İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Paytaxtımızda təsnifat turniri keçiriləcək

Aprelin 5-7-də Milli Gimnastika Arenasında keçiriləcək güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində 33 ölkənin idmançıları iştirak edəcəklər.

Ümumilikdə 297 güləşçi "Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə aparacaq. Yarışlarda sayca yunan-Roma güləşçiləri üstünlük təşkil edəcək. 117 idmançı yarışın ilk günündə güləşin klassik növündə mübarizə aparacaq. Aprelin 6-da qadın güləşi üzrə 83 idmançı lisenziyalar uğrunda yarışacaq.  Son yarış günündə isə 97 sərbəst güləşçi xalça üzərinə çıxacaq. Avropa Olimpiya Təsnifat Turnirində hər çəkidə iki güləşçi "Paris-2024"ə vəsiqə qazanacaq.

Uşaq futbol komandalarının birinciliyi

Gənclər və İdman Nazirliyi, Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, AFFA-nın dəstəyi ilə martın 30-da Bakının 32 kənd və qəsəbəsinin uşaq futbol komandalarının birincilik uğrunda mübarizəsinə start verilib. Oyunlar həftə sonları keçiriləcək. Ümumilikdə, turnirdə 64 oyunun təşkili planlaşdırılıb.

Turnirin finalı mayın 10-da oynanılacaq. İlk 3 yerin sahibinə pul mükafatları, iştirakçılara dəyərli hədiyyələr təqdim ediləcək. Qeyd edək ki, ölkəmizdə ikinci dəfə təşkil olunan turnirdə əsas məqsəd yeni istedadların üzə çıxarılması, uşaq futbolunun inkişafı və təbliği, eyni zamanda yeni nəsildə komanda şüurunun formalaşmasıdır.

Nərgiz İSMAYILOVA,

"Respublika".