İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

"Qarabağ"ın qrup oyunlarının təqvimi

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi bəlli olub. H qrupunda yer alan Azərbaycan çempionu mübarizəyə Bakıda start verəcək. İlk görüş sentyabrın 21-də saat 20:45-də Norveçin "Molde" klubu ilə olacaq.  Oktyabrın 5-də İsveçdə "Haken"in qonağı olacaq Ağdam təmsilçisi üç həftə sonra Almaniyada "Bayer"lə üz-üz gələcək. Noyabrın 9-da isə Leverkuzen təmsilçisini paytaxtımızda qəbul edəcək. Noyabrın 30-da İsveçdə "Molde" ilə görüşəcək  "Qarabağ" qrup mərhələsinin son matçında İsveçin "Haken" klubu ilə görüşəcək. Qrupda ilk iki yeri tutan komandalar növbəti mərhələyə, üçüncü pillənin sahibi isə UEFA Konfrans Liqasının pley-off raunduna vəsiqə qazanacaq.

 

"Neftçi" Pon du Qar mərhələsinin yarımfinalında

Sentyabrın 1-də Fransada təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Pon du Qar mərhələsində 1/4 final oyunları baş tutub. Təmsilçimiz "Neftçi" 1/4 final oyununda Monqolustan millisi ilə qarşılaşıb və rəqibinə 22-16 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. "Neftçi"nin yarımfinaldakı rəqibi Fransa - Çin oyununun qalibi olacaq.

 

Avarçəkənimiz çempion olub

Fransada təşkil edilən sahil avarçəkməsi üzrə Avropa çempionatında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından (AKAF) eləcə də Bakı Avarçəkmə Kanoe İdman Klubunun üzvü ölkəmizi təmsil edib.

Diana Dımçenko bir nəfərlik qayıqda iki kateqoriya üzrə çıxışda ən yüksək mükafata sahib çıxıb.  İdmançımız təsnifat və yarımfinal mərhələsində finişə birinci çataraq A finalına vəsiqə qazanıb. Həmçinin 6 kilometr məsafəyə həlledici yürüşdə ən yaxın rəqibini 16 saniyə qabaqlayaraq (30:14.56 - 30:30.28) qalib olub. Final yürüşündə də finişə hamıdan birinci çatan avarçəkənimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq himnimizi səsləndirib.

 

Gimnastımız finalda

Rumıniyanın Buxarest şəhərində keçirilən "RoamGym Trophy 2023" beynəlxalq turnirində ölkəmizi təmsil edən idman gimnastı İvan Tixonov finala yüksəlib. O, iki növdə uğurlu nəticəyə imza atıb. Tixonov dəstəkli at və paralel qollarla hərəkətlərdə finala vəsiqə əldə edib.

Nərgiz İSMAYILOVA,

"Respublika".