Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

"Tarixi-Nadir" kitabını oxumusunuz?

"Mənim özüm "Tarixi-Nadir" kitabını yarıya qədər oxumuşam, amma sənin dilini anlamıram. Bu bisavadlar neyləsin?". Dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasında Məşədi İbadın dilindən deyilən bu sözlər sonradan el arasında məşhur zərbi-məsələ çevrilib. Adətən, nəyisə anlamayanda zarafat məqsədilə bu ifadəni işlədirik. Həm zərbi-məsəlin deyilmə səbəbi, həm də adıçəkilən əsərin özü  çoxlarımıza maraqlıdır: Görəsən belə bir kitab həqiqətən də olubmu və onu oxumaq doğrudanmı çətindir?

"Tarixi Nadir" əsəri 1736-1747-ci illərdə hakimiyyətdə olan Nadir şah haqqındadır. Tam adı "Kitabi tarixi cahənkaşan məşhur və Tarixi Nadir" olan əsərin müəllifi şahın şəxsi tarixçisi Mirzə Mehdi xan Astrabadidir. Onun bir neçə nüsxəsi mövcuddur.

1827-ci ilə aid olan nüsxəsi Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bu günə qədər də qorunub saxlanılır. Amma əsl "Tarixi-Nadir" kitabı kifayət qədər irihəcmli bir əsərdir.  Filmdə Məşədi İbadın "yarıya qədər oxumuşam" ifadəsi gülüş doğursa da, o bunu heç də zarafatla deməmişdi. Həqiqətən də, "Tarixi-Nadir" kitabını yarıya qədər oxumaq böyük qəhrəmanlıqdır. Çünki kitab çox qəliz dildə yazılıb. Belə ki, orta əsrlərin Şərq poetik üslubunda yazılan əsərdəki cümlələr səhifənin əvvəlində başlayıb axırında bitir.

Bəs siz necə bu kitabı oxumusunuzmu?..

 

Sən demə, bu fikir yanlış imiş…

Elm adamları ev heyvanları ilə bağlı yeni bir araşdırma apararaq indiyə qədər məlum olan bəzi  fikirləri təkzib ediblər. Belə ki, Nyu York Universitetinin alimləri psixi pozğunluğu olan insanların ev heyvanları ilə yaşamağının faydalı olmadığını iddia edirlər.

Əvvəlki araşdırmaların nəticələri göstərirdi ki, ev heyvanları ilə yaşamaq psixi sağlamlığı yaxşılaşdıra bilər. Lakin 170 iştirakçı arasında aparılan yeni sorğunun nəticələri bunun belə olmadığını göstərib. İştirakçılardan 81 nəfəri ən azı bir heyvanla yaşadığını bildirib. Respondentlərin 95 faizindən çoxu ev heyvanlarının onlara sevildiyini hiss etdirdiyini, ümumilikdə yaxşı təsir etdiyini söyləyib. Bununla belə, ev heyvanı olmayan ciddi ruhi xəstəlikdən əziyyət çəkən insanlarla müqayisədə psixi sağlamlıqda statistik əhəmiyyətli irəliləyişlər olmayıb.

Mütəxəssislərin fikrincə, heyvanlarla bağlı əlavə məsuliyyət ağır ruhi xəstəlikləri olan insanların üzləşdiyi digər potensial stresləri daha da gücləndirə bilər. Tədqiqatçılar qeyd edirlər ki, ev heyvanları hələ də ağır psixi xəstəlik diaqnozu qoyulmuş insanların sosial bağlarının mühüm hissəsi ola bilər, lakin heyvanın növünün, eləcə də digər amillərin vacib olub-olmadığını anlamaq üçün daha çox araşdırmaya ehtiyac var.

Tədqiqatın nəticələri "Human-Animal Interactions" jurnalında dərc olunub.

 

Plasebo effekti nədir?

Düşüncələrimiz həm orqanizmimizi, həm ətrafımızdakı insanları, həm də həyatımızı idarə edir. Həmçinin şəxsiyyətimizi də formalaşdıran düşüncələrimiz keçmiş, bu gün və gələcəkdə atdığımız addımları müəyyənləşdirir. Düşüncələrin formalaşması, ətrafdakı bütün proseslərin baş verməsi isə ilk olaraq "inam" hissi ilə bağlıdır. İnam hissi o qədər güclü bir hissdir ki, düşüncələrə hakim kəsilərək çox şeyi dəyişdirə bilər. Hətta bəzən, real olmayan şeylərə inam belə, reallığa çevirir fantaziyaları... Sizlərə inam hissinin psixologiyamızı və orqanizmimizi necə yönləndirdiyindən danışacağıq. Plasebo effekti adlandırılan bu təsir mexanizmi, sizi, həqiqətən, təəccübləndirəcək...

Elmə çoxdan məlum olsa da, izahı tam tapılmayan   plasebo effekti tərkibində heç bir tibbi effektə, sağaldıcı təsirə malik olmayan həblərdir. Tibbdə bu anlayış inam gücü ilə sağalmaq, xəstələnmək və hətta ölmək anlamına gəlir. Bu effekt barədə ilk məlumatlara orta əsrlərdə rast gəlinir. Orta əsrlərdə, fərqli düşünən insanlar inkvizisiya məhkəmələrində ölümə məhkum edilirdilər. Bu qrupa aid insanlar o qədər çox olurdu ki, onları kütləvi şəkildə məhv etmək üçün tərkibi təbaşir tozundan ibarət olan məhlul içirdir və bunun zəhər olduğunu söyləyirdilər. Həqiqətən də insanlar tezliklə ölürdülər. Sonrakı tədqiqatlar göstərir ki, həqiqətən də onların orqanizmində zəhərləyici maddə olub. Məlum olub ki, mədəaltı vəzi özü lazımi zəhəri hazırlayır.

Plasebo effekti ilk dəfə 1628-ci ildə Oksford Universitetinin professoru Robert Burton tərəfindən  sınaqdan keçirilmiş və nəticələri pozitiv olmuşdur. Bununla da Burton təsəvvür, inam və gözləntilərin orqanizmdə olan təsirini sübut etmişdir.

Bir sözlə, düşüncələriniz nə qədər pozitiv olarsa sağlamlığınıza və həyatınıza da bir o qədər yaxşı təsir edə bilərsiniz. Hər şey nəyə necə baxmağınız, hadisələrə yanaşma tərzinizdən asılıdır. Nyutonun da dediyi kimi, bütün təsirlər özünə bərabər əks təsir doğurur...

 

Dünyanın ən nadir və qeyri-adi xəstəliyi...

Dünyada elə qəribə xəstəliklər var ki, onlarla qarşılaşdığımızda öz sağlamlığımıza şükür edirik. Bu xəstəliklər insanı öldürməsə də, bütün həyatı boyu süründürür. Belə nadir xəstəliklərdən biri də "Fil xəstəliyi" dir.

"Fil xəstəliyi" filarioidea ailəsinə daxil olan qurdlar tərəfindən törədilən parazitar xəstəlikdir. Xəstəliyə bu ad xəstənin bədənində bəzi nahiyələrin şişərək kobudlaşması və fil dərisinə bənzəməsi səbəbindən verilib. "Fil xəstəliyi"ni törədən qurdlar maralların orqanizmində yaşayır, ağcaqanadlar tərəfindən yayılır. Mayeni daşıyan limfa kanallarının quruluşunun pozulmasından yaranan bu xəstəlik bədənin müxtəlif bölgələrində şişmələrə səbəb olur.  Xəstəliyin səbəbləri müxtəlifdir. Ümumi olaraq bu xəstəlik qan-damar sisteminin dövriyyəyə girməsi lazım olduğu halda, dərinin altına yayılması nəticəsində meydana gəlir. Xəstəliyin əlamətini kənardan müşahidə edərək, başa düşməmək mümkün deyil. Xəstənin üzü, ayağı, qolları şişir, o barmaq və topuqlarını hərəkət etdirməkdə çətinlik çəkir. Həmçinin dəri rənginin dəyişməsi də müşahidə olunur. Öskürək və hərarət də bu xəstəliyin əlamətlərindəndir. Xəstəliyin kəskin diaqnozunu isə yalnız qan analizi verməklə müəyyən etmək mümükündür.

Müalicə üsullarının ən birinci amili təmizlikdir. Xəstələr bu prosesdə gigiyenaya, təmizliyə həddindən artıq əhəmiyyət verməlidir. Digər bir müalicə üsulu isə fizioterapiyadır. Bu üsul sayəsində xəstənin limfa dövranı təmin edilir. Əməliyyat etməklə də müalicə edilə bilər. Əməliyyat və dərman müalicəsi xəstəliyin ciddiliyinə görə tətbiq olunur.  Müalicə bitdikdən sonra xüsusi hazırlanan corab xəstələrin həyatlarının bir parçası olur. "Fil xəstəliyi"nin təkrarlanıb-təkrarlanmadığını müəyyən etmək üçün isə tam sağaldıqdan sonra müxtəlif vaxtlarda yenidən yoxlanmaq vacibdir. Çox da geniş yayılmış sayılmayan, amma tez irəliləyən bu xəstəliyin diaqnozu erkən qoyulmalı, müalicəyə tez başlanılmalıdır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".