƏDDƏS KİTABLARIN TƏHQİRİNİ PİSLƏYƏN QƏTNAMƏ

BMT-nin Baş Assambleyası dinlərarası dialoqu təşviq etmək üçün qətnamə qəbul edib. Bu qətnamədə müqəddəs kitablara qarşı hər hansı bir təhqir qəti şəkildə pislənilir və beynəlxalq hüququn pozulması hesab edilir. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Baş Assambleyanın sessiyasının rəhbərinin rəsmi nümayəndəsi Polina Kubiyak məlumat yayıb.

Dialoqu təşviq etmək və nifrət nitqinə qarşı mübarizə məqsədi daşıyan sənəddə BMT dövlətlərinin dini zəmində insanlara qarşı hücumları, habelə onların dini rəmzlərinə, müqəddəs kitablarına, evlərinə, müəssisələrinə, əmlaklarına, məktəblərə, mədəniyyət mərkəzlərinə qarşı yönəlmiş oxşar hərəkətləri, beynəlxalq hüquq normalarını pozaraq qətiyyətlə pislədiyi ifadəsi yer alıb.

BMT rəsmisi qeyd edib ki, İspaniya qətnamədən beynəlxalq hüququn pozulması ilə bağlı sözlərin çıxarılmasını təklif edib, lakin digər ölkələr bu təklifi rədd edib: “Qətnamə konsensusla təsdiq edilib. İlk dəfə olaraq BMT qətnamələrinin mətninə dini simvollara və müqəddəs kitablara ayrıca istinad daxil edilib”.

 

İSTANBULDA TERROR AKTLARI TÖRƏTMƏK İSTƏYƏN ŞƏXSLƏR SAXLANILIB

İstanbulda terror aktları törətmək istəyən PKK terror təşkilatının iki üzvü ələ keçirilib. “Trend” agentliyinin xəbərinə görə, Fatıma Əl Musa və Velat Jamo adlı terrorçular İstanbulda həyata keçirmək istədikləri akta hazırlaşarkən terrorla mübarizə qrupları tərəfindən Başakşehir rayonunda saxlanılıblar.

Fatıma Əl Musa 2011-ci ildə PKK terror təşkilatına qoşulub və Suriyanın Kobani, Qamışlı bölgələrində silahlı fəaliyyət göstərib. Eyni zamanda, partlayıcı maddələr, əməliyyatlar, casusluq və hücumlarla bağlı təlimlər alan terrorçu 5 ilə yaxın orada fəaliyyət göstərib, daha sonra qrup komandiri təyin edilib. 2017-ci ildə İraqın şimalından Suriyanın Afrin bölgəsinə, oradan qeyri-qanuni yollarla İstanbula gəlib, terror aktları törətməyə hazırlaşıb.

Velat Jamo adlı PKK terror təşkilatının üzvü isə 2012-2013-cü illərdə Suriyanın Afrin bölgəsində təşkilatın “Heze Cevheri” adlı qrupunda bir müddət bölgə müdiri kimi fəaliyyət göstərib və daha sonra İstanbula gələrək terror aktları hazırlığına başlayıb.

 

ALMANİYADAN SIĞINACAQ İSTƏYƏNLƏRƏ YENİ TƏLƏB

Almaniyada sığınacaq istəyənlərin ictimai işlərdə çalışması təklif olunub. “Trend” agentliyinin verdiyi xəbərə görə, Xristian Demokrat İttifaqı Partiyasının nümayəndəsi Yoahim Valter məclis toplantısında sığınacaq axtaranların alternativ olaraq ictimai maraqlara uyğun fəaliyyət göstərən qurumlarda da çalışmasının sosial qəbul baxımından əhəmiyyətli olacağını bildirib.

Bununla yanaşı, Baden-Vürtemberq icma şurasının prezidenti Steffen Ceger də şəhər şurasının iclasında ölkədəki qaçqınların vəziyyətinə toxunub: “Dövlət hər bir fərdin öz imkanları daxilində, məsələn, ictimai işlərlə cəmiyyətin uğuruna töhfə verməsini nəzərə almalıdır”.

Qeyd edək ki, Almaniya parlamenti ölkəyə işçi miqrantların cəlb edilməsi üçün radikal qanun qəbul edib. Yeni sistem yaş, bacarıqlar, ixtisaslaşma və Almaniya ilə istənilən əlaqəni nəzərə alacaq. Əməkhaqqı, təhsil səviyyəsi və alman dilinə yiyələnmə ilə bağlı meyarlar aşağı salınacaq.

Bununla miqrantların Almaniyaya iş təklifi olmadan belə gəlişinin asanlaşacağı gözlənilir.

 

ÇİNİN YENİ XİN BAŞÇISI TÜRKİYƏYƏ SƏFƏR EDİB

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 26-da Türkiyədə səfərdə olan Çinin xarici işlər naziri Van İ ilə görüşüb. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Hakan Fidan və çinli həmkarı Van İ baş tutan təkbətək görüşdən sonra iki ölkənin nümayəndə heyətləri arasında keçirilən müzakirələrə sədrlik ediblər. Görüşdə ikitərəfli əlaqələrin bütün aspektləri nəzərdən keçirilib.

Bildirilir ki, görüşlər zamanı iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin intensivləşdirilməsi, həmçinin “Bir kəmər, bir yol” və “Orta dəhliz” təşəbbüsləri, nüvə enerjisi, kənd təsərrüfatı, mülki aviasiya, mədəniyyət və turizm məsələləri müzakirə olundu.

Bununla yanaşı, görüşdə uyğur türklərinin vəziyyəti, Yaxın Şərqdəki proseslər, Ukraynadakı və qlobal maliyyə sistemindəki vəziyyət, həmçinin  aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin xarici işlər naziri  Van İni qəbul edib. Görüş mətbuata qapalı şəraitdə keçirilib.

 

RUSİYA BU BÖLGƏDƏ TİCARƏT GƏMİLƏRİNİN QARŞISINI ALMAĞA CƏHD EDƏ BİLƏR

“Taxıl sazişi”nin müddəti başa çatdıqdan sonra Rusiya Qara dənizdə ticarət gəmilərinin qarşısını almağa cəhd edə bilər. “BBC” agentliyinin verdiyi xəbərə görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin hərbi kəşfiyyatının hesabatında bildirilib.

İngiltərə kəşfiyyatının açıqlamasına görə, Qara Dəniz Taxıl Təşəbbüsü həmin dənizdə hərbi əməliyyatların yaranmasının qarşısını alırdı, lakin hazırda regionda zorakılığın intensivliyinin və miqyasının artması təhlükəsi mövcuddur.

Bildirilir ki, hazırda Rusiyanın “Sergey Kotov” gəmisi Bosfor boğazı ilə Odessa arasında gəmiçilik marşrutunda patrul xidməti aparmaq üçün Qara dənizin cənub hissəsinə göndərilib.

Böyük Britaniya kəşfiyyatının fikrincə, bu gəmi Ukraynaya göndərilən kommersiya gəmilərinin qarşısını almaq üçün Rusiyanın əməliyyat qrupunun bir hissəsi ola bilər.

Xatırladaq ki, bir neçə gün öncə Rusiya Müdafiə Nazirliyi “Sergey Kotov” gəmisinə hücum edildiyini iddia etmişdi.

 

YAPONİYA ƏHALİSİNİN SAYI SÜRƏTLƏ AZALIR

Yaponiyada yaşayan ölkə vətəndaşlarının sayı 14 il ardıcıl olaraq azalır, orada daimi yaşayan əcnəbilərin sayı isə sürətlə artır. “Report” agentliyinin xəbərinə görə, bu barədə Yaponiya İnzibati İşlər və Kommunikasiya Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 2023-cü il yanvarın 1-nə Yaponiyada 122,42 milyon vətəndaş yaşayırdı ki, bu da bir il əvvəlkindən təxminən 800 min nəfər azdır. Eyni zamanda, göstəricinin azalması ölkənin bütün 47 prefekturasında qeydə alınıb ki, bu da hakimiyyət orqanlarının belə statistika aparmağa başladığı 1968-ci ildən bəri ilk dəfə baş verib.

Həmçinin açıqlamaya əsasən, 2022-ci ildə ölkədə 771,8 min yapon doğulub ki, bu da 1979-cu ildən bəri ən aşağı göstəricidir. Eyni zamanda, ölənlərin sayı rekord həddə - 1,56 milyon nəfərə çatıb.

2023-cü ilin yanvar ayına olan məlumata görə, əcnəbilər də daxil olmaqla Yaponiyanın ümumi əhalisi 125,4 milyon nəfər təşkil edir. Bu da ötən illə müqayisədə 511 min nəfər azdır. Yaponiyada daimi yaşayan əcnəbi rezidentlərin sayı son üç ildə 10 faizdən çox artaraq 2,99 milyon nəfərə çatıb ki, bu da 2013-cü ildə bu cür statistikanın başladığından bəri ən yüksək göstəricidir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.