Bölgə xəbərləri
Region

Bölgə xəbərləri

Xocavənd

Yaponiya hökumətinin "Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində icra olunan "Xocavənd rayonunun Yeni Xocavənd qəsəbə məktəbinin təmiri və əlavə məktəb binasının inşası" layihəsinin təqdimat mərasimi keçirilib. Tədbirdə Yaponiyanın ölkəmizdəki səfiri Vada Cüniçi, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Anar Məcidov, məktəbin müəllimləri və benefisiar təşkilatın nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Vada Cüniçi ölkəsinin Azərbaycanda reallaşdırdığı layihələr barədə məlumat verib. Məktəb üçün yeni binanın inşa edilməsi nəticəsində təhsilin səviyyəsinin yaxşılaşacağına, burada təhsil almış uşaqların gələcəkdə Azərbaycanın inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov həyata keçirilən layihəyə görə Yaponiya hökumətinə minnətdarlığını bildirib. Qeyd edək ki, layihə çərçivəsində Yeni Xocavənd qəsəbə məktəbinin 6 sinif otaqlı və sanitar qovşaqlı əlavə məktəb binasının tikintisi və mövcud məktəb binasının qaz istilik sistemi ilə təmin edilməsi üçün "Azərbaycan İcma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi" İctimai Birliyinə 91 min 297 ABŞ dolları (154.293 manat) məbləğində qrant ayrılıb. Layihənin əsas məqsədi Yeni Xocavənd qəsəbəsi ilə yanaşı, qonşu Yeni Tuğ qəsəbəsində təhsil şəraitinin yaxşılaşdırılması və keçmiş məcburi köçkün statuslu şagirdlərin təhsil alma imkanlarının artırılmasıdır. İndiyə qədər Azərbaycan Respublikasında sözügedən proqram çərçivəsində icra olunan layihələrin ümumi sayı 285 olmaqla, ümumi qrant məbləği 24 milyon 70 min ABŞ dollarını ötüb.

 

Talış kəndinin körpə sevinci

Talış kəndi XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. Kənd Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, ardınca isə Qarabağ xanlığının tərkibində idi. Dağların ətəyində yerləşən kənd keçmiş Ağdərə rayonu inzibati ərazi vahidliyində azərbaycanlıların yaşayış məntəqəsi olub.

1992-ci ildə Ağdərə rayonu ləğv edilib və ərazisi üç rayon arasında bölüşdürülüb. Talış kəndi hazırda Tərtər rayonuna yaşayış sahələrindən biridir. Talış kəndi 2020-ci il oktyabrın 3-də qəhrəman Silahlı Qüvvələrimizin bölmələri tərəfindən erməni işğalından azad edilib. Kənd yenidən qurulub və cari ilin mart ayında "Böyük Qayıdış Proqram"ına əsasən keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına köçürülüblər. Kənddə yaşayış üçün hər cür şərait yaradılıb.

İşğaldan azad edilmiş Talış kəndində 30 ildən sonra ilk dəfə olaraq körpə dünyaya gəlib. Camalovlar ailəsində doğulan uşağa Zəhra adı verilib. İki oğul övladından sonra dünyaya göz açan Zəhra ailəsinin və yaxınlarının sevincinə səbəb olub. Qeyd edək ki, kənddə hələlik 20 ailə yaşayır.

Salman ALIOĞLU,

"Respublika".