Bölgələrdə yeni DOST mərkəzləri, reabilitasiya və peşə hazırlığı müəssisələri yaradılır
Region

Bölgələrdə yeni DOST mərkəzləri, reabilitasiya və peşə hazırlığı müəssisələri yaradılır

Hazırda ölkəmizin bölgələrində yeni DOST mərkəzləri və filiallarının, reabilitasiya və peşə hazırlığı müəssisələrinin yaradılması işləri aparılır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq DOST mərkəzləri şəbəkəsinin ölkəboyu genişləndirilməsi, yeni peşə hazırlığı mərkəzlərinin yaradılması sahəsində işlərin davam etdirildiyini vurğulayıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, iclasda avqustun 7-də dövlət başçısının iştirakı ilə Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılmasının bu istiqamətdə mühüm addım olduğu, daha 9 inzibati rayon üzrə 900 mindən çox əhalinin, o cümlədən Böyük Qayıdış proqramı çərçivəsində öz doğma torpaqlarına qayıdan insanlarımızın bu mərkəzdə DOST xidmətləri ilə əhatə edildiyi, Şuşa DOST filialının açılacağı diqqətə çatdırılıb.

Qeyd olunub ki, Şamaxı şəhərində 2 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin əsaslı təmiri və yenidənqurma işləri artıq yekunlaşıb. Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı, Şəki və digər bir sıra şəhər və rayonlarda da DOST infrastrukturunun qurulması, Masallı və Sabirabadda Peşə Hazırlığı mərkəzlərinin, Ağcabədi və Qubada Uşaq Reabilitasiya mərkəzlərinin və s. yaradılması işləri aparılır.

Mustafa KAMAL,

"Respublika".