Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

RUSİYA VƏ TÜRKİYƏNIN “TAXIL SAZİŞİ”NƏ DAİR TƏMASLARI DAVAM EDİR

Rusiya və Türkiyə arasında “Taxıl sazişi”nə dair təmaslar davam edir. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşınin bəyan edib.

Eyni zamanda, nazir müavini vurğulayıb ki, təhlükəsizlik zəmanəti olmadan Qara dənizdə mülki daşımaların aparılması ehtimalı azdır. O, həmçinin rəsmi Moskvanın iştirakı olmadan sazişin bərpası imkanını istisna edib.

Məlumat üçün qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı “Taxıl sazişi”nə yenidən başlamağa çağırıb. Onun müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.

Bununla yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya tərəfinin təşəbbüsü ilə fəaliyyətini dayandıran “Taxıl sazişi” ilə bağlı Rusiya prezidenti ilə danışmaq niyyətində olduğunu bəyan edib. Türkiyə, öz növbəsində, sazişin ən qısa zamanda bərpasını gözləyir.

Rəsmi Moskvanın “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.

 

HİNDİSTANIN TƏHDİDİNƏ PAKİSTANIN CAVABI GECİKMƏDİ

Pakistan Xarici İşlər Nazirliyi Hindistanın müdafiə naziri Rajnat Sinqhin Kəşmir nəzarət xəttini keçməyə hazır olduqları ilə bağlı təhdidinə reaksiya verib. “Teleqraf.com”un xəbərinə görə, sənəddə R.Sinqhin Kəşmir nəzarət xəttindən kənara çıxmağa hazır olması kimi təxribatçı bəyanatı pislənilib.

Bildirilir ki, bəyanatda Hindistana regional sülh və sabitliyi təhdid edən, Cənubi Asiyada strateji mühiti qeyri-sabitləşdirən döyüşkən ritorikaya maksimum diqqət yetirmək tövsiyə edilib: “Hindistanın siyasi liderləri və yüksək səviyyəli komandirlərinin son dərəcə məsuliyyətsiz bəyanatlar verməsi ilk dəfə deyil. Bu cür ifrat millətçi bəyanatlara son qoyulmalıdır”.

Qeyd edək ki, müdafiə naziri Rajnat Sinqh iyulun 26-da açıqlamasında Hindistanın Kəşmir nəzarət xəttindən kənara çıxmağa hazır olduğunu bildirib və mülki vətəndaşlardan belə bir vəziyyətdə əsgərlərə kömək etməyə hazır olmalarını istəyib.

 

ÇİN: SAKİT OKEAN ADALARI HEÇ BİR ÖLKƏNİN ARXA BAĞÇASI DEYİL

ABŞ-ın Dövlət katibi Entoni Blinkenin Çinin hərəkətlərini “problemli” olaraq adlandırmasından sonra Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Mao Nin açıqlama verib. Bu barədə “Trend” agentliyi məlumat yayıb.

Bildirilir ki, Mao Nin mətbuat konfransında ABŞ dövlət katibinin Tonqa Krallığına səfəri zamanı Sakit okean bölgəsi ilə bağlı “Çinin bölgədə iştirakı artdıqca, bizim nöqteyi-nəzərimizdən bəzi problemli davranışlar artıb” sözlərinə reaksiya verib.

“Sakit Okean adaları heç bir ölkənin arxa bağçası deyil. ABŞ-ın Sakit okean adalarının inkişafında səmimi köməklik göstərəcəyini, bu ölkələrə öz inkişaf və hədəflərinə nail olmaqda yardımçı olacağına ümid edirik”, - deyə Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi vurğulayıb.

Eyni zamanda, Mao Nin əlavə edib ki, Çin nüfuz və ya “geostrateji mövcudluq”, yaxud təsir dairəsi uğrunda heç bir ölkə ilə rəqabət aparmaq niyyətində deyil.

 

DÜNYADA SON ON İLDƏ 82 MİLYON HEKTAR MEŞƏ SAHƏSİ YANIB

Dünyada 2013-2023-cü illər ərzində 82 milyon hektar meşə sahəsi yanıb və 2016-cı ildə 9,63 milyon hektar sahənin yanması ilə ən böyük meşə itkisi qeydə alınıb. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu rəqəmlər planetimizdə meşə yanğınları ilə bağlı məlumatları toplayan “Global Forest Watch” internet saytında yer alıb.

Saytın məlumatına görə, son 10 ilin ən böyük yanğınları Avstraliya, Rusiya, Kanada və ABŞ-da baş verib. Hazırda Kanada, Yunanıstan, Əlcəzair və İtaliyada meşə yanğınları tüğyan etməkdədir.

Qeyd edilir ki, dünya üzrə son on illiyin ən böyük meşə yanğını Avstraliyada baş verib. Belə ki, ölkənin bir sıra əyalətlərində 2019-cu ilin payızında başlayan və təxminən altı ay davam edən genişmiqyaslı meşə yanğınları nəticəsində 479 nəfər həyatını itirib. Avstraliya tarixinə “Qara yay” kimi yazılan bu yanğınlarda 24 milyon hektardan çox ərazi və 3500 ev yanıb.

Rusiyada 2021-ci ildə 18,16 milyon hektardan çox, ABŞ-da 2020-ci ildə 1,7 milyon hektar meşə yanaraq məhv olub. Kanadada bu ilin may ayında başlayan və hələ də davam edən yanğınlar isə 10 milyon hektardan çox meşə sahəsinə yayılıb.

 

UKRAYNA ORDUSU ƏKS-HUCUM ƏMƏLİYYATININ ƏSAS HİSSƏSİNƏ BAŞLAYIR

Ukraynanın iki aydır davam edən və zəif irəliləyişlər müşahidə olunan əks-hücum əməliyyatı nəhayət sürətlənir. “CNN” telekanalının məlumatına görə, bu barədə ABŞ və Rusiya rəsmiləri bildirirlər. Verilən xəbərə əsasən, rəsmi Kiyev cənub cəbhəsinə minlərlə yeni qüvvələr yerləşdirir və əməliyyatların yeni mərhələsinin başladıldığının siqnalını verir.

Eyni zamanda, qeyd edilir ki, iki ABŞ rəsmisi Ukraynanın ölkənin cənub-şərqinə əlavə qüvvələr cəmləməsinin Kiyevin Rusiya müdafiə xəttində potensial zəifliklər aşkarlamasının əlaməti olduğunu vurğulayıb.

Bununla yanaşı, ABŞ rəsmiləri bildiriblər ki, Ukrayna ordusunun daha güclü Qərb silahlarına malik təlim keçmiş qoşunları əks-hücumun başladığı iyun ayından bəri gözləmə mövqeyində olublar, lakin indi Ukrayna bu qoşunların əsas hissəsini  bu hücumlara cəlb edib.

Rusiyanın Zaporojeyə təyin etdiyi “rəsmisi” Vladimir Roqov da Ukraynanın regiondakı əks-hücumunun növbəti dalğasının başladığını bəyan edib.

 

KİM ÇEN IN RUSIYANIN MÜDAFIƏ NAZIRINƏ YENİ DRONLARI NÜMAYIŞ ETDIRIB

Şimali Koreya lideri Kim Çen In Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə birlikdə sərgiyə baş çəkib və sərgidə nazirə ən yeni silah növlərini nümayiş etdirib. Bu barədə iyulun 27-də Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Bununla yanaşı, Cənubi Koreyanın “Yonhap” agentliyinin xəbərinə görə, Rusiya Müdafiə Nazirliyinin rəhbərinə xüsusilə iki ədəd məxfi PUA nümunəsi göstərilib. Nəşr yazıb ki, dronlardan biri ABŞ istehsalı olan “RQ-4 Global Hawk” kəşfiyyat dronuna, digəri isə ABŞ-ın “MQ-9 Reaper” kəşfiyyat dronuna bənzəyir.

Eyni zamanda, “Yonhap”ın açıqlamasın görə, təqdim edilən PUA-lardan birincisi Cənubi Koreyanın silahlanmasında olan “Global Hawk” dronuna o qədər bənzəyir ki, onlar eyni vaxtda Koreya yarımadası üzərində havada uçmağa başlasalar, onları hətta ayırd etmək belə mümkün deyil.

 

TÜRKİYƏDƏ YENI GÜNƏŞ ELEKTRİK STANSİYASININ AÇILIŞI KEÇİRİLİB

Türkiyənin Van vilayətində yeni Günəş Elektrik Stansiyasının açılış mərasimi keçirilib. “Trend” agentliyinin xəbərinə görə, açılış mərasimində Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu da iştirak edib.

“Layihənin qurumumuzun enerji xərclərinin azaldılmasına əhəmiyyətli töhvəsi olacaq. 11-ci Karayolları Regionunun bütün enerji ehtiyacı heç bir əvəz ödəmədən bu stansiyadan qarşılanacaq”, - deyə nazir bildirib.

Qeyd edək ki, 100 min kvadratmetr sahədə qurulan Günəş Elektrik Stansiyası beş transformator, 45 çevirici və 10 min 400 paneldən ibarətdir. Eyni zamanda, 5 min 600 kilovat gücə malikdir.

Xatırladaq ki, 4 may tarixində Avropanın ən böyük Günəş Elektrik Stansiyası hesab edilən Karapınar GES-in Türkiyədə açılış mərasimi keçirilib. Bərpa Olunan Enerji Resursları Sahələri  çərçivəsində yaradılan layihədə ümumilikdə 3 milyon 256 min 38 günəş paneli istifadə edilib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.