Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

BMT BAŞ ASSAMBLEYASININ 78-ci SESSİYASI ÖZ İŞİNƏ BAŞLAYIB

Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası öz işinə başlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, tədbirlər 19-25 sentyabr tarixlərində beynəlxalq vəziyyətə baxışlarını təqdim etmək və qlobal çağırışlarla mübarizə istiqamətlərini müəyyən etmək üçün dünyanın hər yerindən liderləri və xarici işlər nazirlərini bir araya gətirəcək yüksək səviyyəli həftədə yekunlaşacaq.

Sessiyanın açılışında onun yeni sədri Dennis Fransis and içərək, üzərinə düşən vəzifələri ədalətli və müstəqil şəkildə yerinə yetirəcəyinə söz verib.

Sədrin sözlərinə görə, kəskin geosiyasi parçalanmalar təhlükəli və qeyri-müəyyən yeni nüvə dövrünə gətirib çıxarıb: “Biz Baş Assambleyanın 78-ci sessiyasına ardıcıl çağırışlarla əhatə olunmuş mürəkkəb qlobal gündəmlə daxil oluruq”.

Yüksək səviyyəli həftə ənənəvi olaraq Braziliya prezidenti Luis İnasio Lula da Silvanın çıxışı ilə açılacaqdır. Ondan sonra ABŞ prezidenti Cozef Bayden söz alacaq. Bayden bu il BMT Baş Assambleyasına qatılacaq “Böyük beşlik” liderlərindən yeganə olacaq. Rusiya, Böyük Britaniya, Çin və Fransa liderləri bu il Nyu-Yorka səfər etməyi planlaşdırmırlar.

 

ÇİNİN BU ADDIMLARI QƏRBDƏ CİDDİ NARAHATLIQ DOĞURUR

Çin lideri Si Cinpinin bu həftə Hindistanda keçiriləcək “G20” sammitinə qatılmaması Pekinin Qərb və müttəfiqlərindən narahatedici uzaqlaşma tendensiyasını təsdiqləyib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə “Röyters” agentliyi Çinin xaricdəki diplomatik missiyasına istinadən məlumat yayıb.

Bununla yanaşı, Çində fəaliyyət göstərə

n Qərb ölkələrinin 10-dan çox nümayəndəsi agentliyə Çin rəsmilərinə və digər məlumat mənbələrinə çıxış əldə etməkdə üzləşdikləri çətinliklərdən danışıb.

Qərb rəsmiləri Çinin siyasətinin dünyaya izah edilməsində əsas rol oynayan Çin rəsmilərinə və hətta dövlət beyin mərkəzlərinin nümayəndələrinə müntəzəm çıxışın pandemiyadan əvvəlki dövrlə müqayisədə azaldığını bildirirlər. Çində yüksək səviyyəli qonaqların səfərlərini planlaşdırmağın və mediaya çıxışın da getdikcə çətinləşdiyinə diqqət çəkilib.

Vaşinqtondakı “Stimson” Mərkəzinin Çin proqramının direktoru Yun Sun qeyd edib ki, girişi məhdudlaşdırmaq və ya tədbirlərə qatılmamaq Çin tərəfindən getdikcə fikir ayrılıqları olan ölkələrə qarşı təsir vasitəsi kimi istifadə olunur.

 

LATVİYA RUSİYA İLƏ SƏRHƏDİ MİNALAMAĞI NƏZƏRDƏN KEÇIRIR

Latviyanın müdafiə naziri İnara Murniyetse ölkənin şərq sərhədinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilən yenilənmiş milli müdafiə konsepsiyasını təqdim edib. Söhbət tank əleyhinə minalardan və digər mühəndis həllərindən gedir. “Report” agentliyinin xəbərinə görə, bu barədə “Delfi” portalı məlumat yayıb.

Konsepsiyaya əsasən, Latviya sərhədinin möhkəmləndirilməsi düşmənin potensial təhlükələrinə əsaslanan fiziki və texnoloji həllərdən istifadə etməklə baş tutmalıdır.

Müdafiə naziri bildirib ki, sərhəd hərbi cəhətdən gücləndirilməlidir, ona görə də konkret ərazidə hərəkətliliyi məhdudlaşdırmaq üçün hansı tədbirlərin uyğun olacağını təhlil etmək lazımdır.

Bununla yanaşı, nazir sərhəd infrastrukturunun yaradılmasının Daxili İşlər Nazirliyinin səlahiyyətində olduğunu, lakin onun idarəsinin də sərhədin möhkəmləndirilməsi prosesinin təkmilləşdirilməsi və sürətləndirilməsi ilə bağlı ideyalarının olduğunu vurğulayıb.

 

UKRAYNA ORDUSU MÜDAFİƏ XƏTTİ BOYUNCA HÜCUMA BAŞLAYIB

Ukrayna qoşunlarının Zaporoje vilayətinin qərbində irəlilədiyi bildirilir. Rusiya qoşunları Robotinin şimal-qərbində və qərbində Ukraynanın mövqelərinə zərbələr endiriblər. Bu onu göstərir ki, rusiyalılar əvvəllər əraziyə nəzarət etdiklərini iddia etsələr də, Ukrayna qüvvələri artıq burada yerləşib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu  məlumat yayıb.

Eyni zamanda, Ukrayna qüvvələri Robotindən cənuba, Verbovodan şimal-qərbə doğru irəliləyib. Ukraynalıların bu yaşayış məntəqələri ərazilərində düşmən istehkamları boyunca irəlilədikləri qeyd olunur.

Məlumata əsasən, Ukrayna ordusu Orixovun cənubundakı Robotin-Novoprokopivka istiqamətində də uğur qazanıb, həmçinin Baxmutun cənubuna həmlələr də uğurlu alınıb.

Müharibə Araşdırmaları İnstitutunun açıqlamasına görə, Ukrayna qoşunları Donetsk və Zaporoje vilayətlərinin sərhəd ərazilərində də müsbət nəticələr əldə edib. Ukraynalılar bu istiqamətdə Rusiyanın hava-desant diviziyasının bölmələrini darmadağın edərək, qarşı tərəfin Zaporojenin qərbindəki kritik nöqtələrdə yerləşməsinə mane olub.

 

ALMAN KƏŞFİYYATÇISINA RUSİYAYA CASUSLUQ İTTİHAMI IRƏLI SÜRÜLÜB

Almaniya Baş Prokurorluğu ötən il Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinərək saxlanılan Federal Kəşfiyyat Xidmətinin (BND) əməkdaşı Karsten L. və onun vasitəçisi Artur E-yə qarşı dövlətə xəyanət ittihamı irəli sürüb. Bu barədə ölkənin “Sueddeutsche Zeitung” qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, baş prokuror tərəfindən avqustun ortalarında Berlin Ali Məhkəməsində hər iki şəxsə qarşı ittiham irəli sürüb. Onlar ömürlük həbs cəzası ala bilərlər. Məxfi məlumatların çox olması səbəbindən məhkəmənin əsasən qapalı keçiriləcəyi gözlənilir.

Məlumata görə, Karsten L. 2022-ci il dekabrın sonunda saxlanılıb. Müstəntiqlərin fikrincə, o, Rusiya tərəfinə “HIMARS” reaktiv yaylım atəşi sistemlərinin və “IRIS-T” hava hücumundan müdafiə sistemlərinin Ukraynadakı mövqeləri barədə məlumatları çatdırmağa çalışıb.

 

BÖYÜK BRİTANİYA HÖKUMƏTI “VAQNER”I TERROR TƏŞKİLATI SİYAHISINA DAXİL EDƏCƏK

Böyük Britaniya hökuməti Rusiyanın “Vaqner” özəl hərbi şirkətini terror təşkilatları siyahısına daxil edəcək. “Report” agentliyinin xəbərinə görə, bu barədə krallığın daxili işlər naziri Suella Braverman məlumat verib.

Nazirin sözlərinə görə, “vaqnerçilər” terrorçudur və terror təşkilatı siyahısına salınması haqqında fərman bu faktı Böyük Britaniya qanunvericiliyində təsbit edəcək.

Suella Braverman həmçinin bildirib ki, “vaqnerçilər”in Ukrayna və Afrikadakı fəaliyyəti qlobal təhlükəsizliyə təhdid yaradır. Nazirin verəcəyi fərman tezliklə parlamentə təqdim edilməlidir.

Məlumata əsasən, əgər qanun qüvvəyə minərsə “Vaqner” özəl hərbi şirkətinə hər cür dəstək və ictimaiyyət tərəfindən bəyənilmək cinayət sayılacaq. Bu cür cinayətlərə görə maksimum cəza 14 il həbsdir.

Böyük Britaniyada müəyyən şəraitdə terror qruplaşmasının simvollarını istifadə etməyə və ya onun nümayişinə görə 5 min funt-sterlinqə qədər cərimə və ya altı ay həbs cəzası nəzərdə tutulub.

 

BU ÖLKƏDƏ MƏMURLARA “IPHONE”dan İSTİFADƏ QADAĞAN OLUNDU

Çində dövlət idarələrində çalışan məmurların iş üçün “iPhone” və ya digər “Apple” qurğularından istifadə etmələri və onları iş yerinə gətirmələri qadağan olunub. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Bildirilir ki, çinli məmurların “Apple” şirkətinin istehsalı olan məhsullarla yanaşı, bir sıra digər xarici markalara məxsus qurğulardan da istifadəsi qadağan edilib, lakin bu markaların adları açıqlanmayıb.

Verilən xəbərə görə, bu tədbirin Çinin xarici texnologiyalardan asılılığını azaltmaq və ölkədə kibertəhlükəsizliyi gücləndirmək məqsədilə görüldüyü vurğulanır.

Eyni zamanda, bu qadağanın Çin şirkətlərinə qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər görən ABŞ-a cavab tədbiri olduğu da bildirilir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.