Beşdən böyük olan dünyanın BMT problemi
Dünya xəbərləri

Beşdən böyük olan dünyanın BMT problemi

Dəyişən dünyamızda tələblər və maraqlar da dəyişir. Bu gün dünyada daha bəşəri məsələlər cərəyan edir, münaqişələr, müharibələr baş verir. Nəticə etibarı ilə əziyyət çəkən isə dünya əhalisi olur. İrqindən, dinindən asılı olmayaraq. Bəs bu insanların üzləşdiyi problem və çətinlikləri həll edən beynəlxalq təşkilat və şuralar ədalət prinsipinə əməl edirmi? Bu baxımdan, nüfuz və güc sahibi olan təşkilatlardan biri də BMT-dir ki, bəşəriyyətin onun verdiyi qərarlardan umacağı çoxdur. Hazırda BMT Təhlükəsizlik Şurasına 15 ölkə daxildir. Onlardan beşi - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransadır. Bu ölkələr daimi üzv statusuna və veto hüququna malikdirlər. Yerdə qalan 10 ölkə isə, qeyri-daimi üzv kimi ikiillik müddətə seçilirlər.

Yarandığı müddətdən bu günə kimi Təhlükəsizlik Şurasının tərkibinin genişlənməsi üçün yalnız bir dəfə, 1963-cü ildə dəyişiklik edilib. O zaman Təhlükəsizlik Şurasına üzv olan ölkələrin sayı 11-dən 15-ə qaldırılıb. İş prinsipinə gəldikdə isə təşkilat köhnə qaydalar üzrə fəaliyyətini davam etdirir. Dəfələrlə müxtəlif ölkə başçıları TŞ-nin tərkibində islahat və dəyişikliklərlə bağlı çıxışlar etmişlər. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçirilən 74-cü Baş Assambleyasında çıxışı zamanı "Dünya beşdən böyükdür" demişdir. Yəni BMT kimi nüfuzlu bir təşkilatın fəaliyyəti bu 5 dövlətin maraqları çərçivəsində olmamalıdır. Türkiyə Prezidenti ilə yanaşı, məsələ ilə bağlı Almaniya və Yaponiya liderləri də müxtəlif vaxtlarda öz etirazlarını bildirmişdilər.

Yarandığı gündən 70 illik müddət ərzində, ələlxüsus da son dövrlər baş verən mühüm bəşəri dəyişikliklər fonunda Şuranın bir çox proseslərə etinasız yanaşması və yaxud da heç bir münasibət sərgiləməməsi onu göstərir ki, doğrudan da bu Təşkilatın struktur və fəaliyyətində dəyişikliklərə, islahatlara ehtiyac var.  Dünya əhalisinin böyük əksəriyyətini təşkil edən İslam dünyasının nümayəndələri bu təşkilatda təmsil olunmurlar. Bu isə Təhlükəsizlik Şurasının müsəlman dünyasına ögey, soyuq münasibətinin nəticəsidir. Yəni BMT Təhlükəsizlik Şurasında Afrika ölkələri və türk-islam xalqlarının təmsilçilərinin olmaması ciddi nöqsandır.  Bu,  irqi ayrı-seçkilik olmaqla yanaşı, həm də açıq etinasızlıqdır.

Ümumi mənzərə ondan ibarətdir ki, Təhlükəsizlik Şurasının tərkibinə daxil olan əsas 5 dövlət  sanki Təşkilatı "özəlləşdiriblər". Onlar istənilən qərarı qəbul edə və yaxud da istədikləri vaxt hansısa qərara veto qoya bilirlər. Digər üzv dövlətlərin isə fikir və mövqeləri nəzərə alınmır. Demək ki, BMT-nin daxilində də ayrı-seçkilik prinsipi hökm sürür. Ölkəmiz də uzun müddət Təşkilatın qərəzli münasibəti ilə qarşılaşmışdır. Belə ki, 30 illik işğal dövründə Ermənistanın Azərbaycana qarşı törətdiyi bütün terror və faciələrin fonunda, BMT bir dəfə də olsun münaqişəyə ədalətli yanaşmamışdır. Həmçinin işğal dövründə ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin çıxarılması ilə əlaqədar qəbul edilmiş 4 (822, 853, 874 və 884 saylı) qətnamənin yerinə yetirilməməsi onu göstərir ki, BMT kimi nüfuzlu bir təşkilat da hansısa qüc qüvvələri, nəhəng dövlətlər tərəfindən idarə olunur. Üzvlükdə olan beş əsas dövlətin Təşkilata təsiretmə gücü daha çoxdur. Əslində, BMT kimi nüfuzlu və güc sahibi olan təşkilatla bağlı narazılıq və fikir ayrılıqları var. Bu da onun yarıtmaz iş prinsipinin nəticəsidir. Anlaşılan budur ki, BMT-nin iş strukturu yalnız 5 əsas dövlətin üzərində qurulub. Bu 5 dövlət hər hansı münaqişə və problemə təsiretmə gücünə və hüququna malikdir. Yaranmış narazılıqla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dəfələrlə iradını bildirmişdir. Dövlət başçımız müxtəlif dövrlərdə mötəbər tədbirlərdə öz çıxışı zamanı BMT-nin yarıtmaz fəaliyyətinə toxunaraq islahatların aparılmasının zəruriliyini vurğulamışdır. İyul ayının 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli" mövzusunda nazirlər görüşü zamanı da çıxışında məlum məsələ ilə bağlı fikirlərini bildirmişdir: "Multilateralizm bizim güclü vasitəmizdir. Hazırda beynəlxalq təşkilatlar, xüsusilə BMT bəşəriyyətin gözləntilərinə cavab vermir. BMT-də ciddi islahatların aparılması qaçılmazdır. BMT Təhlükəsizlik Şurası keçmişin qalığıdır və hazırkı reallıqları əks etdirmir. Biz Təhlükəsizlik Şurasında daha çox ölkənin təmsil olunması və coğrafi baxımdan daha ədalətli olması üçün onun tərkibinin genişləndirilməsinin tərəfdarıyıq. Şadam ki, bu gün bu ideya ilə bağlı dünyada artan konsensus vardır".

Ölkə başçısının da qeyd etdiyi kimi, BMT birtərəfli fəaliyyət göstərir. Yəni əvvəldə də dediyimiz kimi, bu təşkilatın fəaliyyəti yalnız məlum 5 dövlətin maraqlarına xidmət edir. Belə olan halda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da söylədiyi kimi, dünya yalnız 5 dövlətdənmi ibarətdir? Maraqlı nüanslardan biri isə ondan ibarətdir ki, sözügedən islahat və dəyişikliklərə qarşı çıxan da, elə həmin 5 daimi üzv olan dövlətlərdir. Bu gün Afrika dövlətlərində insanlar min bir əziyyət çəkir, hər gün minlərlə insan aclıqdan, susuzluqdan ölür. Milyonlarla insanın hüquq və azadlığı boğulur. Onlarla dövlət və xalqların ərazi bütövlüyü pozulur, hücuma məruz qalır. İndi dünyada bir tərs mütənasiblik hökm sürür. Bəşəriyyətin nizamı mənasız müharibə və ərazi iddiaları səbəbindən pozulub. BMT-nin missiyası dünyada baş verən bu kimi bəşəri problemləri həll etmək olduğu halda, köhnə qədimi ənənələrə sadiq qalaraq, öz iş üslubunu üzv dövlətlərin maraqları çərçivəsində həll edir. Bu isə ədalətsizlikdən və ayrı-seçkilikdən başqa bir şey deyil.

Ramidə YAQUBQIZI,

"Respublika".