Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

ABŞ İNSTİTUTU: ÇİN VƏ RUSİYA ARASINDA ZİDDİYYƏTLƏR YARANIB

Çin və Rusiya arasında Ukraynadakı müharibə ilə bağlı ziddiyyətlər yaranıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çin Kommunist Partiyasının Xarici İşlər üzrə Mərkəzi Komissiya Ofisinin direktoru Van İ arasında aparılan danışıqlar göstərir ki, müharibəni dayandırmaq üçün təklif olunan nizamlamalar məsələsində rəsmi Moskva ilə Pekin arasında getdikcə fikir ayrılıqları yaranır.

Eyni zamanda, amerikalı analitiklərin fikrincə, Rusiya ilə Çin arasında fikir ayrılıqlarının yaranması gözlənilən olub. Çinin Xarici İşlər Nazirliyi tərəfindən danışıqların təsviri onu göstərir ki, Kreml beynəlxalq forumlarda öz sülh planının irəliləyişini davam etdirən Çinin hərəkətləri ilə heç də razı deyil. İnstitutun dəyərləndirməsinə uyğun olaraq, Çin Rusiya ilə rəsmi Kremlin istədiyi kimi “sonsuz əməkdaşlıqda” maraqlı deyil.

Qeyd edək ki, Sergey Lavrov və Van İ arasında telefon danışığı avqustun 7-də baş tutub. Tərəflər Ukraynadakı müharibəni müzakirə ediblər. Onlar həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.

 

BMT-nin BAŞ KATİBİNDƏN DÜNYA ÖLKƏLƏRİNƏ ÇAĞIRIŞ

BMT-nin baş katibi Antonio Quterreş dünyanı nüvə silahından xilas etməyə çağırıb. Bu barədə “Sputnik” informasiya agentliyinin yaydığı məlumatda qeyd olunur.

BMT baş katibinin Naqasakiyə atom bombasının atılmasının 78-ci ildönümü ilə bağlı müraciətində deyilir: “Biz dünyanı bu qeyri-insani silahdan xilas etməliyik”.

Bununla yanaşı, Antonio Quterreş nüvə silahlarının ləğvinin BMT-nin tərksilah üzrə ən yüksək prioriteti olduğunu qeyd edib və hazırda nüvə fəlakəti riskinin Soyuq Müharibədən bəri ən yüksək səviyyədə olduğunu vurğulayıb.

“Bu təhdidlər qarşısında dünya birliyi vahid cəbhədə çıxış etməlidir. Nüvə silahından istifadə qəbuledilməzdir”, - deyə baş katib bildirib.

Eyni zamanda, BMT baş katibinin sözlərinə görə, nüvə təhlükəsini aradan qaldırmağın yeganə yolu nüvə silahını yox etməkdir.

 

LATVİYA GÜCLƏNDİRİLMİŞ TƏHLÜKƏSİZLİK REJİMİ TƏTBİQ EDİB

Latviyanın Nazirlər Kabineti Belarus-Latviya sərhədində gücləndirilmiş təhlükəsizlik rejiminin tətbiqi barədə qərar qəbul edib. Bu barədə “Delfi” portalı məlumat yayıb.

Verilən xəbərə görə, 2023-cü il avqustun 11-dən 2024-cü il fevralın 10-dək Ludza, Kraslava, Auqşdauqava vilayətlərinin və Dauqavpils inzibati ərazilərində sərhəd mühafizə rejimi gücləndiriləcək.

Məlumata əsasən, bu tədbiri ölkənin Daxili İşlər Nazirliyi təklif edib. Bildirilir ki, Latviya-Belarus dövlət sərhədindən qeyri-qanuni keçməyə cəhdlər belə bir rejimin tətbiqini zəruri edib.

Bununla yanaşı, Latviya Daxili İşlər Nazirliyinin rəhbəri Maris Kuçinskis Belarus ərazisində “Vaqner” özəl hərbi şirkətinə məxsus qırıcıların olmasını xatırladıb.

Nazirin sözlərinə görə, “Vaqner” qruplaşması tərəfindən hər hansı təxribat əlamətləri yoxdur, lakin belə bir ehtimalı da istisna etmək olmaz.

 

ALMANİYAYA SIĞINACAQ ÜÇÜN MÜRACİƏT EDƏNLƏRİN SAYI ARTIB

Almaniyada yanvar-iyul aylarında 175 mindən çox insan sığınacaq üçün müraciət edib. “Report” agentliyinin xəbərinə görə, Federal Miqrasiya və Qaçqınlar İdarəsinin (BAMF) açıqlamasına görə, 2023-cü ilin yanvar-iyul aylarında Almaniyaya sığınacaq axtaranların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 78,1 faiz artıb.

Bu ilin yanvar-iyul dövründə sığınacaq üçün 175 min 272 nəfər müraciət etdiyi halda, bu müraciətlərin 13 min 808-i Almaniyada doğulan 1 yaşa qədər uşaqlar üçün edilib.

Məlumata görə, sığınacaq müraciətlərində birinci yeri 51 min 692 nəfərlə suriyalılar, ikinci yeri isə 31 min 334 nəfərlə əfqanlar tutub.

Eyni zamanda, bu il BAMF 153 min 912 sığınacaq müraciətini araşdırıb, onlardan 51,7 faizinə qaçqın statusu verilib.

Qeyd edilir ki, 2022-ci ilin yanvar-iyul aylarında ölkədən sığınacaq üçün müraciət edənlərin sayı 98 min 395 nəfər olub.

 

SERGEY ŞOYQU: NATO FİNLANDİYADA ZƏRBƏ SİLAHLARI YERLƏŞDİRƏ BİLƏR

NATO Finlandiyada Rusiyanın mühüm obyektlərini vuran zərbə silahları yerləşdirə bilər. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bəyan edib.

“Finlandiya ərazisində əlavə NATO hərbçilərinin və Rusiyanın şimal-qərbindəki kritik əhəmiyyətli obyektləri kifayət qədər dərinlikdə vura bilən silahların yerləşdirilməsi mümkündür”, - deyə nazir vurğulayıb.

Sergey Şoyqunun sözlərinə görə, Rusiyanın qərb və şimal-qərb strateji istiqamətlərində hərbi təhlükəsizliyinə təhdidlər bir neçə dəfə artıb. Şoyqu Finlandiyanın və potensial olaraq İsveçin NATO-ya üzvlüyünü “sabitliyi pozan ciddi amil adlandırıb” və əlavə edib ki, Finlandiyanın daxil olmasından sonra Rusiyanın alyans ölkələri ilə quru sərhədi təxminən iki dəfə artıb.

Müdafiə naziri həmçinin Rusiya-Belarus İttifaq Dövləti sərhədində NATO qüvvələrinin ümumi sayına diqqət çəkib: “İttifaq Dövlətinin sərhədində yerləşən Şərqi Avropa ölkələrinin silahlı qüvvələrini nəzərə alsaq, bu, 360 minə yaxın hərbçi, 8 min hərbi texnika, 6 min artilleriya sistemi və minaatan, 650 təyyarə və helikopterdən ibarətdir”.

 

UKRAYNA PREZİDENTİNİN NÜMAYƏNDƏSİNDƏN KRIMLA BAĞLI AÇIQLAMA

Rusiya vətəndaşları Krım körpülərinə və hərbi obyektlərə endirilən zərbələr nəticəsində yarımadanı tədricən tərk edir. “UNIAN” agentliyinin xəbərinə görə, bunu Ukrayna Prezidentinin Krımdakı daimi nümayəndəsi Tamila Taşeva bəyan edib.

Nümayəndənin sözlərinə görə, xalqın bir hissəsi bu partlayışlara sevinir: “Çünki onlar yarımadanın azad edilməsi ehtimalının daha real olduğunu anlayırlar. Siyasi və diplomatik həll yolu kifayət qədər uzundur. İnsanlar başa düşürlər ki, Ukrayna Silahlı Qüvvələrinin endirdiyi zərbələr sayəsində azadlıq daha yaxındır”.

Eyni zamanda, Tamila Taşeva bildirib ki, hədə-qorxuya baxmayaraq, Krımdakı bir çox insan Ukraynaya dəstəyini açıq ifadə edir.

Bununla yanaşı, daimi nümayəndə özünün də Krıma qayıtmağa hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Krımda Rusiya vətəndaşlarının sayının 500-800 min civarında olduğu bildirilir.

 

TÜRKİYƏDƏ KÖNÜLLÜLƏR ERKƏN XİLASETMƏ FƏALİYYƏTİ GÖSTƏRƏCƏK

Milli Tibbi Xilasetmə Qrupu (UMKE) könüllüləri zəlzələ və təbii fəlakətlər zamanı erkən xilasetmə fəaliyyətləri həyata keçirəcəklər. “Trend” agentliyinin məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bəyan edib.

Verilən xəbərə əsasən, Fahrettin Koca nazirliyin Bilkent şəhərciyində 7-13 avqust Milli Tibbi Xilasetmə Qrupu həftəsi münasibətilə keçirilən və 81 vilayətdən UMKE könüllülərinin qatıldığı proqramda iştirak edib.

Səhiyyə naziri qeyd edib ki, formalaşacaq “ATAK” strukturu ilə UMKE könüllülərinə milli və beynəlxalq sertifikatlı təlimlər, zəlzələ və digər fəlakətlərdə erkən xilasetmə fəaliyyətləri həyata keçiriləcək.

Nazir həmçinin əlavə edib ki, dünyada nadir görülən bu könüllü hərəkatı həm axtarış xilasetmə, həm də tibbi dəstək verən bir sistemə çevriləcək.

Qeyd edək ki, fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdə 5332 UMKE əməkdaşı zəlzələ bölgələrində axtarış-xilasetmə işləri aparıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.