Sağlam həyat
Maraqlı

Sağlam həyat

Xeyri qədər, ziyanı da var imiş...

Yay mövsümünün başlanması ilə əlaqədar çimərliklərin fəaliyyəti də artıb. İstidən can qurtarmaq istəyənlər dənizin sahillərinə üz tuturlar. Dəniz qumu insan orqanizmi üçün bir çox faydaları ilə məşhurdur. Lakin onun müsbət tərəfləri ilə yanaşı, mənfi xüsusiyyətləri də mövcuddur.

Çoxlarımız dənizdə qum üzərində gəzərkən psammoterapiya  (latın dilindən tərcümədə psammos qum, therapeia isə müalicə deməkdir) - qumla müalicə növü ilə məşğul olduğumuzu bilmirik. İsinmiş qum orqanizmin hüceyrələrinə istini ötürərək, orqanlarımızı daxildən isidir. Bu isə bir çox xroniki iltihab reaksiyalarının müalicəsinə kömək edir. Həmçinin dəniz qumu yüksək tərləmənin də qarşısını alır. Bunun üçün yalnız qumun üzərinə uzanmalısınız ki, o, çox miqdarda ifraz olunan təri özünə çəkə bilsin. Lakin bütün bunlarla yanaşı, dəniz qumunun mənfi tərəfləri də var, məsələn parazitlər kimi.  İctimai çimərliyin qumunda  rastınıza çıxa biləcək təhlükələrdən biri də bağırsaq paraziti olan helmintlərdir. Məhz bu səbəbdən çimərlikdə qaralarkən çalışın öz xalçanızdan istifadə edin. Çimərlik göbələyi də rastlaşa biləcəyiniz problemlərdəndir. Bu infeksiyaya yoluxmaq üçün isə infeksiyalı insanla təmasda olmaq mütləq deyil, sadəcə onun ayağını basdığı qumda dayanmaq kifayət edir. Bundan sonra barmaqlararası çatlar əmələ gəlir, sonra isə göbələk dırnağa doğru yönlənir. Odur ki, dənizə gedərkən bu problemləri gözardı etməyin.

Bu vərdişlər ömrü 20 il uzadır

Amerika Qidalanma Cəmiyyətinin mütəxəssisləri ömrü uzadan vərdişləri müəyyən ediblər. Elm adamları belə qənaətə gəliblər ki, fiziki aktivliyi saxlamaq, ağrıkəsici dərmanlara aludə olmamaq, siqaret çəkməmək, stresi effektiv idarə etmək, sağlam qidalanma, içkidən müntəzəm istifadə etməmək, yaxşı yuxu gigiyenasına riayət etmək və müsbət sosial münasibətləri qorumaq kimi vərdişlər insan ömrünü 20 il uzada bilər.

Tədqiqatın nəticələri Qidalanma Cəmiyyətinin 2023-cü il illik toplantısında təqdim edilib. Araşdırmada 700 mindən çox insan iştirak edib. Alimlər onların həyat tərzi haqqında məlumat toplayıb, həmçinin sağlamlıq vəziyyətini qiymətləndiriblər. Nəticələr göstərib ki, 40 yaşında səkkiz vərdişin hamısına sahib olan kişilər heç birinə sahib olmayan kişilərdən orta hesabla 24 il daha çox yaşayıblar. Qadınlarda isə bütün bu uzunömürlülük faktoru ömür uzunluğunu 21 il artırıb.

Bundan əlavə, ömür uzunluğuna ən çox təsir edən vərdişlərin - fiziki hərəkətsizlik, ağrıkəsici dərmanlardan istifadə və siqaret olduğu müəyyən edilib. Ümumilikdə isə sadalanan amillərin ölüm riskini 30-45,  müsbət sosial əlaqələrin olmamasının isə  bu riski 5 faiz artırdığı müəyyən edilib.

Sən demə, bu bitki...

Diabet bütün dünyada ciddi sağlamlıq problemlərindən biri hesab edilir. Diaqnozu çətin olan bu xəstəlik nəzarət altına alınmadığı hallarda sağlamlıqla əlaqəli ciddi təhlükə yarada bilər. Bu səbəbdən də düzgün qidalanma çox vacibdir. Xüsusilə həyat tərzində edilən sadə dəyişikliklər bu xroniki xəstəlikdən yaxa qurtarmağın ən vacib detallarındandır.

Bu yaxınlarda məlum olub ki, gündəlik qida rasionunda kərəvizdən istifadə edərək şəkərli diabetə qarşı mübarizə aparmaq mümkündür. "Saudi Medical Journal"da dərc olunan araşdırmanın nəticələri göstərib ki, kərəviz istehlakı qan şəkəri səviyyəsinə əhəmiyyətli dərəcədə təsir edə bilər.

12 günlük təcrübə zamanı iki qrupa bölünən respondentlərin bir qrupuna  yeməkdən 30 dəqiqə əvvəl, gündə üç dəfə 250 milliqram kərəviz yarpağı ekstraktı verilib. Tədqiqatçılar kərəviz yarpağı ekstraktı istifadə edənlərin  yeməkdən sonra qan şəkərində  əhəmiyyətli dərəcədə azalma olduğunu müəyyən ediblər. Belə ki, kərəviz istehlakından iki saat sonra qan testi edən tədqiqatçılar bitkinin qan şəkərinin səviyyəsini azaltmaqda kifayət qədər təsirli olduğu qənaətinə gəliblər. Testin nəticələri göstərib ki,  kərəviz istehlak edən qrupda müalicədən sonra qanda qlükoza səviyyəsi 19,5 faiz  azalıb.

Gecələr telefonlarınızı söndürün!

Elə insanlar var ki, gecələr telefonlarını şarj alətinə qoşub yatırlar. Lakin britaniyalı tədqiqatçıların bu yaxınlarda  apardıqları araşdırmanın nəticələri bunun sağlamlıq üçün böyük  təhlükə  yaratdığını göstərir. Belə ki,  insan yuxusunun keyfiyyəti ilə bağlı araşdırma aparan alimlər, yataq otağında telefonların enerji ilə doldurulmasının diabet və piylənməyə səbəb ola biləcəyi qənaətinə gəliblər.

Alimlər  gecələr  "zaryadka"da olan telefonun insanın sirkad ritmləri - orqanizmin daxili bioloji ritmlərini tənzimləyən melatonin istehsalına təsir göstərdiyini bildirirlər. Gözləmə rejimində telefondan çıxan elektromaqnit şüalanma aktiv vəziyyətdəkindən daha çox olur. Bu isə hormon ifrazını pozur. Melatonin çatışmazlığı metabolik pozğunluqlar yaradır. Beləliklə, çatışmazlıq piylənmə, diabet və digər xəstəliklərə yol açır.

Tədqiqatçılar yatmazdan əvvəl smartfonu söndürməyi və ya yataq otağından uzaqlaşdırmağı məsləhət görürlər. Cihazlar istifadə edilmədikdə belə kiçik miqdarda elektromaqnit şüalanması yaradır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".